AZ EN RU

Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib...

Onlar Azərbaycandan uzaqlarda da Azərbaycanla həmrəydirlər

    Söhbətimizə bir qədər əvvəllərdən başlamaq istəyirəm. 2019-cu ilin yay ayları idi. İş otağımdakı telefon zəng çaldı. Dəstəyi götürdüm. Tanış olmayan bir səs salam verib əhvalımı soruşdu.  
    – Sağ olun, – deyib bir qədər gözlədim. 
    – Müəllim, mənəm, Vüqar Süleymanov, Hüseyn müəllimin oğlu... Yanınıza gəlmək, sizi görmək istəyirəm. 
    – Gəlin deyib, – telefonun dəstəyini yerə qoyduqdan sonra xəyal məni neçə il əvvəllərə qaytardı. Ordubad rayonunun Aza kənd tam orta məktəbində direktor müavini vəzifəsində  işləyirdim. Vüqargilin  ailəsi Aza kəndinə Ordubad rayonunun ucqar dağ kəndi Tividən köçmüşdü. Atası Hüseyn müəllim məktəbə ibtidai sinif müəllimi təyin olunmuşdu. Dərslər 1-2 ay idi ki, başlamışdı. Elə bu müddət ərzində Vüqar özünü müəllimlərə sevdirməyi bacarmışdı. Bütün fənlərdən yaxşı qiymətlər alırdı. Məktəbin keçirdiyi tədbirlərdə fəallıq göstərir, müxtəlif səviyyədə təşkil olunan fənn olimpiadalarında yüksək nəticələr qazanırdı. Maraqlı orası idi ki, onda bütün fənlərə güclü maraq vardı. Bunu isə hər bir şagirddə görmək olmaz. Bir dəfə Hüseyn müəllimlə söhbətimiz bu barədə oldu. O vaxt Vüqar 6, ya 7-ci sinifdə təhsil alırdı. Ancaq hansı ixtisası seçəcəyini atasına da deməmişdi. Hüseyn müəllimin o vaxt mənə dediyi sözləri indi də yaxşı xatırlayıram: 
    – Bütün fənləri eyni səviyyədə oxuyur və mənimsəyir. Bundan sonra keçir mütaliəyə. Kitabdan ayıra, qəlbinə dəyə bilmirəm. Düzünü deyim ki, bəzən ehtiyac olmayan bir işin dalınca göndərirəm...
    Sonra Vüqarla bu barədə dəfələrlə söhbətim oldu. Seçimini isə səkkizinci sinifdə oxuyarkən bildik: həkim olmaq arzusundadır. Səkkizinci sinfi bitirdikdən sonra Bakı şəhərindəki kimya-biologiya təmayüllü internat məktəbə qəbul olundu. Bu məktəbdən də tez-tez onun xoş sədasını eşidirdik. Yadımdadır ki, təmayüllü məktəbdə oxuduğu illərdə 3 dəfə fənn olimpiadalarının respublika turunda kimya fənni üzrə 1-ci yerə sahib çıxmışdı. 1988-ci ildə Vüqar Süleymanov Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil oldu. 1994-cü ildə Cərrah ixtisası ilə ali məktəbi bitirdi. Fərqlənmə diplomu ilə. Bir il  internaturada təhsil aldı. Onu da deyim ki, Vüqar institutda oxuduğu illərdə ikiillik ingilis dili kurslarını da bitirməyi bacarıb. 
    İnstitutu bitirdikdən sonra 3 il Bakının Kürdəxanı və Pirşağı həkim ambulatoriyalarında işləyib. Bu o dövr idi ki, Ümummilli Liderimiz Heydər Əliyevin Səudiyyə Ərəbistanı ilə imzaladığı müqaviləyə əsasən gənc həkim kadrlarının həmin dövlətdə işləməsi üçün oranın Səhiyyə Nazirliyindən gəlmiş nümayəndə heyəti müsabiqə keçirir, müsabiqədə fərqlənənlər Səudiyyə Ərəbistanında işləmək hüququ qazanırdılar. 1996-cı ildə keçirilən müsabiqənin nəticələri 1998-ci ildə bəlli olur. Vüqar Süleymanov həmin ilin iyun ayında Səudiyyə Ərəbistanına yola düşür. Şərq əyalətinin Gübail Şəhərin Mərkəzi Xəstəxanasında əmək fəaliyyətinə başlayır. Dörd il burada çalışır. Bu ölkənin qanunlarına əsasən bir müddət rezident kimi fəaliyyət göstərir. Sonra mütəxəssis və nəhayət, konsultant dərəcəsinə layiq görülür. Bu illərdə ciddi elmi işlə məşğul olur. 2002-ci ilin iyununda Böyük Britaniyanın Edinburq şəhərində Kral Cərrahlıq Akademiyasında “Yanıqların rekonstruktiv cərrahiyyəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Vüqar Süleymanovun elmi rəhbəri, professor Devin Duraess və