AZ EN RU

Şıxmahmud kəndində yeni avtomat telefon stansiyası quraşdırılır

    Muxtar respublikada sosial-iqtisadi inkişafın sürətləndirilməsi bütün sahələrdə olduğu kimi, rabitə sahəsinin gələcək inkişafına, hər bir vətəndaşın müasir texnologiyalarından bəhrələnməsinə geniş imkanlar açıb. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə rabitə və yeni texnologiyalar sahəsinin müasir tələblər səviyyəsində qurulması istiqamətində bir sıra layihələr həyata keçirilir. Əhalinin rabitə xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə yeni nəsil avtomat telefon stansiyaları quraşdırılır, mövcud avtomat telefon stansiyaların internet tutumları artırılır, habelə bir sıra yerlərdə aztutumlu telefon stansiyaları yüksək montaj tutumuna malik yeni nəsil avtomat telefon stansiyaları ilə dəyişdirilir. Naxçıvan şəhəri ilə yanaşı, rayonlarda da əhalinin dayanıqlı rabitə, yüksəksürətli internet və digər xidmətlərlə təmin olunması istiqamətində işlər davam etdirilir. 
    Muxtar respublikanın sosial-iqtisadi inkişafı fonunda əhalinin, həmçinin yeni inşa edilən fərdi yaşayış evlərinin artımı yeni abonentlərin rabitə və internet xidmətləri ilə əhatə olunmasını aktual edir. Cari ilin ötən dövrü ərzində əhalinin rabitə və internet xidmətlərinə olan tələbatının təmin edilməsi məqsədilə Naxçıvan şəhərinin Qaraçuq kəndində, Babək rayonunun Nehrəm qəsəbəsində və Şahbuz şəhərinin Bakı küçəsində müxtəliftutumlu yeni nəsil avtomat telefon stansiyaları sakinlərin istifadəsinə verilib. Hazırda kənddə bir avtomat telefon stansiyası fəaliyyət göstərir ki, bu da Şıxmahmudda əhalinin, habelə yeni inşa edilən fərdi yaşayış evlərinin artımı nəticəsində yeni abonentlərin rabitə və internet xidmətləri ilə əhatə olunmasını zəruri edir. Həyata keçirilən məqsədyönlü tədbirlərin davamı olaraq Şıxmahmud kənd sakinlərinin rabitə və internet xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə kənddə 256 nömrətutumlu yeni avtomat telefon stansiyasının qurulması istiqamətində müvafiq işlər görülür. 
    Belə ki, avtomat telefon stansiyasının yerləşdiyi ərazidə ilkin olaraq dəmir-betonlama işləri görülərək tamamlanıb. Həmçinin 40-a yaxın dəmir dirək basdırılır, 1 paylayıcı şkaf, 20 yeni abonent qutusu quraşdırılır, 150 metr fiber-optik xətt və 2700 metr müxtəliftutumlu kabellər çəkilir. Həmçinin yeni quraşdırılacaq telefon stansiyasının ətrafının mühafizə məqsədilə çəpərlənməsi də nəzərdə tutulub.
    Yeni avtomat telefon stansiyası kənd sakinlərinin internet və rabitə xidmətlərinə olan tələbatının ödənilməsinə şərait yaradacaq.

 Naxçıvan Muxtar Respublikası
 Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.06.2022 17:21