AZ EN RU

Siyasi səbrin və nəyi necə, nə vaxt etmək lazım olduğunu bilməyin təntənəsi

Dünən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Qarabağdakı Rusiya hərbi kontingentinin Azərbaycanı vaxtından əvvəl tərk etməsi ilə bağlı verdiyi açıqlama sosial mediada sürətlə tirajlanan, ölkə ictimaiyyətini həddən artıq sevindirən və fikrimcə,  həftənin hadisəsi sayıla biləcək informasiya idi. Sitat: “Sülhməramlıların ölkəmizdən çıxarılması hər iki ölkənin ali rəhbərliyinin qərarıdır”. Sitatın sonu.

44 günlük Vətən müharibəsinin bitməsini, düşmənin biabırçı məğlubiyyətini ifadə edən 10 noyabr 2020-ci tarixli məlum üçtəfli Bəyanatda nəzərdə tutulan bəndlərdən biri də bu idi ki, Qarabağda müvəqqəti olaraq - daha doğrusu, 2025-ci ilin may ayınadək sülhü və təhlükəsizliyi təmin etmək üçün Rusiya sülhməramlı qüvvələri yerləşdirilir. İndi sosial mediada yayılan görüntülərdən də aydın görürük ki, sülhməramlılar qüvvədə olan müddətin bitməsinə təxminən, 1 il 1 ay qalmış şələ-şülələrini yığıb Azərbaycanı asta-asta tərk edirlər. Artıq proses hər iki ölkənin Müdafiə nazirlikləri səviyyəsində icra edilir. Bəs biz bu siyasi mərhələyə necə gəlib çıxdıq və əmin-amanlığı təmin etmək üçün ötən 4 ildə Qarabağa ezam olunan rus hərbçilərin fəaliyyətini necə xatırlayacağıq?

Əvvəl-əvvəl sülhməramlıların müvəqqəti olaraq Qarabağ bölgəsinə yerləşdirilməsi hələ 2020-ci ildə ölkə ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmamışdı. Hətta bəzi qüvvələr var idi ki, biraz da irəli gedib bu siyasi təşəbbüsə Azərbaycanın Rusiya tərəfindən ilhaqı kimi baxırdılar. Bunu da əsas gətirirdilər ki, şimal qonşumuz tarixən bizə işğal obyekti gözü ilə baxıb. Gülüstan və Türkmənçay sülh müqavilələri, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq siyasi fəaliyyətinə son qoyulması, 90-cı illərin məlum hadisələri və sair və ilaxır... Bizi ən çox narahat edən isə bu kimi siyasi mesajların məhz  sapı özümüzdən olan  baltalar tərəfindən cəmiyyətə sırınması idi. Xarici ianə hesabına özünə avrosayaq gün-güzəran quran sapı özümüzdən olan baltalar Azərbaycanın Vətən müharibəsindən sonra regionda yaratdığı dağ boyda reallığı görmək əvəzinə, Müzəffər Liderin siyasi addımlarına özlərinə sərf edən formada don geyindirir və bu ideologiyanı aşılamağa çalışırdılar ki, guya düşmən üzərində qazanılan o şanlı Qələbənin miqyası elə də böyük deyil.  Sanki Qarabağı ermənidən alıb rusa vermişik kimi  imic yaradan “siyasi proqnoz” verənlər bu gün siçanın deşiyini satın alıb qınlarına çəkiliblər.

İndi o qüvvələrə suveren, ərazi bütövlüyünü təmin etmiş ölkənin vətəndaşı kimi səslənib deyirəm: xanımlar və cənablar, ağlınızı başınıza yığın. Sizi bilmirəm, biz buna deyirik siyasi səbrin və nəyi, necə, nə vaxt etmək lazım olduğunu bilməyin təntənəsi. Azərbaycan Prezidentinin sözü hər zaman imzası qədər keçərlidir. O, praqmatik, uzaqgörən, ölkəsinin mənafeyini və siyasi maraqlarını hamıdan yaxşı qorumağı bacaran LİDERdir. Virtual studiyadalarda oturub Vətən müharibəsi başa çatandan sonra  Qarabağ ermənilərinin həmin regionda məskunlaşması, qondarma rejimin tör-töküntülərinin ərazimizdə saxlanılması, Xankəndinin “peşkəş edilməsi” və ən nəhayət, rus sülhməramlı qüvvələrinin bir daha Azərbaycanı tərk etməyəcəyi ilə bağlı verdiyiniz bütün “proqnoz”lar patlamış şar effekti yaratdı. Qarabağdakı Rusiya hərbi kontingentinin Azərbaycanı vaxtından əvvəl tərk etməsi artıq faktdır. Faktdan isə böyük fakt yoxdur.

Məsələyə Rusiya Dövlət Dumasının müdafiə üzrə komitəsinin sədr müavini Aleksey Uravlyovun münasibəti: “Dinc sakinləri qorumaq mümkün oldu, onlara yardım göstərildi. Hazırda sülhməramlılar lazım deyil. Çünki Qarabağda qarşı-qarşıya duran tərəflər yoxdur. Qarabağın Azərbaycana mənsub olması isə heç kəsdə şübhə doğurmur”.

Bəs rus hərbi kontingeti ötən 4 ildə öz missiyasını hansı səviyyədə yerinə yetirdi, çatışan və çatışmayan cəhətlər nələr idi, təktərəfli mövqe nümayiş etdirildimi? Bütün bu sualların  cavabını isə hörmətli oxucunun öz ixtiyarına buraxıram...

P:S Bu gün mediada yayılan daha bir xəbər: Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin də fəaliyyəti dayandırılır...

Muxtar RZAZADƏ

Nəşr edilib : 18.04.2024 16:07