AZ EN RU

Siyasi Repressiya Qurbanları Muzeyindən xatirə

    Repressiya dedikdə ağıla ilk olaraq nə gəlir? Başlanğıcın sonu, yoxsa sonun başlanğıcı? Ötən ilin yay aylarında Bakıda olarkən maraqlı bir ekskursiya etdim. Tarixdən repressiyanı bir çox insan eşidib, lakin Siyasi Repressiya Qurbanları Muzeyinin olduğundan çoxları xəbərsizdir. Eynən mənim kimi. İlk eşitdiyimdə təəccüblənmişdim, lakin muzeyə gedərkən burada eşitdiklərim və gördüklərim məni daha da çox təəccübləndirdi. Onu da qeyd etmək lazımdır ki, muzey paytaxt Bakı şəhərində, Dövlət Sərhəd Xidmətinin zirzəmisində yerləşir. Muzeyin niyə zirzəmidə olduğu və bu yazını niyə yazdığım haqqında bir azdan daha ətraflı danışacağam. 

    Muzeyə daxil olmaq üçün öncədən Dövlət Sərhəd Xidmətinin saytına məktub yazıb muzeyə giriş üçün icazə istəməlisiniz. Sonra isə təmənnasız şəkildə muzeyi gəzə bilərsiniz. Sizə muzeydə çalışan yaşlı bir insandan danışım. O, qeydiyyat götürdükdə adımı və soyadımı soruşdu. Cavab verdikdə isə: “Həə, Naxçıvan nömrəsilə qeydiyyatdan keçən sən idin? Mən də deyirəm 060-la başlayan nömrə kimindir?” – deyə söhbətə başladı.  
    Muzey əməkdaşının masasının önündə Hüseyn Cavidin maketi var idi. Hər gün qaranlıq zirzəmidə tək-tənha Hüseyn Cavidin siması ilə əyləşmək qəribə bir hiss olmalıdır, yəqin ki. Yaşlı muzey əməkdaşı repressiya qurbanları haqqında geniş məlumatların tədris olunmamasından, zaman keçdikcə unudulmasından qorxur. SSRİ vəhşiliyindən, Müsavat-İtti­had birliyinin dağıdılmasından, hətta qadınlarımızın belə ALJİR – “Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi” (Акмолинский лагерь жён изменников Родины) adlanan yerdə saxlanıldığından danışaraq divardakı rəsmləri göstərirdi. Rəsmlər arasında Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım da var idi. Muzeydə Əhməd Cavadın zindanda barmaqlıqlardan tutduğu, Mikayıl Müşfiqin isə güllələnmə otağında olduğu epizodlar maketlərlə yenidən canlandırılıb. Mikayıl Müşfiqin önündə silahı şairə doğru tutmuş bir rus əsgərinin maketi qoyulub. 
    Otaqlar qaranlıq və vahiməli idi. Məndə qısa bir müddət ərzində bu təəssüratı yaradan məkanı orada illərlə işgəncə çəkənlərin, onların yaşadıqlarının dili ilə təsvir və təqdim etmək kifayət qədər çətin olar... Bundan başqa, burada bir neçə kamera otağı, tam məxfi repressiya sənədlərinin surətləri yaradılıb. Qeyd olunur ki, muzey 2019-cu ildə fəaliyyətə başlayıb və kamera otaqlarının qapıları əsl repressiya dövrünün kamera otaqlarının qapılarıdır. İçəridə isə repressiya qurbanlarının maketləri yerləşdirilib. Maket deyib keçmək də olmur, əslində. Maketlərin biri yerə yıxılmış olan bir adam, digəri isə Akmolada həbs olunmuş bir qadının maketidir. Qapıların əsl repressiya dövrünə aid olduğu faktını eşitdikdə heyrətlənmişdim, lakin olduğum zirzəminin repressiya qurbanlarının işgəncə gördüyü və öldürüldüyü yer olduğunu öyrəndikdən sonra bu məkan artıq muzey hissi vermirdi. Muzeyin zirzəmidə olma səbəbi isə bu imiş. 
    Digər bir otağa keçdik. Otaqda Mikayıl Müşfiqin sözügedən maketi var idi. Deyilənə görə, sənədlərdə insanların hansı otaqda güllələndiyi qeyd olunmur, lakin otağın quruluşundan və yer betonlanarkən yerdən bir neçə metr qalınlığında qan hopmuş torpağın çıxması buranın güllələnmə otağı olduğu nəticəsinə gətirib çıxarır. Bundan başqa, otaqda qurbanların ölüb-ölmədiyini yoxlamaq üçün oturan həkimin maketi də qoyulub. 
    Hər birimiz tariximizi unutmamalı və unutmağa qoymamalıyıq. Müşfiq qədər ömür sürmək asan, lakin Müşfiq kimi ömür sürmək isə çox çətin məsələdir. 
    Muzeylə tanışlıqdan sonra foto çəkdirmək üçün icazə olduğu söyləndi, mən isə Hüseyn Cavidin maketi önündə – muzey əməkdaşının masasında əyləşib foto çəkdirmək üçün icazə verib-verməyəcəyini soruşdum. O isə: “Vaxtı ikən o masada Hüseyn Cavidin önündə bir erməni-rus polisi oturubsa, bir azərbaycanlı da otura bilər”, – cavabını verdi.
    O, tələbə-jurnalist olduğumu bildikdə məndən Naxçıvandakı qəzetin adının “Şərq qapısı” olub-olmadığını soruşdu. Mən isə təsdiq formasında başımı tərpətdim. Yaşlı muzey əməkdaşı isə: “Gördüklərini yazarsan”, – dedi. Biz isə sağollaşıb oranı tərk etdik.

Rafiq Təhməzov
Naxçıvan Dövlət Universitetinin 
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

Nəşr edilib : 07.01.2024 22:03