AZ EN RU

Siyasi əzəmətin Heydər Əliyev zirvəsi

Hər bir xalqın varlığı onun birliyi, bu birliyi təmin edən liderlərinin güclü idarəçilik bacarığı ilə ölçülür. Azərbaycan xalqı da xoşbəxt xalqlardandır ki, ən keşməkeşli tarixi dövrlərində onu zamanın ən ağır sınaqlarından üzüağ çıxararaq mövcudluğunu təmin edən Heydər Əliyev kimi dahi lideri olub. Dünyaşöhrətli siyasətçi öz xalqının taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini uğurla müəyyənləşdirmiş böyük şəxsiyyətdir. 
Müasir Azərbaycan tarixinin 35 ildən artıq bir dövrü Ulu Öndərin adı ilə bağlıdır. Tarix baxımından qısa zaman kəsiyi olan bu dövr Azərbaycanın əsrlərə bərabər inkişaf, tərəqqi, yüksəliş salnaməsini təşkil edir. İstər sovetlər birliyində, istərsə də müstəqilliyin ilk illərindən məhz bu tarixi şəxsiyyətin rəhbərliyi altında ölkəmizin siyasi və sosial-iqtisadi inkişafının əsası qoyuldu. Azərbaycanın əvvəlcə böyük iqtisadi potensiala malik bir respublika, müstəqillik əldə etdikdən sonra isə bir dövlət kimi formalaşmasında bu dahi şəxsiyyətin əvəzolunmaz  rolu vardır. Ulu Öndərimiz ölkəni tarixin burulğanlarından keçirərək özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətini yaratmış, onu beynəlxalq aləmdə söz sahibi olan qüdrətli bir dövlətə çevirmişdir.
Xalqımızın xoşbəxtliyi ondadır ki, biz yalnız keçmişimizlə deyil, bu günümüzlə və gələcəyimizlə də fəxr edirik. Çünki Ulu Öndərimizin bizə əmanət etdiyi müstəqil Azərbaycan dövləti və onun böyük uzaqgörənliklə işləyib hazırladığı siyasi xətti uğurla davam etdirən Prezident cənab İlham Əliyev vardır. Qədirbilən xalqımız müdrik rəhbərimizin əziz xatirəsini daim böyük hörmətlə yad etdiyi kimi, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti də dəstəkləyir, Prezidentinin ətrafında daha da sıx birləşərək bu siyasətin reallaşmasına öz töhfəsini verir. 
Hər birimiz sevinir və qürur hissi keçiririk ki, müstəqilliyin yolları ilə inamla irəliləyən Azərbaycanda Ulu Öndərin amal və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab ­İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlar qazanır. Respublikamız böyük addımlarla qarşıya qoyulmuş məqsədlərə doğru inamla irəliləyir. 
Bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə və doğma Vətənin qüdrətlənməsinə həsr edən Ulu Öndərimiz hələ sağlığında Ümummilli Lider adını qazanmış, milyonlarla insanın qəlbində özünə möhtəşəm abidə ucaltmışdır. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Ümummilli Liderimizin əziz xatirəsini əbədiləşdirmək üçün bir çox ünvanlara Ulu Öndərin adı verilmiş, Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində Ulu Öndərimizin heykəlləri və büstləri ucaldılmışdır. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüyünə görə anadan olduğu Naxçıvan şəhərində Heydər Əliyevin büstünün qoyulması sağlığında dahi şəxsiyyətə xalq məhəbbətinin, el sevgisinin nəticəsi idi.
Babək, Şərur, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarında, həmçinin bir sıra xarici ölkələrdə ucalan heykəl və büstləri dahi şəxsiyyətin ruhuna ehtiramın, milyonlarla insanın öz rəhbərinə bəslədiyi sonsuz hisslərin təzahürüdür. “Mən həyatımı xalqıma səadət gətirməyə həsr etmişəm”,  – deyən  dahi insan hər zaman öz titanik fəaliyyətində xalqa arxalanmış, ən çətin anında ona müraciət etmişdi. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Dahi şəxsiyyət Heydər Əliyev, sözün əsl mənasında, həyatın mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi, siyasi lider idi. 
Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin Sədri kimi Ulu Öndər Heydər Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda müstəqil dövlətçilik prinsiplərinin bərqərar olması, möhkəmləndirilməsi üçün zəruri olan əsas tədbirləri həyata keçirmişdir. Bu mənada, işğaldan xilas edilmiş, böyük inkişafın əsasları yaradılmış 100 illik yubileyini qeyd etdiyimiz muxtariyyət Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycana ən böyük ərməğanı, əmanətidir.
Şərəfli ömür yolunu ölkəmizin inkişafına və tərəqqisinə həsr etmiş milli lider anadan olmasının 101-ci ildönümündə də böyük sevgi və ehtiramla xatırlanır. “Azərbaycanın ən böyük sərvəti onun vətənpərvər insanları, onun müdrik xalqıdır”, – deyən görkəmli dövlət xadimi   Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində idi. O, Azərbaycan xalqının müdriklik simvolu, müdriklik zirvəsi idi. Bu zirvədən baxanda yalnız bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bu günü, sabahı görünür.    
Bu gün qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində Ulu Öndər Heydər Əliyevin ölməz və işıqlı obrazı yaşayır. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”,  – deyən  Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev ölkəmizin dövlətçilik tarixində o qədər böyük yeniliklərə, nəhəng işlərə imza atıb ki, deyilən sözlər onun cahanşümul fəaliyyətini əhatə etməkdə acizdir.
İllər ötdükcə biz Heydər Əliyev dühasının müstəqil və müasir Azərbaycanın tarixindəki əvəzsiz rolunu daha dərindən dərk edir, bu dahi şəxsiyyətin siyasi əzəməti, beynəlxalq nüfuzu barədə təkrar-təkrar düşünməyə mənəvi ehtiyac duyuruq. Çünki bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. İstər ölkəmizin tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaqdır. “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır”, – deyən Ulu Öndər  Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir.
Bütün ölkə vətəndaşları inanırlar ki, həyatını canından əziz bildiyi Vətəninə xidmətdə keçirmiş Heydər Əliyevin dühası işığında doğma Azərbaycanımız həmişə irəliyə və yüksəlişə doğru gedəcəkdir. Ulu   Öndər Heydər Əliyevin ideyaları həmişə olduğu kimi, bu gün də yolumuza işıq saçır, bizi yeni-yeni qələbələrə səsləyir. Ümummilli Lider Heydər Əliyev xalqın qəlbində tayı-bərabəri olmayan heykəl, əsrlər boyu yaşayacaq abidə – şah əsər ucaltdı. Bu abidənin, şah əsərin adı Azərbaycandır – müstəqil və qüdrətli Azərbaycan!

Məhəbbət MİRZƏYEVA

Nəşr edilib : 09.06.2024 12:23