AZ EN RU

Siyasi iradənin, qətiyyət və uzaqgörənliyin nəticəsi, şanlı tariximizin zəfər zəngi Zəngilan

20 oktyabr Zəngilan Şəhəri Günüdür

Sanki dünən olmuş kimi hər birimiz yaxşı xatırlayırıq həmin tarixi günləri; Ali Baş Komandan cənab İlham Əliyev televiziya qarşısında qürurla dayanıb, “dəmir yumruğ”un iradəsindən, tarixi ədalətin təqdirindən, müzəffər Ordumuzun şücaətindən ürəkdolusu danışır. Hər kəlməsi 30 ildir, sağalmayan yaralara məlhəm, qubar bağlamış qəlblərə şəfa verir, bizləri sevindirdiyi kimi, ordumuza ruh yüksəkliyi, o taylı, bu taylı arzusu, niyyəti bir olan soydaşlarımıza inam verir, əmin-amanlıq bəxş edir. İllərdir ki, gözü yollarda qalan, öz ata-baba yurdlarından zorla didərgin salınan soydaşlarımızın ümid dolu baxışları isə gələcək xoş xəbərlərə zillənib. Düşmənin təxribatlarına, məkrli niyyətlərinə, xalqımızın mübarizə əzmini qırmaq üçün dinc əhaliyə etdikləri cılız, insanlığa sığmayan terror aktlarına fikir vermədən, sarsılmadan irəliləyir, ordumuzla həmrəy olub Böyük Zəfərə doğru yol alırıq…
    Unudulmaz, sevincli, qürurlu tarixlərdən biri idi 20 oktyabr… Hər kəs cəbhədən gələn xoş xəbərləri gözləyirdi. Bu vaxta qədər Cəbrayıldan, Füzulidən, Laçından olan soydaşlarımız öz muradlarına yetmişdilər, arzularına çatmışdılar. İllərdir, onlara isti qucaq, doğma ocaq olan, işğaldan azad olunmuş şəhərlərinin şad xəbərini alıb, sevinc göz yaşı tökmüşdülər, Şuşadan, Ağdərədən, Zəngilandan olan həmvətənlərinə xeyir-dua verib “Allah bu xoşbəxtliyi sizə də qismət eləsin” söyləmişdilər. 
    Üçrəngli Azərbaycan Bayrağı bu dəfə də Zəngilan şəhərində dalğalanmaq üçün tələsirdi… 20 oktyabr! Zəngilanlıların sanki həyata yenidən qayıtdığı, yenidən doğulub kamala çatdığı təqvimdir bu. Çünki bu tarix 30 ilə yaxındır, “azad Zəngilan” sözlərinə təşnə olan soydaşlarımıza, zəngilanlılara yenidən ruh verib, arzularına çatdıran, ümidləri, həsrətləri, vüsalları bir quş qanadında Xaliq dərgahına çıxaran günün çatdığının müjdəçisidir. Üç il bundan öncə bu gün zəngilanlıların illərdir, gözlədikləri xəbər ölkə başçısı cənab İlham Əliyev tərəfindən bütün dünyaya bəyan edildi: “Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”
    Qayıdaq bir az keçmişlərə, çətin də olsa, qayıdaq…Qazanılan hər bir qələbənin, müvəffəqiyyətin, zəfərin keçdiyi o qanlı-qadalı illəri yada salmasaq da, olmur. Çünki şanlı Azərbaycan Ordusunun əldə etdiyi bu nailiyyət, bu şanlı qələbə həm də dünya hərb tarixində bir ilk, bir yenilik idi. Müzəffər Ordumuzun qazandığı bu zəfərin qürurlu olduğu qədər, həm də kədərli, həsrətli tarixini xatırlamağın nə eybi var ki…
    Yurdumuzun hər bir qarış torpağı kimi, Qarabağ da hələ lap əvvəllərdən yağı düşmənlərin, xüsusən də bədnam qonşularımız olan, yalnız işğalçılıq meyilləri ilə həyata tutunan, törətdikləri soyqırımı aktları ilə dünyada özünə “etnik dayaq” yaratmış ermənilərin diqqət mərkəzində olub. 1988-ci ildən 1993-cü ilin oktyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan, Qarabağımızın işğala məruz qalan ən sonuncu rayonu oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından Cənubi Azərbaycan ərazisinə keçməkdə gördü. Əks-təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı. 
