AZ EN RU

ŞKTR Prezidenti Azərbaycan və Türkiyənin ombudsmanlarını qəbul edib

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar mayın 21-də Lefkoşada səfərdə olan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Türkiyə Respublikasının baş ombudsmanı Şeref Malkoçu qəbul edib.

İki qardaş ölkənin ombudsmanları Lefkoşaya ŞKTR ombudsmanı İlkan Varolun dəvəti ilə səfər edirlər.

Türkiyənin Lefkoşadakı səfiri Metin Feyzioğlunun da iştirak etdiyi qəbulda ŞKTR-in maraqları naminə türk dövlətlərinin qarşılıqlı fəaliyyətinin rolu vurğulanıb.

Ersin Tatar əmin olduğunu bildirib ki, dost ölkələrin dəstəyi sayəsində və Türk Dövlətləri Təşkilatının platforması əsasında Kipr türkləri barədə həqiqətlər ilə bağlı dünya ictimaiyyətini daha dolğun məlumatlandırmaq və onların hüquqlarını təmin etmək mümkün olacaq.

ŞKTR-in lideri həm dövlət rəsmiləri, həm də parlamentlər, ombudsman təsisatları və digər təşkilatlar səviyyəsində qarşılıqlı təmasların vacibliyinə diqqət çəkib.

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva türk xalqlarının yolunun dövlətlərin mövqelərinin birliyindən keçdiyini vurğulayıb. O, Kipr türk xalqının üzləşdiyi bütün problemlərin tezliklə öz həllini tapacağına ümid etdiyini bildirib.

S.Əliyevanın sözlərinə görə, Azərbaycanın ombudsman təsisatının bu il keçiriləcək tədbirlərində ŞKTR nümayəndə heyəti də təmsil olunacaq.

Türkiyənin baş ombudsmanı Şeref Malkoç da Kipr türklərinə dəstəyini ifadə edib. “Əminəm ki, ŞKTR tezliklə bütün beynəlxalq hüquq normalarına uyğun olaraq dünya dövlətləri arasında öz layiqli yerini tutacaq”, - deyə o vurğulayıb.

Lefkoşada Azərbaycan və Türkiyə ombudsmanlarının ŞKTR parlamentinin sədri Zorlu Töre və Baş nazir Ünal Üstel ilə görüşü də planlaşdırılır.

Bundan əlavə, Türkiyə, ŞKTR və Azərbaycan ombudsmanlarının üçtərəfli görüşü keçiriləcək.

Nəşr edilib : 21.05.2024 15:08