AZ EN RU

ŞKTR-in maliyyə naziri Azərbaycanla əlaqələrin inkişafını alqışlayıb

Şimali Kipr Türk Respublikası (ŞKTR) qardaş Azərbaycanın Bakı ilə Lefkoşa arasında əlaqələrin gücləndirilməsi istiqamətində atdığı addımları alqışlayır. Məqsədimiz bütün türk dövlətləri ilə əlaqələri, o cümlədən hüquq və mediasiya sahəsində əməkdaşlığı inkişaf etdirməkdir.

Bunu ŞKTR-in maliyyə naziri Özdemir Berova Azərbaycan Mediasiya Şurası nümayəndələrinin də daxil olduğu Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti ilə görüşündə deyib.

Maliyyə Nazirliyinin rəhbəri Azərbaycan Milli Məclisinin ŞKTR ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması barədə qərarını yüksək qiymətləndirib və Lefkoşanın Bakı ilə əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayıb. Biz “Bir millət, üç dövlət” kəlamının ruhuna uyğun şəkildə hərəkət edirik”, -deyə Berova bildirib.

ŞKTR-in maliyyə naziri Türk Dünyası Mediatorlar Birliyinin Kiprin Türk Cümhuriyyətinin qurucusu və birinci Prezidenti Rauf Denktaşın adına Beynəlxalq Mediasiya İnstitutunun yaradılması təşəbbüsünü tam dəstəklədiyini bəyan edib.

Onun sözlərinə görə, türk dövlətlərinin hüquqşünasları və mediatorları arasında qarşılıqlı əlaqə Türk dünyasında məhkəmə-hüquq sahəsində ortaq standartların formalaşdırılmasına imkan verəcək.

Qeyd edək ki, Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti Lefkoşaya səfər çərçivəsində ŞKTR Prezidentinin müşaviri Okan Donangil, Ali Məhkəmənin sədri Bertan Özerdağ və baş prokuror Sarper Altınok tərəfindən qəbul edilib. ŞKTR-in insan hüquqları üzrə müvəkkili İlkan Varol ilə də görüş keçirilib.

Nəşr edilib : 02.07.2024 11:08