    Zəngilan rayonu Birinci Qarabağ müharibəsində iki yüzə yaxın şəhid verib, bu günədək isə rayonun əlliyə yaxın sakini itkin düşmüş sayılır. Bakı-Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. İşğaldan öncə qeydə alınan məlumatlara əsasən rayonun ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı, o cümlədən üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi. Bununla yanaşı, bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. İşğal altında olduğu 30 ilə yaxın bir tarixdə erməni separatçıları tərəfindən bu meşələr qırılaraq xarici ölkələrə satıldı. Digər qiymətli ağaclar, o cümlədən molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də ermənilər tərəfindən talan edildi. Azərbaycan Ordusu tərəfindən 2020-ci il 20 oktyabr tarixində azad edildikdən sonra məlum oldu ki, rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu da bərbad vəziyyətə salınıb. Qoruq ərazisindəki qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə ediblər. 
    Min illərdir, Oğuz elinə yurd-yuva olan Zəngilan rayonunun tarixi də çox qədimdir. Rayonun ərazisində ötən əsrin 60-70-ci illərdə təsərrüfat işləri zamanı tapılan xeyli küp qəbirlər, həmçinin еramızdan əvvəl IV – II əsrlərə aid edilən, əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Həmçinin tarixi qaynaqlar onu da sübut edir ki, arxeoloji memarlıq abidələri ilə zəngin olan Zəngilan rayonunda Qafqaz coğrafiyasının ən böyük qədim şəhər qalıqları yerləşir. “Şəhri Şərifan” adı ilə tanınan bu orta əsr şəhərinin xarabalıqları da bir çox tarixi abidələrimiz kimi erməni vandalizmindən öz “nəsibini alıb”
    Ərazisi həm Araz çayı boyunca şərqdən qərbə, həm də Həkəri, Bərgüşad və Oxçu çayları boyunca cənubdan şimala uzanan, həmçinin ticarət yolları üzərində yerləşən Zəngilan şəhərinin tarixi ilə bağlı maraqlı, diqqətçəkən məqamlardan biri də, bu şəhərin adının, mənşəyinin Zəngəzur mahalı ilə bir kökdən gəlməsi ilə əlaqədardır. Tarixi qaynaqlarda qeyd olunur ki, Azərbaycan ərazisinin bu coğrafiyasında qədim türkdilli zəngi tayfaları yaşamış, Zəngilan, Zəngəzur mahallarının mövcud olduğu ərazidə geniş türk mədəniyyəti formalaşdırmışlar. Məhz həmin qədim türk tayfalarının adı ilə əlaqəli olaraq Zəngəzur və Zəngilan toponimləri formalaşmışdır. Bu barədə söylədiyimiz fikirləri ölkə başçısı cənab İlham Əliyevin Zəngilan səfərindəki qənaəti də təsdiq etməkdədir: “Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcəkdir”. 
    Bu gün böyük qürur hissi keçiririk ki, qədim yurdumuz – Zəngilanda da artıq şanlı, məsud üçrəngli bayrağımız dalğalanır. Rənglərini şəhidlərimizin canından, qanından alan bayrağımız… Bu gün xalqımız şaddır, firavandır ki, min illərboyu ata-babalarımıza isti qucaq, doğma ocaq olan bu məmləkətimiz hər ötən il daha da inkişaf edir, müasirləşir, erməni vandallarının vurduğu yaralar sağalır, ümidlər, arzular dirçəlir. Elə xatırlayaq Ali Baş Komandan cənab İlham Əliyevin separatçılardan təmizləndikdən sonra Zəngilan şəhərinə etdiyi tarixi, yaddaqalan səfərləri. Hansı ki bu səfərlərin hər birində qərara alınan layihələr, icra olunan plan-proqramlar, böyük amallara hesablanmış qərarlar Vətənimizin nurlu gələcəyini təmin edən addımlar idi. 
    Ordumuzun əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsinin yenicə sona çatdığı bir zamanda, Ali Baş Komandan 2020-ci il dekabr ayının 23-də Qubadlı və Zəngilan rayonlarına səfər etdi. 30 ildən sonra Qarabağın dilbər guşələri bu səfərlə qalib sərkərdəsini, qalib rəhbərini tanıdı… Səfər zamanı ölkə başçısı bir neçə kəndləri, yaşayış məntəqələrini ziyarət etdi, düşmənlərin dağıdıb, tar-mar etdiyi Zəngilan rayonu ilə bağlı öz təəssüratlarını sosial şəbəkələrdə həmvətənləri ilə bölüşdü. “…Mən deyəndə ki, işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayırlar, bax budur bunun sübutu. Bizim kəndimizə gəliblər, kəndimizin böyük hissəsini dağıdıblar. Ermənilərin zəbt etdikləri evlərimiz. İndi Üçüncü Ağalı kəndinin sakinləri, yəqin ki, tanıyar bu ev kimindir. Gələsən, başqasının torpağını zəbt edəsən, insanları evsiz-eşiksiz qoyasan, onların evində yaşayasan, xarabalığa çevirəsən, sonra da deyəsən ki, bu, qədim erməni torpağıdır. Saxtakarlar, oğrular, yalançılar, vəhşilər bizim torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıblar. Bütün bu videosənədlər hüquqi müstəvidə bizim təzminat davamız üçün əşyayi-dəlil olacaq”.