opponentləri Corc Sen və Pradipa Duttanın dissertasiya haqqında verdiyi rəylərə baxıram. Açıq-aşkar köksüm fərəhdən qabarır. Devin Duraess yazır: “Mövzu çox az araşdırılmış, tədqiq edilmiş  bir sahə olduğu üçün düşünürdüm ki, dissertantımın çətinlikləri çox olacaq. Onun bu ciddi və xeyli axtarış tələb edən  mövzunun öhdəsindən gələ biləcəyinə inamım çox az idi. Bir qədər sonra fikrimdə yanıldığımı gördüm. Başa düşdüm ki, Vüqar Süleymanov özünə qarşı həddindən artıq tələbkardır. Onun əsl elm adamı olacağına inandım. Vüqar bu inamı yüksək səviyyədə doğrultdu. Düşünürəm ki, bundan sonrakı tədqiqatçılıq fəaliyyətində o öz bilik və tədqiqatçılıq qabiliyyətini dəfələrlə ortaya qoya biləcək”. 
    2012-ci ildən 2016-cı ilədək Kanadanın Kvebek əyalətinin Qranvi şəhər xəstəxanasında cərrah kimi çalışıb. Burada xeyli təcrübə toplayıb. Bu illərdə elmi tədqiqatlarını da davam etdirib. Yuxusuz gecələr, müxtəlif elmi kitablar, təcrübələr, polemikalar onun yolyoldaşı olub. Müxtəlif çətinliklərə sinə gərib. Elmin daşlı-kəsəkli yolları onu yora bilməyib. Bu yolun sonunun uğurla nəticələnəcəyinə inanıb. 
    Vüqarın elmi rəhbərinin o vaxt dedikləri özünü doğruldub. O, “Zədələnmiş öd yollarının bərpası” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Bir müddət Kanadanın Ontario əyalətinin Toronto şəhərinin Seyt-Maykl xəstəxanasında baş elmi işçi vəzifəsində çalışıb. Vüqar Süleymanov travma üzrə təlimatçı kimi 2012-ci ildən dünyanın müxtəlif ölkələrinə dəvət olunaraq mühazirələr, seminarlar aparır. 
    Müxtəlif elmi konfrans və simpoziumlarda iştirakı bu gənc alimin yüksək elmi dairələrdə tanınmasına şərait yaradıb. Onun cərrahiyyənin ən aktual problemləri ilə bağlı Fransada, İngiltərədə, Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində, Kanadada və başqa ölkələrin nüfuzlu elmi tədbirlərində çıxışları maraqla qarşılanıb.
    Vüqar Süleymanov müntəzəm olaraq dünyanın səhiyyə mətbuatında maraqlı elmi yazıları ilə çıxışlar edir. Onun Amerika Birləşmiş Ştatlarının “Cərrahlıq arxivləri”,  Böyük Britaniyanın “Cərrahlıq” və “Tibb”, Səudiyyə Ərəbistanının “Səudi tibb” və başqa jurnallarda “Xolesistektomiyadan sonra öd yollarında qalan daşların müalicəsi”, “Mezotelyomanın qasıq nahiyəsinin şişi şəklində təzahürü”, “Laparoskopik əməliyyatdan sonra peritonönü yırtıqların ilkin diaqnozu”, “Öd yolları zədələnmələrində ilkin bərpanın gecikmiş bərpadan üstünlüyü” adlı yazıları dünya tibb elminə töhfə kimi dəyərləndirilib. 
    ...O vaxt Vüqar Süleymanovla ata həyətindəki söhbətimizdə Vüqar həyatda qazandığı bütün uğurlar üçün Ulu Öndər Heydər Əliyevə borclu olduğunu bildirdi. Dahi rəhbərin onun kimi yüzlərlə gəncin gələcək karyerasını yüksək səviyyədə təşkil etməsində rolunu yüksək qiymətləndirdi. Ölkəmizdə onun müəyyənləşdirdiyi inkişaf strategiyasına böyük sədaqət və ehtiram göstərilməsinin təbii olduğunu dilə gətirdi. Vüqar Ümummilli Liderimiz Heydər Əliyevin xeyir-duası ilə dünyanın müxtəlif dövlətlərində fəaliyyət göstərən həmin gənclərin Azərbaycanı Azərbaycandan kənarda tanıtmaq üçün yaratdıqları diaspor təşkilatlarının fəaliyyətindən də danışdı.
    ...Bu günlərdə keçmiş şagirdim, öz fəaliyyəti ilə onu tanıyan bütün azərbaycanlılar kimi qürur duyduğum Vüqarla telefon əlaqəsi saxladım. Xeyli söhbət etdik. Vaxtilə sıravi həkim kimi fəaliyyət göstərdiyi Səudiyyə Ərəbistanının Şərq əyalətində yerləşən Gübail Şəhər Mərkəzi Xəstəxanasında şöbə müdiri vəzifəsində çalışan Vüqar bildirdi ki, doğma Vətəndən min kilometrlərlə uzaqda olsa da, tez-tez Azərbaycanla əlaqə saxlayır:
