AZ EN RU

Solmaz Rüstəmova-Tohidi: “Cümhuriyyətimizin qurulması ilə başlanan, bu gün isə özünün çiçəklənən dövrünü yaşayan Azərbaycan xalqının azadlığı, müstəqilliyi tarixi nailiyyətdir, əbədidir...”

 “Şərq qapısı” qəzetinin bugünkü sayının qonağı muxtar respublikamıza əlamətdar bir tarixdə – Ümummilli Lider Heydər Əliyevin yüzillik yubileyi dövründə səfər edən tarixçi-alim, AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohididir. Qeyd edək ki, Solmaz xanım Azərbaycan, İran, Türkiyə, Qafqaz və yaxın Şərqin XIX-XX əsrlər siyasi, sosial tarixi, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti və 1918-ci il azərbaycanlıların soyqırımı tarixi üzrə tanınmış mütəxəssisdir, 26 elmi kitab və monoqrafiya, 80-dən artıq məqalənin müəllifidir. Elmi əsərləri Azərbaycan, Rusiya, İngiltərə, Hollandiya, Almaniya, İran, Türkiyə, Hindistan, Qazaxıstan və Özbəkistanda Azərbaycan, rus,ingilis, fars, türk, alman dillərində nəşr olunub. Müxtəlif ölkələrdə Azərbaycan və İran tarixinə dair kütləvi mühazirələrlə çıxış edir.  

   – Solmaz xanım, muxtar respublikamıza xoş gəlmisiniz. Belə əlamətdar bir tarixdə diyarımıza səfər etmək, düşünürəm ki, yaddaqalandır. Siz həm də yurdumuzun çoxəsrlik tarixinə bələd olan tədqiqatçısınız, Naxçıvan haqqında təəssüratlarınız, düşüncələriniz bizim üçün də, oxucularımız üçün də maraqlı olacaq.
        –  Çox sağ olun, təşəkkür edirəm. Əvvəla qeyd edim ki, bu mənim Naxçıvana artıq üçüncü səfərimdir. Hər səfərimdə də bu qədim diyarda fərqli ab-hava duyuram, təəssüratlarım genişlənir, dərinləşir. Məlumdur ki, Naxçıvan yalnız Azərbaycan deyil, həm də Yaxın Şərq coğrafiyasının qədim tarixə malik, bir çox cəhətdən əhəmiyyətli bölgələrindən biridir. Bu torpaqda qədim sivilizasiyanın nişanələri var. Sonrakı dövrlərdə də bir məmləkət olaraq Naxçıvanda dövlətçilik, iqtisadi və mədəni həyat müxtəlif parametrlərdə təcəssüm olunub.
    Naxçıvan diyarının son 2-3 əsrlik tarixinə nəzər salsaq, bu ərazilərdə böyük geosiyasi hadisələrin cərəyan etdiyini görərik. Xanlıqlar dövründən başlayaraq Azərbaycanın digər bölgələrində olduğu kimi, bu məntəqədə də yarıfeodal və yarımüstəqil dövlətçiliyin – Naxçıvan xanlığının əsasının qoyulması və onun tarixi,  XIX əsrin əvvəllərində rus-İran müharibələrinin gedişi, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanması ilə Azərbaycan torpaqları və xalqı üçün tamamilə yeni reallıqların meydana gəlməsi, təbii ki, bu hadisələri yaşayan Naxçıvan torpağı və əhalisinin taleyində də dərin izlər qoyub. Diyarın qanunauyğun inkişaf prosesi qırılıb, xalqın ənənəvi həyat tərzinə xarici müdaxilələr olub. Rus işğalı Azərbaycanın şimal xanlıqlarından fərqli olaraq daha gec ələ keçirdiyi İrəvan və Naxçıvan xanlıqlarının taleyində daha ağır rol oynayıb. 
