AZ EN RU

Son 3 ay ərzində 470 ərizə daxil olub, müraciətlərin təxminən 75 faizi həllini tapıb

    Ölkəmizdə həyata keçirilən daşınmaz əmlak, torpaq islahatlarının əsas tərkib hissəsi kimi mülkiyyət hüquqlarının tanınması, toxunulmazlığı və qorunması prioritet məsələlərdəndir. Respublikamızın qanunvericilik aktlarında, tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə öz əksini tapan vətəndaşların bu sahədəki qanuni mənafelərinin müdafiəsi, hüquqları barədə insanların maariflənməsi olduqca vacibdir. Məhz bu baxımdan günümüzdə öz aktuallığını qoruyan sözügedən məsələ ilə bağlı oxucularımıza geniş məlumat vermək üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri İsa Allahverdiyevlə həmsöhbət olduq:

    – Xoş gördük, İsa müəllim, gəlin mövzumuzun preampulasından başlayaq. İstərdim, ilk olaraq daşınmaz əmlaka münasibətdə vətəndaşların mülkiyyət hüquqlarının tanınması və toxunulmazlığı barədə məlumat verəsiniz.
    – Xoş gördük, mülkiyyət, daşınmaz əmlaka münasibətdə mülkiyyət hüququnun əldə edilməsi, itirilməsi və pozulması halları Azərbaycan Respublikasının Konstitusiyasında, digər normativ-hüquqi aktlarında, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə geniş şəkildə öz əksini tapıb. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində Sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyamızın 13-cü maddəsində göstərildiyi kimi Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin 3 növü (dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti) mövcuddur. Eyni zamanda Konstitusiyanın 29-cu maddəsinin tələblərinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz və dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 
    – Vətəndaşlar onların mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün hansı hərəkətləri etməlidirlər? 
    – Mülki Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Naxçıvanda Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti) qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Qeyd olunan hüquqların dövlət qeydiyyatı üçün vətəndaşlar tələb olunan sənədlərlə birgə həmin orqana  müraciət edərək təyin edilmiş rüsumlarını ödəməklə mülkiyyət hüquqlarını təsdiq edən sənədləri əldə edə bilərlər. 
    – Bəs yerli icra hakimiyyətləri tərəfindən vətəndaşların mülkiyyət hüquqlarının təmin edilməsi və bununla bağlı vətəndaş müraciətlərinin qeydə alınması hansı formada tənzimlənir? 
    – Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və digər normativ-hüquqi aktların tələblərini rəhbər tutaraq mülkiyyətin qorunmasını, mülkiyyət hüququnun pozulmasının qarşısının alınmasını və vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən sənədləri əldə etmək üçün əsas verən inzibati aktların (müvafiq sərəncamlar, əmrlər və sair) qəbul edilməsini təmin edir və dövlət mülkiyyətində olan torpaq ehtiyatlarından səmərəli istifadə məqsədilə müvafiq tədbirlər görürlər. Vətəndaş müraciətlərinin təmin edilməsi isə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanununa uyğun formada həyata keçirilir. 
    – Vətəndaşların mülkiyyət hüquqlarının pozulmasının qarşısının alınması barədə qanunvericiliklə nəzərdə tutulan proseslərlə bağlı ətraflı məlumat verdiniz. Bəs Naxçıvan Şəhər İcra Hakimiyyətinin aid şöbəsinin bu sahədəki fəaliyyətini necə xarakterizə edərsiniz? Ötən dövrdə mülkiyyət hüquqları pozulmuş vətəndaşlardan daxil olan müraciətlərlə bağlı hansı işlər görülüb? 
    – Bəli, öncə qeyd etmək istərdim ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinə son dövrlərdə müxtəlif hüquq pozuntuları ilə bağlı vətəndaş müraciətləri artıb. Qeyd olunan müraciətlərin əksəriyyəti mülkiyyət hüquqları pozulmuş vətəndaşlarla bağlıdır və onların bir çoxunun işi aidiyyəti üzrə məhkəmə qaydasında həllini tapır. Mülkiyyət hüququ pozulmuş vətəndaşlar əvvəlcə tələb olunan sənədlər əsasında İcra Hakimiyyətində qeydiyyata alınır və daha sonra məhkəməyə müraciət etmələri ilə bağlı onlara ətraflı məlumat verilir. Çox təəssüf hissi ilə bildirmək istərdim ki, hazırda mülkiyyət hüquqlarının pozulması ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia tələbi irəli sürmüş vətəndaşların daşınmaz əmlak obyektləri, təxminən, 2003-2015-ci illərdə qeyri-qanuni formada, məhkəmə qərarı olmadan sökülmüş və onlara qarşılığında hər hansısa kompensasiya ödənilməmişdir. Sevindirici hal budur ki, qeyd olunan məsələ ilə bağlı vətəndaşların pozulmuş hüquqlarının bərpa edilməsi və onlara dəymiş ziyanın qarşılanması üçün Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 17 avqust 2023-cü il tarixli Sərəncama əsasən İcra Hakimiyyətinin öz vəsaiti hesabına şəhərin müvafiq ərazilərindən həmin vətəndaşlara yaşayış və qeyri-yaşayış sahələri üçün torpaqlar ayrılıb. Əlavə olaraq qeyd etmək istərdim ki, son 3 ay ərzində Naxçıvan Şəhər İcra Hakimiyyətinə mülkiyyət hüququ pozulmuş vətəndaşlar tərəfindən 470 ərizə daxil olub, onlardan 255-i aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edib. Həmin 255 nəfər vətəndaşdan 156 nəfər Naxçıvan Şəhər İcra Hakimiyyətinin təklif etdiyi torpaq sahəsi ilə razılaşıb və onlardan 133 nəfərin hüquqları dövlət qeydiyyatına alınması üçün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə göndərilib. Həmçinin məlumat üçün bildirim ki, daxil olan məhkəmə işlərinin 81-nə müvafiq məhkəmə tərəfindən rəsmi qaydada xitam verilib. Bu o deməkdir ki, mülkiyyət hüquqları pozulmuş vətəndaşlar tərəfindən daxil olmuş müraciətlərin, təxminən, 75 faizi həllini tapıb və digər məhkəmə prosesi davam edən vətəndaşlarla isə məsələlərin müsbət həlli üçün danışıqlar aparılır. Bununla paralel olaraq vətəndaşların pozulmuş hüquqlarının bərpasına dair hüquqi maarifçilik işlərinin artırılması, eyni zamanda vətəndaşlara dolğun, düzgün və qanunvericiliyin tələblərinə uyğun məlumatların verilməsi ilə əlaqədar İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
    – Suallarımızı ətraflı cavablandırdığınız üçün təşəkkür edirik!

 Nail ƏSGƏROV
 

Nəşr edilib : 17.11.2023 20:52