AZ EN RU

Siyasi elita nümayəndələrinin ölkədən qaçması İran üçün yaxşı perspektiv vəd etmir

İranda baş verən iğtişaşlar İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə yanaşı, siyasi elitanın da parçalanmasına gətirib çıxarıb. Rejimin həyata keçirdiyi siyasi xətt İranda hakimiyyətdə təmsil olunanların yaxınlarına daha çox mənfi təsir göstərib.

İş adamları və hakimiyyətə yaxınlığı ilə seçilənlər perspektivdə İranın vəziyyətinin nəinki düzəlməyəcəyini, əksinə, daha da pisləşəcəyini təxmin edərək ölkədən qaçmaq qərarına gəliblər. İranlı jurnalist Fərəhməd Əlipur yazır ki, Ali rəhbər Əli Xamneyinin qohumları ölkəni tərk etməyə başlayıblar. Onun böyük oğlu Müctəba Xamneyi ilin yarıdan çoxunu Kanadada keçirir. Onun orada böyük biznesi, daşınmaz əmlakı var. Sosial şəbəkələrin İran seqmentinin istifadəçiləri yazırlar ki, Kanada Muctəba Xamneyinin istinad yeridir. Yəni, ara qarışanda qaçmağa yeri var. Jurnalist qeyd edir ki, Əli Xamneyinin digər oğlu Meysəm Xamneyinin qaynı, tanınmış və uğurlu iş adamlarından biri olan Sadiq Xərrazi yaxın günlərdə İrandakı daşınmaz əmlakını sataraq əldə etdiyi pulu xarici valyutaya çevirib və Braziliya banklarında yerləşdirib.

Bütün bunlar onu göstərir ki, hakimiyyətə yaxın adamların digərlərinə nisbətən daha çox məlumat əldə etmək imkanları olur. Hakimiyyət daxilində baş verənlər barəsində məlumat əldə etdikdən sonra perspektivi düşünüb hansısa addımı atmaq onlar üçün daha asandır. Görünür, son günlər İranda İslam İnqilabı Keşikçiləri Korpusunun Ali rəhbər Əli Xamneyi administrasiyası da daxil olmaqla, digər hökumət binalarını artilleriya atəşinə tutmaq planı haqqındakı söz-söhbətlər əsassız deyil.

Kanada miqrasiya idarəsinin məlumatına əsasən, ildə 100 mindən çox iranlı ölkəni tərk etmək üçün müraciət edir. Əlbəttə, bu müraciətlərin hamısı təmin edilmir. Lakin məsələ heç də onların müraciətlərinin təmin olunub-olunmamasında deyil, İranı tərk etmək istəyənlərin sayındadır. İldə 100 mindən çox insanın ölkədən birdəfəlik köçməyə can atması orada vətəndaşların vəziyyətinin acınacaqlı olmasını deməyə əsas verir.

Dünyada ən zəngin təbii ehtiyatlara malik olan bir ölkənin xalqı dilənçi günündə yaşayırsa, bu, rejiminin həyata keçirdiyi siyasətin nəticəsidir. İran olduqca böyük neft və qaz yataqlarına malikdir. Lakin onun davranışı imkan vermir ki, ölkəyə investisiya yatırılsın. Öz hesabına hasil etdiyi neft və qazı da sataraq əldə etdiyi gəliri Yaxın Şərqdəki silahlı qruplaşmalara xərcləyir, guya dünyada müsəlmanları müdafiə edir. Halbuki, İran müsəlman ölkələrinə müdaxilə edərək sabitliyi pozmağa və dini ideologiyasını yaymağa çalışır.

Bu günlərdə İran qanunvericiliyinə edilən dəyişikliyə əsasən, geyim qaydalarını pozan qadınların telefonu şəbəkədən ayrılacaq və həmin qadın mobil rabitədən istifadə edə bilməyəcək. Bununla yanaşı, qaydanı pozanların bank kartı bloklanacaq. Belə bir hüquqa və sadəcə olaraq, insanlığa zidd qanunlar çərçivəsində kim yaşamaq istəyər?

Nüvə silahı yaratmaq iddiası ilə çıxış edərək beynəlxalq sanksiyalara məruz qalan, daxildə isə istənilər azadlıq tələbini edamla qarşılayan rejim artıq süquta doğru yuvarlanmaqdadır. Saxta ideologiya, qonşuların daxili işlərinə qarışmaq, terror təşkilatlarını maliyələşdirmək, zorla regionda dominant olmağa can atmaq İranın sonunu yaxınlaşdırır.

Bu məsələləri həll edib ölkədəki sabitliyi təmin etmək əvəzinə, İran hakimiyyəti yenə də Azərbaycan Respublikasının sərhədinə qoşun yığıb təlim keçirməyə və hədə qorxu gəlməyə başlayıb. Bu təlimlər İranın probleminlərini həll edəcəkmi? Yoxsa beynəlxalq sanksiyalar aradan qaldırılacaq? Yaxud da bu təlimlər İrandakı sosial-iqtisadi vəziyyəti yaxşılaşdıracaq? Əlbəttə ki, yox! Bunların heç biri nəinki olmayacaq, əksinə, vəziyyət daha da gərginləşəcək. Təlimə xərclənən vəsait iqtisadiyyata, ayrılan vaxt problemlərin müzakirəsinə sərf edilsəydi, sərt dil diplomatiya dilinə keçsəydi, bu, daha səmərəli olardı. Lakin görünən odur ki, İran vəziyyəti daha da gərginləşdirməkdə maraqlıdır. Bu maraq diqqəti daxili problemlərdən yayındırmaq və beynəlxalq aləmi təhdid etmək istəyindən doğur. Bunun İran üçün nə qədər səmərəli olacağını zaman göstərəcək. Lakin görünən odur ki, Tehranın siyasi elitasının nümayəndələri tədricən ailələrini ölkədən çıxarır, əmlaklarını satıb xarici banklara yatırır ki, bu da İran üçün yaxşı perspektivdən xəbər vermir.

Nəşr edilib : 27.03.2023 16:45