    Amma bununla belə bütün bu mənfi proseslərin qarşılığında Naxçıvan özünə məxsusluğunu qoruyub saxlayıb, əhali geniş miqyasda öz əzəli yurdlarını tərk etməyib, müxtəlif vasitələrlə üzləşdiyi təzyiqlərə davam gətirib və nəticə bu gün göz qabağındadır. Tarixi sınaqlardan şərəflə çıxmış Naxçıvan torpağı və onun dözümlü, mübariz xalqı, hətta müasir dövrdə də üzləşdiyi çətinliklərə sinə gərir.  Hazırda blokada şəraitində yaşamasına, Azərbaycanın digər əraziləri ilə quru sərhədlərinin bağlanmasına, uzun illər düşmənlə üz-üzə dayanmasına baxmayaraq, Naxçıvan nəinki geriləmir, əksinə, inkişaf və tərəqqi yolunu qət edir. Naxçıvan barədə danışdıqda, təbii ki, bu torpaqda yetişmiş böyük şəxsiyyətlərin adını çəkməmək olmaz. Ötən gün diaspor gənclərinə etdiyim çıxışımda da mən bu məqama toxundum. Belə ki,  XIX əsrin sonları – XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda maarifçilik hərəkatı, etnik və milli kimlik şüurun oyanması, Azərbaycan mətbuatının təşəkkülü, “Azərbaycan” adının Cənubi Qafqaz bölgəsində möhkəmlənməsi, burada yaşayan türk-azərbaycanlı əhalisinin həyatında və daha geniş anlamda rus imperiyası idarəçiliyinin yeridilməsi sahəsində müstəsna rol oynamış tarixi şəxsiyyətlər arasında xeyli naxçıvanlı ziyalının adını çəkmək olar. Bu da həmin diyarda açıqfikirli insanların yetişməsi üçün münbit mühitin olduğunu göstərir. 
    – Solmaz xanım, fikrinizin davamı kimi qeyd etmək istərdim ki, XX əsrin ilk illərindən etibarən naxçıvanlı qələm sahibləri, maarifçilər xalqımızın rifahı yolunda böyük fədakarlıqla çalışmışlar. Məhəmməd ağa Şahtaxtlının “Şərqi-rus”u, Mirzə Cəlilin “Molla Nəsrəddin”i, “Anamın kitabı” tragediyası, Hüseyn Cavidin “Şeyx Sənan”ı, “İblis”i və daha neçə-neçə böyük əsərlər cəmiyyət həyatında hadisəyə çevrilmişdir. Elə götürək həmin illərin ən dəyərli əsərlərindən olan Məmməd Səid Ordubadinin “Qanlı sənələr” toplusunu...
    – Bu sırada ilk olaraq Məhəmməd ağa Şahtaxtlının adı xüsusi vurğulanmalıdır. Belə ki, hələ XIX əsrin son onilliyində bu işıqlı şəxsiyyət “Kəşkül”, “Ziyayi-Qafqaziyyə”, “Kaspi” qəzetlərində ilk dəfə türk, azərbaycanlı kimlik məsələlərini gündəmə gətirib, rus məmuriyyəti və mətbuatı tərəfindən Qafqazın müsəlman əhalisinin və dilinin “tatar” adlandırılmasına etiraz edərək “Azərbaycan türkü”, “Türk-Azərbaycan dili” ifadələrinin işlənilməsini tələb edib. Bununla belə bu işıqlı şəxsiyyət 1891-ci ildə bağlanan “Kəşkül” qəzetindən sonra 14 il müddətində Azərbaycan dilində qəzet buraxmaq üçün inadla rus hökumətindən icazə istəyib, Rusiya canişinliyindəki yüksək mənsəbli məmurunun onun bu cəhdlərinə verdiyi cavabı isə təbii ki, ürəkaçan olmayıb. Halbuki sözügedən tarixdə, Azərbaycan dilində mətbuata icazə verilmədiyi həmin 14 il ərzində Cənubi Qafqazda erməni və gürcü dillərində 19 adda qəzet-jurnal çıxırdı. Son nəticədə, məhz Məhəmməd ağa Şahtaxtlı 1903-cü ildə “Şərqi-rus” adında Azərbaycan dilində qəzet nəşrinə nail olub.
