AZ EN RU

Somalinin naziri “ASAN xidmət”lə tanış olub

Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmed Moallim Fiqinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, sədr müavini Ceyhun Salmanov qonaqlara “ASAN xidmət”, eləcə də digər fəaliyyət istiqamətləri barədə məlumat verib.

Eyni zamanda, Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” proqramı çərçivəsində “Dünyanın ən qabaqcıl dövlət xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.

Görüş zamanı qonaqlara bildirilib ki, hazırda “ASAN xidmət” modelinin tətbiqi istiqamətində Afrikanın bir sıra ölkələri ilə uğurlu əməkdaşlıq həyata keçirilir.

Nazir “ASAN xidmət” təcrübəsinin onda yüksək təəssürat yaratdığını və öz ölkəsində tətbiqi ilə bağlı marağını ifadə edib.

Bundan əlavə, nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı” mərkəzinin və səyyar “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub.

Nəşr edilib : 26.07.2024 12:21