AZ EN RU

Siyasi qətiyyətin təntənəsi

    Ölkəmizdə tarixi, əlamətdar və bayram günləri çoxdur və onların hər biri özünəməxsus əhəmiyyətə malikdir. Belə günlərin dövlət səviyyəsində qeyd olunması həm tariximizə, milli-mənəvi kimliyimizə böyük diqqət və ehtiramın ifadəsi, həm də bugünkü nəsildə həmin günlərə məhəbbət hissi aşılamaqdır. 
    Bu günlərdə təqvimimizə yeni günlər əlavə edildi. Daha dəqiq desək, ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli Sərəncamı 44 günlük müharibədən sonra çox sürətlə tikinti-quruculuq, təmir-bərpa işləri aparılan, yeni infrastruktur layihələri həyata keçirilən Qarabağımızın bu gününə böyük sevinc qatdı; bu həm də anti-Azərbaycan qüvvələrinə bir mesaj, Qarabağın, doğrudan da, tarixi Azərbaycan olmasının ifadəsi, 30 il yaşanmış acı həqiqətləri unutmamağa bir çağırışdır.
    Sərəncamda oxuyuruq: “30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
    Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılmışdır. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir”.
    Bir qədər geriyə qayıdaraq İkinci Qarabağ müharibəsi dövründə ölkə başçısının xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibələrin bəzi məqamlarına diqqət yetirək. Prezidentin yüksək tribunalardan Qarabağ probleminin həlli ilə bağlı göstərdiyi arqumentlərin leytmotivi bir idi: Biz işğalda olan torpaqlarımızın sülh yolu ilə alınmasını istəyirik. 30 ildir ki, bu istək az qala hər gün səsləndirilir. Ölkənin sadə vətəndaşından tutmuş ən yüksək vəzifəlisinə qədər hər bi azərbaycanlı bu yolu ən düzgün yol sayır. Çünki müharibə ölüm deməkdir, evlərin atasız, qardaşsız, anaların, bacıların gözüyaşlı qalması deməkdir. 1988-ci ildən üzübəri nə qədər evlərə qara tabutlar gətirilib? İkinci bir tərəfdən Azərbaycanın heç kimin torpağında gözü yoxdur. Lakin öz dədə-baba torpaqlarını da kiməsə bəxşiş verməmək üçün ərazi bütövlüyünü qorumaq qətiyyətindən, iradəsindən də məhrum deyil.
    Bu fikri ölkə başçısı iyul ayının 22-də Şuşada “Euronews” televiziyasına verdiyi müsahibədə də qalib dövlətin Prezidenti kimi səsləndirdi: “…mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə bizim heç bir ərazi iddiamız yoxdur... İndi biz sülh istədiyimizi deyəndə, bu ona görə deyil ki, biz zəifik və sülh axtarırıq. Xeyr, onlar bilirlər ki, biz xeyli güclüyük. Bu ona görədir ki, biz tarixin bu qara səhifəsinin bağlanmasını istəyirik. Biz nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmirik”.
    Burada cənab İlham Əliyevin artıq aforizmə çevrilmiş bir qənaətini xatırlamamaq mümkün deyil: “Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik”. 
    Nəyi nə vaxt etmək. Ölkə başçısının adıçəkilən növbəti Sərəncamı nəyin nə vaxt edilməsinin postmüharibə dövründə yeni bir mərhələnin başlanğıcı hesab etmək olar.
    Yenə də bir qədər geriyə ekskurs edək. 1988-ci ildə başlanan məlum hadisələrdən Aprel döyüşlərinə, Günnüt əməliyyatına qədər ermənilərin torpaqlarımızı zəbt etdikləri günlər tariximizin qara səhifələri kimi yaddaşlarımıza yazılıb. Bu günlər adi günlər deyil. Qəvi düşmən müstəqilliyimizin ilk günlərində ölkədə yaranmış xaos və anarxiyadan, başıboş rəhbərlərin şəxsi ambisiyalarından və havadarlarının köməyindən istifadə edərək bir vaxtlar Azərbaycan torpaqları hesabına Ermənistan dövləti yaratdıqları kimi ötən əsrin sonu, yaşadığımız əsrin əvvəllərində ikinci Ermənistan və ya “böyük Ermənistan” yaratmaq arzularını reallaşdırmaq istəyi ilə alışıb-yanırdı. Hayların fikrincə, artıq buna yaxınlaşırdılar. Təbii ki, havadarlarının hərtərəfli dəstəyi hesabına. Ancaq burada bir atalar məsəlimiz yada düşür: “İt yatar qaya kölgəsində, elə bilər ki, öz kölgəsidir...”
    Və səsimizin çatmadığı, ayaq basa bilmədiyimiz torpaqlarımızı düşmən tapdağından azad etdikdən sonra qədim yurd yerlərimizin nə günə salındığını görəndə düşünməli olursan: Sizə məxsus olmayan torpaqlarda yaradılmış infrastruktur mövcud Ermənistan ərazisindəki ən müasir yaşayış məntəqələrindən çox yüksək idi... Siz bu torpaqlarda yaşayacağınızı düşünürdüzsə, nə üçün oraları vandalcasına dağıtdınız? Ölkə Prezidentinin sözlərini xatırlayıram: “Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq”. 
    Və müharibədən ötən 1000 gün ərzində qədim və əzəli torpaqlarımıza minlərlə insan ayaq basıb; burada dağıdılmış evləri, məscidləri, sosial obyektləri də görüb, azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərini də. Bu gün dünya da yaxşı bilir ki, o torpaqlar elə-belə alınmadı. Ölümün gözünə dik baxan övladlarımızın hesabına alındı. Bu gün onları dərin ehtiramla yad edirik. Çünki onlar bu xalqın Vətəni öz canlarından artıq sevən övladlarıdır. Yüksək amallar uğrunda “uf” demədən özlərini ölümün ağuşuna atmağı, şəhidlik zirvəsinə yüksəlməyi bacarırlar. Ermənilər bunları bilmirdilərmi? Təbii ki, bilirdilər; ancaq nəyin nə vaxt ediləcəyinə inanmırdılar. Başları qarışmışdı qondarma “Dağlıq Qarabağ Respublikası”na “prezident” seçməyə, iqamətgahı Şuşaya köçürməyə. Paşinyan isə Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edirdi. “Bəs nooldu, Paşinyan?”
    49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun, 60 yerli media rəhbəri və nümayəndəsinin iştirakı ilə iyulun 21-də açılış mərasimi olan, “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan milli mətbuatının 148-ci ildönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumunda da bu barədə ətraflı danışıldı. Forum nümayəndələri Qarabağın bugünkü mənzərəsi, ölkə Prezidentinin bütün dünyanın gündəminə çevrilən məsələlərə, beynəlxalq hüquq normalarına obyektiv münasibətilə bir daha yaxından tanış oldular...
    Bu gün Qarabağda normal həyat qurulmaqdadır. Hər bir azərbaycanlı gözlədiyi günü yaşayır, ancaq 30 ilin ağrılarını unutmur. Çünki xalqımızın başına gətirilənlər unutqanlığımızın ucbatından olub. Hamımız ilk olaraq avqust ayının 26-nı gözləyirik. Yəni daha bir nəyi nə vaxt edəcəyimiz zaman gəldi: Yaşanmış acı tariximizi xatırlamaqla həmin gün təqvimimizə yeni yazılmış Laçın şəhəri gününü təntənə ilə qeyd edəcəyik!!!

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 10.08.2023 18:53