    O ki qaldı bayaq adını çəkdiyiniz Məmməd Səid Ordubadiyə, düşünürəm ki, bu tanınmış ədəbiyyatçı, yazıçı, ictimai və dövlət xadimi əgər sonrakı əsərlərini heç yazmasaydı belə 1911-ci ildə nəşr etdirdiyi “Qanlı sənələr” (“Qanlı illər”) adlı kitabı ilə artıq adını tarixə yazmış olacaqdı. Belə ki, 1905-1906-cı illər Cənubi Qafqazda ermənilərin  müsəlman əhalisinə qarşı ilk silahlı hücumlar  – tarixə “erməni-müsəlman münaqişəsi” kimi düşmüş və Cənubi Qafqazın bütün böyük şəhərlərini və qəzalarını əhatə etmişdir. Bu qanlı faciələrin tarixi salnaməsini yazmaq məhz Ordubadiyə qismət olmuşdur. Əhatə dairəsinə, düşmənçilik həddinə, verilən qurbanların, yandırılan, məhv edilən kəndlərin, təsərrüfatların sayına görə görünməmiş miqyas almış bu qanlı hadisələrdən hədsiz narahat olmuş Azərbaycanın işıqlı insanları bu acı tarixin bir daha təkrar olunmaması üçün onu sənədləşdirməyi qərara almış, bu işi görmək o vaxt artıq tanınmış yazar olan Ordubadiyə tapşırılmış və  milyonçu Murtuza Muxtarovun vəsaiti ilə 1911-ci ildə “Qanlı sənələr” adlı ilk sənədlər toplusu meydana gəlmişdir. Maraqlıdır ki, Ordubadi mətbuat vasitəsilə xalqa müraciəti sayəsində silahlı toqquşmaya məruz qalmış bütün bölgələrdən topladığı sənədləri sistemləşdirməklə kifayətlənməmiş, bu kitaba yazdığı “Ön söz”də  həmin hadisələrə çox düzgün siyasi qiymət vermiş, əsas günahkarların – ilk növbədə, terrorçu erməni “Daşnaksutyun” partiyasının adını çəkmişdir. Bu mühüm məqam onu göstərir ki, hələ o vaxtlar erməni terrorizminin baş qaldırdığı ilkin dövrdə azərbaycanlı ziyalılar və ictimai xadimlər hadisələrin kökünü görürlərmiş. 
    – Solmaz xanım, adını çəkdiyimiz kitab yalnız erməni qəsbkarlarının azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktlarının, faciələrin təsdiqi deyil. “Qanlı sənələr” həm də keçmişdən bu günümüzə tutulmuş bir həqiqət güzgüsüdür. Belə bir kitabın hazırlanmasının məhz Ordubadiyə tapşırılması isə maraqlı faktdır…
    – Sözügedən illərdə Məmməd Səid Ordubadi artıq xeyli tanınmış yazar və ictimai fəaliyyəti olan şəxs idi. Onun dövri mətbuatda az qala hər gün, bəzən müxtəlif mətbu orqanlarda gündə bir neçə məqaləsi, şeiri, ədəbi-tənqidi yazıları, felyetonları çap olunurdu. Ordubad yurdunun bu yetişməsi, gələcəyin görkəmli yazıçısı, tarixi romanlar müəllifi  həm də “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndəsi idi. Bu jurnalın və digər nüfuzlu qəzet və jurnalların səhifələrində  mükəmməl bir məktəb keçmiş, heç də bütün yazarlara məxsus olmayan publisistika janrının incəliklərinə yiyələnmişdi. Nəticədə, mətbuatı, jurnalistikanı yaxından duyduğu üçün sonrakı  nəsr əsərlərində publisistika əlamətləri bədiiliklə üzvi surətdə qaynayıb qarışırdı... “Qanlı sənələr” kitabı isə Məmməd Səid Ordubadi yaradıcılığında xüsusi mövqe tutur, belə ki, bu əsər həm də dövrün hadisələrinə dair ilkin tarixi mənbə rolunu oynayır. Kitabda sadalanan faktların fonunda çox mühüm siyasi hadisələrin dərin qatları açılır. Hələ 100 ildən artıq davam edəcək və indiyədək bitməmiş ağır, faciəli keşməkeşli hadisələrin arxasında dayanan bir toplumun adı – erməni işğalçıları və  məqsədi – Azərbaycana qarşı qaldırılmış torpaq iddiaları açıqlanır.
    – Solmaz xanım, səmimi etiraf etmək lazımdır ki, bu faciələrin baş verməsində mühitin də böyük təsiri olub. Əlbəttə, xurafatın, savadsızlığın, cəhalətin baş alıb getdiyi bir mühitdə, maarifçilərimizin zəhmətinin qarşılığının təhqirlə verildiyi bir cəmiyyətdə bu cür hadisələrin baş verməsinin qaçınılmaz olması mümkün idi...
