AZ EN RU

“Siyasi irsə və dövlətçiliyə iyirmi illik sədaqət yolu” adlı tədbir olub

    “Şərq qapısı” qəzeti, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Mətbuat Şurasının  birgə təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl iştirakçılar Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
    Heydər Əliyev Muzeyində keçirilən tədbirdə giriş sözü ilə çıxış edən muzeyin direktoru Ramil Orucəliyev bildirib ki, doğma Vətənimizdə, o cümlədən qədim diyarımızda Ümummilli Liderin siyasi kursu layiqincə davam etdirilir. Ötən illər ərzində Heydər Əliyev Muzeyi Ümummilli Liderimizin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı layiqincə yerinə yetirib. 
    “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanova vurğulayıb ki, zamanın haqqa səssiz qalan gedişini ədalət naminə haqq yoluna dəyişən müdrik lider və yenilməz sərkərdə cənab İlham Əliyevin döyüş meydanında, siyasi səhnədə, xarici və yerli mətbuatda Azərbaycana qazandırdığı möhtəşəm qələbə xalqa ən dəyərli ərməğan oldu. Müzəffər Ali Baş Komandan Azərbaycanın 27 illik Qarabağ savaşına səssiz qalan BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış qətnamələrini özü icra etdi. Müharibə dövründə dövlətimizin başçısı cənab İlham Əliyev xarici kütləvi informasiya vasitələrinə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mayak rolunu oynadı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi, ölkəmizin dünya siyasət tarixinə qalib dövlət kimi düşməsi dövlət başçımızın iyirmi illik siyasi fəaliyyəti nəticəsində ikiyüzillik dövlətçilik tarixində qazanılan misligörünməmiş uğur, böyük siyasi irsə sədaqətlə fəth olunan yüksək zirvə idi. 
   Naxçıvan Dövlət Universitetinin  sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev çıxışında bildirib ki, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunması, təbii resurslardan səmərəli istifadə və ətraf mühitin etibarlı mühafizəsinə imkan verən əlverişli mühit yaratmaq, yüksək standartlara cavab verən sosial rifah iqtisadiyyatının yaxşılaşdırılması məqsədi daşıyır.
    Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov qeyd edib ki, Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın noyabrın 8-də işğaldan azad edilməsi tariximizə şanlı Zəfər Günü kimi yazıldı. Bundan iki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Ötən iyirmi ilə nəzər salsaq görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib, bütün sahələrdə sürətli inkişafa nail olunub.
    Digər çıxış edənlər, “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov və qəzetin əməkdaşı Aysel Nuriyeva qeyd ediblər ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycanın müasir dövlətçilik tarixinin parlaq simasıdır. Xalqımızın yaddaşında silinməz izlər buraxan Ümummilli Lider Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusudur. Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycanı Prezident cənab İlham Əliyev dünyada güclü və nüfuzlu dövlətə çevirib. 

    Tədbirin davamında “İlham”sənədli filmi nümayiş olunub, “Şərq qapısı”nda silsilə şəklində dərc olunan, cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətini əks etdirən ictimai-siyasi, publisistik materiallardan ibarət sərgiyə baxış olub, sərgi materialları muzeyə hədiyyə edilib. Sonda muzey ekspozisiyası ilə tanışlıq olub. 

Fariz ƏHMƏDOV

Nəşr edilib : 30.10.2023 22:17