AZ EN RU

“Snowfest” - qış nağılının rəngarəng personajları

Naxçıvanda bu il 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı möhtəşəm və fərqli bir ab-hava ilə qeyd edilir. Nağıllarda olduğu kimi biri vardı, biri yoxdu, deyib biz də bu nağıllar dünyasına üz tutduq. İlin sonuna sayılı günlər qalan bu müddətdə, şəhərin mərkəzi sanki nağıllar aləmini özündə yaşadır. Bəzədilmiş böyük şam ağacının ətrafına toplaşan, böyükdən-kiçiyə hər kəsin sevimlisi olan nağıl personajları özlərinəməxsus şən, ürəkaçan  zarafatları ilə bu ünvana üz tutan şəhər sakinləri və qonaqlara xoş bir ovqat bəxş edirlər. Bizim də marağımızı çəkən ən çox bu əyləncəli personajlar oldu.  Balacaların sevimli qəhrəmanları ilə görüşü, sözün əsl mənasında, nağıllar aləminə səyahətdir. Bunu onlarla olan söhbətimiz də təsdiq etdi. Hər kəsin bir-biri ilə mehribancasına bayramlaşması, orada keçirdiyi anları xoş ovqatla dəyərləndirərək fotolara həkk etmələri bu maraqlı aləmdə uşaqların necə xoşbəxt olduqlarını göstərir. Qış nağılının əsas qəhrəmanları olan Şaxta baba və Qar qızla görüşərək arzularını bildirmək, qarşıdan gələn yeni ilə olan böyük bir inamın təcəssümüdür. Bayram əhvali-ruhiyəli nağıllar aləminə üz tutan hər  kəs xoş arzulu, ümid işıqlıdır.

Xeyli gəzib əyləndikdən sonra, göydən üç alma düşdü, deyə maraqla dinlədiyimiz nağılların sonluğundakı  kimi, Naxçıvan şəhərində yaradılmış nağıllar aləmində arzularımızın çin olacağına inanırıq. İnanırıq ki, qarşıdan gələn yeni ildə Ordubaddan Zəngəzura açılacaq böyük dəhlizdə həmrəylik sədalı addım səslərimiz eşidiləcək.

                                                                 Aidə İBRAHİMOVA

Nəşr edilib : 30.12.2023 12:18