    – Bilirsiniz, Ordubadi, həqiqətən, bu qanlı hadisələrin baş verməsi səbəblərindən biri kimi müsəlman əhalisinin geriliyini, hadisələrə hazır olmadığını, cəhalət və nadanlıq içində boğulduğunu göstərir. Lakin bütün bu halların da öz səbəbləri və kökləri vardı. XIX əsrin 30-cu illərindən başlayaraq artıq müstəmləkə xalqı statusunda yaşayan bir xalqın həm də tərkibində olduğu dövlətin mənsub olduğu dini və etnik – xristian-rus  kimliyindən tam fərqli bir toplumun üzləşdiyi məqsədyönlü təzyiq siyasəti, təbii ki, onun tez bir zamanda sivil inkişafını təmin edə bilməzdi. Bayaq dedik ki, azərbaycanlı əhaliyə sual edəndə ki, milliyyətin nədir, deyirdi müsəlmanam. “Azərbaycanlı” sözü o dövr, ümumən, gündəmdə yox idi və işlənmirdi, işlənə bilməzdi. Rus mütləqiyyətinin dəstəyi ilə müsəlman əhalinin yaşadığı ərazilərdə feodal quruluşuna xas idarəçiliyə, dini fanatizm və xurafata üstünlük verilir, fərqli, modern  dəyərlər yaxın buraxılmırdı. Rus hakimiyyəti, hətta yerli xalqın dini qurumlarını da dövlət idarəçiliyi sisteminə salmışdı, şeyxülislam və müfti vəzifələrindən tutmuş yerlərdə mollalara qədər təyinatlara rus çinovnikləri nəzarət edirdi. Dövri mətbuatda, xüsusilə Ömər Faiq Nemanzadənin publisistikasında və “Molla Nəsrəddin” jurnalında dövrün çətin, təlatümlü prosesləri ilə bağlı xeyli yazılar var. Həmin yazıları oxuduqca anlayırıq ki, maarifçilərimiz boyunlarına böyük bir yük götürərək, mənsub olduqları xalqı dünyanın inkişaf etmiş xalqlarına yaxınlaşdırmaq yolunda böyük fədakarlıq göstərirlər, bir sözlə, maarif nurunu, işığını gələcək nəsillərə ötürürlər. Və həmin gələcək işıqlı varislər Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətini yaradır. 
    – Solmaz xanım, diaspor gənclərinə etdiyiniz məruzənizin əsas tərkib hissəsi həm də bu il 100 illiyini qeyd etdiyimiz Heydər Əliyevin, Naxçıvan torpağının yetirdiyi bu böyük siyasət və dövlət adamının adı ilə bağlı idi. Bilirsiniz ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə cümhuriyyətin 80 illik yubileyinin, ardınca ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə cümhuriyyətin 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi böyük tarixi hadisə idi. Elə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyində bu mövzunu müzakirə etmək də, şübhəsiz ki, maraqlı olar... 
     – Görkəmli dövlət xadimi Heydər Əliyevin 1998-ci ildə cümhuriyyət dövlətinin 80 illiyinin keçirilməsinə dair verdiyi Fərman bu sahədə görülən işlərin yalnız bir hissəsi idi. Əslində, Azərbaycan dövlətçiliyi üçün yaranan çox təhlükəli bir zamanda hakimiyyətə qayıdan və bu dövlətçiliyi xilas edən dahi siyasətçi Heydər Əliyev həmin təlatümlü zamanda müasir Azərbaycan Respublikasını Cümhuriyyətin varisi elan etməklə  Azərbaycanda dövlətçiliyin varisliyi ənənəsinin əsasını qoydu. Eləcə də cümhuriyyətin milli ideologiyası olan Azərbaycançılıq ideologiyasına yeni siyasi məzmun – Azərbaycanda yaşayan bütün millətlərin və xalqların Vətəni məzmunu verməklə onu dövlət siyasətinə çevirdi. Heydər Əliyevin bu sahədə atdığı daha bir mühüm addım – dövlətçiliyin əsas atributu – Azərbaycan dilinin dövlət dili kimi statusu haqqında verdiyi Sərəncam da son dərəcə böyük tarixi əhəmiyyətə malik idi. Belə ki, o dövrdə bir sıra ədəbiyyat xadimləri dövlət dilinin “Türk dili” adlandırılması təklifi ilə çıxış edirdilər. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan adlı dövlətin dilinin də Azərbaycan adlandırılması məsələsində söykəndiyi məntiq və göstərdiyi qətiyyət onun, həqiqətən, çox böyük və güclü dövlət siyasətçisi olmasının daha bir təsdiqidir. Bu sahədə misalların sayını xeyli artırmaq olar. Elə götürək milli kadr potensialının möhkəmlənməsi sahəsində minlərlə azərbaycanlı gəncinin SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi, milli ordunun olmadığı şəraitdə 1971-ci ildə indiki Heydər Əliyev adına Hərbi Liseyinin yaradılması 2000-dən çox gəncin SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə göndərilməsi, Azərbaycanın üzərindən milliyyətçilik damğasının götürülməsi üçün beynəlxalq aləmdə onun elm, mədəniyyət mərkəzi kimi imicinin yaradılması, Bakıda müxtəlif elmi sahələrdə beynəlxalq və ümumittifaq məclislərinin, mötəbər konfransların, konqres və simpoziumların təşkili faktlarını. Daha sonra milli təəssübkeşliyin nümunəsi kimi “millətçi” damğası vurulmuş Mirzə İbrahimovun 1977-ci ildə Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri seçilməsinə nail olunması, Ziya Bünyadovun erməni tarixçiləri tərəfindən kəskin tənqid edilən “Azərbaycan Atabəylər dövləti” kitabına dövlət mükafatının verilməsi və Ziya Bünyadovun AMEA-nın həqiqi üzvü – akademiki seçilməsi; Azərbaycanın milli tarixinin, dəyərlərinin, adların, abidələrin bərpası və qorunması, Kirovabad şəhərində yeni yaradılan inzibati rayonların “Gəncə” və “Kəpəz” adlandırılması, Bakıdakı İçərişəhərə, Ordubad və Şuşa şəhərlərinin tarixi məhəllələrinə “memarlıq qoruqları” statusu verilməsi, bütün rayonlarda və şəhərlərdə tarix-diyarşünaslıq muzeylərinin yaradılması  və digər xidmətləri buraya aid edə bilərik. 