    – Ölkəmizdə son illərin ictimai-siyasi proseslərini burada yaşayan azərbaycanlılar da daim izləyirlər. Birləşdiyimiz diaspor təşkilatı bu hadisələri izləməklə Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Ölkə başçısının həyata keçirdiyi siyasi kursun Azərbaycanın sabahına ünvanlanması, 30 il düşmən tapdağında qalan torpaqların beynəlxalq hüquq normaları çərçivəsində geri alınması, 2020-ci ilin sentyabr ayında başlanan və ordumuzun böyük qələbəsi ilə başa çatan müharibə diaspor üzvlərinin hər birinə böyük sevinc hissləri yaşadır. Həmyerlilərimiz bir neçə gün qələbəmizi bayram etdilər. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərinin həyata keçirilməsi, müharibədən ötən dövr ərzində Qarabağda və işğaldan azad edilmiş digər rayonlarımızda böyükmiqyaslı tikinti-quruculuq işlərinə start verilməsi, vaxtilə Qarabağdan – doğma ev-eşiklərindən didərgin salınmış həmyerlilərimizin yurd-yuvalarına qayıtması, burada müxtəlif beynəlxalq mədəni tədbirlərin təşkili, ölkə Prezidentinin geri qaytarılmış torpaqlarımıza səfərləri Azərbaycanın iqtisadi gücünü bütün dünyaya nümayiş etdirməkdədir. Bu güc həm də verilən tapşırığı vaxtında yerinə yetirməyə qabil olan ordumuzun formalaşdırılmasında başlıca amillərdən biri olub. Təbii ki, biz də fəaliyyət göstərdiyimiz xarici ölkələrdə bütün bunlarla qürur duyuruq. Qürur duyuruq ki, Ulu Öndərin böyük səyləri hesabına əldə edilmiş müstəqilliyimiz xalqımızın dahi oğlunun siyasi xəttinin davamçısı cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti hesabına bu gün qorunur və inkişaf etdirilir.
    Vüqar Naxçıvanın da bugünkü həyatından xəbərdardır: – Ölkə başçısının bu qədim diyara davamlı diqqət və qayğısının nəticəsi kimi Naxçıvanda yeni idarəetmə institutunun yaradılması, ötən dövrdə burada məqsədyönlü islahatlara başlanılması Naxçıvanın sabahkı xoş günlərindən soraq verir.
    Vüqar Süleymanov deyir ki, cənab İlham Əliyevin Naxçıvanda yeni idarəetmə institutu yaratması ölkə başçısının Şərqin qapısına növbəti qayğısının təzahürüdür. Respublika Prezidentinin  muxtar respublikamızın 2023-2027-ci illəri əhatə edən sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını imzalaması Naxçıvanın daha güclü inkişafını təmin edəcək. Burada daim izlədiyimiz Azərbaycan və Türkiyə əlaqələrinin yüksək səviyyədə olması da bizi ürəkdən sevindirir. Sentyabr ayında məhz Naxçıvanda hər iki ölkə rəhbərinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasiminin keçirilməsi, Qars-Naxçıvan dəmir yolu layihəsinə dair protokol imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı söhbətlər aparması, Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı bütün dünya azərbaycanlılarını sevindirdi. 

    ...Vüqarla xeyli davam edən söhbətimizdə bir daha əmin oldum ki, görkəmli dövlət xadimi Heydər Əliyevin qurduğu Azərbaycanın dövlətimizə, dövlətçiliyimizə, müstəqilliyimizə qəlbən bağlı olan vətəndaşları (bu sırada gənclərin çoxluğunu vurğulamağı lazım bilirəm) yaşadıqları və fəaliyyət göstərdikləri xarici ölkələrdə də öz həmrəylik duyğularını nümayiş etdirirlər; hər bir azərbaycanlının Prezidenti olmaq vədinə əməl edən cənab İlham Əliyevin ətrafında sıx birləşərək Ulu Öndərin: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan” – tövsiyəsini həyat və fəaliyyət proqramına çeviriblər.

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 04.12.2023 18:27