    İkinci Qarabağ Zəfərindən ötən bu müddət ərzində cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir neçə dəfə Zəngilan rayonunda olmuş, burada gedən tikinti-quruculuq, abadlıq, yenidənqurma işləri ilə yaxından maraqlanmışlar. 2021-ci il 21 oktyabr, 2022-ci il 27 may tarixlərində edilən səfərlər mühüm siyasi, iqtisadi-sosial, mədəni hadisələrlə yadda qaldı. Xüsusən də Zəngilan rayonunda tikinti-quruculuq işləri davam etdirilən obyektlərlə tanışlıq, gələcək perspektivlərin müəyyən edilməsi, həm də ölkəmizin mədəni inqilabından xəbər verir bizlərə. 2021-ci il 26 aprel tarixində baş tutan səfər isə səmimi, yaddaqalan hadisələri ilə, xüsusilə fərqlənir. Bu tarixi səfərdə Prezident cənab İlham Əliyevin öz şəxsi sosial şəbəkə hesabından Zəngilandan paylaşdığı videoları hər birimiz izləmişdik, fəxr edib, qürur duymuşduq. 
    Zəngilan rayonunun tarixi taleyi ilə bağlı baş tutan səfərlərin ən maraqlı və yaddaqalanı 2022-ci il 27 may tarixdə baş verdi. Bu səfər ərzində Ali Baş Komandan və birinci xanım Mehriban xanım Əliyeva rayon ərazisində icra olunan bir çox sosial-mədəni layihələrlə tanış oldular, Zəngilanın müxtəlif ərazilərində gedən tikinti-quruculuq, abadlıq işləri ilə maraqlandılar. Xüsusən də Zəngilan Beynəlxalq Hava Limanının, Zəngilan məscidinin tikintisi, həmçinin bu ərazidə yeni salınan intensiv meyvə bağının şəraiti ilə yaxından tanışlıq da bu səfərə təsadüf etdi. Ölkə başçımızın və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsində iştirak etmələri də səfərə xüsusi rəng qatdı. Bununla belə rayonda baş verən yeniliklərlə tanışlıq zamanı, ölkə başçısı cənab İlham Əliyev kənd ərazisində yeni istifadəyə verilən “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi, uşaq bağçası və kənd orta məktəbi ilə də yaxından maraqlanmış, lazımi tövsiyə və tapşırıqlarını vermişdi. 
    Zəngilan Beynəlxalq Hava Limanının açılış tədbiri isə yalnız ölkəmizin tarixi taleyi üçün yox, elə Türk dünyasının birlik və bərabərliyi üçün də mədəni hadisə idi. Açılış tədbirində ölkə başçımızla yanaşı, qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi əsrlərin sınağından keçmiş birlik və mübarizlik andının real təntənəsi idi. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. 
    Prezident cənab İlham Əliyevin bu il sentyabrın 28-də Zəngilan rayonuna səfəri çərçivəsində 2568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin layihələndirildiyi Zəngilan rayonunun Alıbəyli kəndinin, Oxçuçayın sahilində, Zəngilan-Mincivan yolunun üzərində düzənlik ərazidə yerləşən 1631 sakin üçün 306 fərdi evin və 102 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin tikilməsinin nəzərdə tutulduğu Zəngilan kəndinin təməlinin qoyulması, eyni zamanda Zəngilan şəhərində 2-ci, 3-cü və 4-cü yaşayış komplekslərinin, 160 yerlik uşaq bağçasının əsasının qoyulması, Zəngilan şəhər məscidində görülən işlərlə tanışlıq Şərqi Zəngəzurda sürətlə aparılan işlərin real mənzərəsini və miqyasını təsəvvür etməyimizə imkan verir.
    “Böyük Qayıdış” proqramına uyğun olaraq Zəngilanda növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi, bu komplekslərdə 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Bu isə Zəngilanın tezliklə mühüm strateji məkanlardan biri olması prosesini sürətləndirir.
    …Artıq üç il ötür o tarixi gündən, Zəngilan üçün Zəfər zənginin çalındığı həmin təqvimdən. Zəngilan! Müstəqilliyin daimi, Vətənin Azərbaycanla keçirdiyin xoş günlərin əbədi olsun, deyirəm! 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 19.10.2023 19:38