    – Ümummilli Lider Heydər Əliyevin hələ sovet hakimiyyətinin tüğyan etdiyi bir zamanda xalqımız üçün, Vətənimiz Azərbaycan üçün gördüyü işlərin, xidmətlərin sayı, həqiqətən, çox olub. Buna gözəl nümunələr gətirdiniz. Bəs erməni işğalçılarının ərazi iddialarına qarşı tutarlı cavabların verilməsi, 20 Yanvar hadisələrinə etiraz edilməsi və daha neçə-neçə hadisələr... Gəlin son olaraq bu mövzuya da toxunaq.
    – Artıq qeyd edildi ki, sovet hakimiyyətinin mövcud olduğu illərdə bütün milli proseslərdən əvvəl Azərbaycançılıq ideologiyasının qorunması, yaşadılması, onun böyük müdrikliklə, hakimiyyətin gözündən uzaqda təbliğ edilməsi böyük siyasət tələb edirdi. Və belə bir şəraitdə sözügedən missiyanı böyük siyasi xadim Heydər Əliyev son dərəcə məharətlə həyata keçirib. Təsadüfi deyil ki, 1987-ci ildə – Dağlıq Qarabağ münaqişəsinin başlanması ərəfəsində məqsədyönlü şəkildə tutduğu vəzifələrdən kənarlaşdırıldıqdan sonra da O, Azərbaycanın maraqlarından çıxış edib. 20 yanvar 1990-cı il Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciəyə etiraz olaraq ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək buradakı çıxışında Sovet rəhbərliyinin Qarabağ münaqişəsinə münasibətdə ikiüzlü siyasətini kəskin tənqid etmək həmin dövr xüsusi cəsarət tələb edirdi. Bir məqamı da vurğulamaq istərdim ki, O, Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpasına məhz Naxçıvanda başlayıb. 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR parlamentinin sessiyasında muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin götürülməsi, Azərbaycan Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının Dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında vəsatət qaldırılması, muxtar respublikanın ali qanunverici orqanının Ali Məclis adlandırılması, SSRİ-nin saxlanılması üçün Ümumittifaq referendumunda iştiraka etiraz və Naxçıvanın “Ümid körpüsü” bilavasitə bu böyük siyasətçinin təşəbbüsləri və qətiyyətli mövqeyi ilə bağlıdır. Elə sözümü də Onun bir fikri ilə bitirmək istərdim: “Hakimiyyətə, iqtidarlara və onların fəaliyyətinə müxalifətdə durmaq olar. Lakin dövlətə, dövlətçiliyə, milli birliyə, Vətənin, xalqın ümumi marağını ehtiva edən Azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə, milli məsləkə, milli dilə, milli varlığa heç zaman müxalifətdə durmaq olmaz”.  
     – Maraqlı müsahibə üçün çox sağ olun, Solmaz xanım, böyük bir tarixi yola nəzər saldınız. Həqiqətən, cümhuriyyətimizin qurulması ilə başlanan, bu gün isə özünün çiçəklənən dövrünü yaşayan Azərbaycan xalqının azadlığı, müstəqilliyi tarixi nailiyyətdir, əbədidir, həmişəyaşardır... Naxçıvanda sizi bir daha görmək ümidi ilə...

 Məcid RƏŞADƏTOĞLU
 

 

Nəşr edilib : 19.08.2023 11:26