AZ EN RU

Şişqayadan çıxarkən...

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

    Nənəmlə hər zaman olduğu kimi “Xəbərlər”ə baxırdıq. Azad olunmuş kənd və şəhərlərimizin bərpasından, inşasından və əhalinin öz ata-baba yurduna qayıtmasından danışırdılar. Birdən nənəm kövrək bir səslə, “Kaş bizi də ata-baba yurdumuza qaytarardılar”, – deyib köks ötürdü.
    – Hara, nənə? Niyə kövrəldin?    
    Nənəm kövrək xatirələrini çətinliklə olsa da, canlandırmağa və ürəyinin dərinliyində neçə ildir, ona əzab verənləri mənə danışmağa başladı. 
    – Qızım, biz indiki Ermənistan ərazisindən ulu babalarımızın torpağı olan Göyçə mahalından zorla çıxarılmışıq. Sənin anan, atan da orada anadan olub. Ulu babalarımızın torpaqlarına mənfur düşmənlərimizi cəmi bir gecədə gətirib yığdılar. Sonra isə bizi öz elimizdən, evimizdən çıxmağa məcbur etdilər.
    Nənəmdən bu söhbəti bir qədər ətraflı danışmağı xahiş etdim. O da sanki elə ürəyini boşaltmağa bənd imiş kimi sözə başladı:
    – Qızım, biz o zaman Göyçədə yaşayırdıq. Sovet hökumətinin zamanında Göyçəni Ermənistana verdilər. Bizdən əvvəl – babalarımızın vaxtında burada təkcə Azərbaycan türkləri və bizimlə dost olan başqa millətlər yaşayıb. Göyçənin Vedi, Şişqaya, Basarkeçər, Bala Məzrə, Böyük Məzrə kimi çox gözəl təbiəti, havası və suyu olan guşələri var. Göyçə gölünün gözəlliyinə doyum olmazdı. İnək dağı, Gəlin qayası kimi gözəl mənzərəli təbiəti, gözəllikləri indi də xatirimdədir. Buranın əhalisi daha çox heyvandarlıq və tütünçülüklə məşğul olurdu. Kolxozun heyvanına kişilər baxır, tütünü isə qadınlar becərirdi. Biz gözəl, səfalı Şişqayada yaşayırdıq.
    O vaxt ruslar öz tarixlərini bizə öyrədə-öyrədə ən gözəl yerlərimizdə erməniləri yerləşdirirdi. Süfrəmizi bölüşdüyümüz ermənilərsə, elə bizimlə “dost ola-ola” başladılar ki, bura bizimdir, çıxmalısınız. Yaxşı deyib atalarımız: “Yersiz gəldi, yerli qaç”. Azərbaycanlılar çox narazılıq etdilər, hətta sovet hökumətinə, Moskvaya şikayət etdilər ki, bura bizim dədə-baba Vətənimizdir. Amma heç kim bizə qulaq asmadı, heç deyilənlərə məhəl qoyan tapılmadı. Özümüz deyib, özümüz eşitdik. 
    O zaman kolxozda çoban olan baban yoxsul ermənilərə hər zaman əl tutardı, ət, süd, yun verərdi. Hər gün olduğu kimi, bir səhər də baban hazırlaşıb evdən çıxdı üzü kolxoza tərəf. Baxdım ki, titrək səslə məni çağırır.
    – Nə oldu, niyə qayıtdın? – deyə soruşdum. Baban dedi ki, ermənilərdən biri gəlmişdi gizlicə yanıma. Dedi ki, sən mənə o qədər hörmət etmisən ki, heç ermənilər mənə bu qədər kömək eləməyib. Ona görə də sənə deyirəm ki, bu gecə ermənilər kəndə silahlı basqın edəcəklər. Çalışın tez bir zamanda kənddən çıxın. Ancaq mənim dediyimi heç kəs bilməsin, yoxsa məni burada yaşamağa qoymazlar. 
    Biz babanla hər şeyi tez hazırlamağa başladıq, ancaq babanın çoban növbəsi olduğuna görə mütləq növbəyə getməliydi. Yoxsa ya cərimə yazacaqdılar, ya da ki getməmək səbəbini öyrənəcəkdilər. Mən evdə əşyalarımızı hazırlamağa başladım, baban isə dağa gedib-qayıdacaqdı. Mənə demişdi ki, azərbaycanlılara xəbər edim ki, hər kəs çıxsın. 
    Artıq hər şeyi hazır edib babanın gəlməyini gözləyirdim. Axşamçağı idi, gün batırdı. Həyətə çıxdım ki, hər kəs yük maşınlarının üstünə əşyalarını yığıb mərkəzi yola doğru gedir. Mən tez babanın arxasınca dağa getdim. Dağın ətəyində dayanıb onu səslədim. “Gəlirəm, get evə, uşaqları niyə tək qoymusan?” – deyərək mənə acıqlandı. Tez kəndə gəldim. Bir neçə həyətdə dolu maşınları gördüm. Qonşu dedi ki, əvvəldən gedənlər yolu keçiblər, biz keçə bilmədik, ermənilər yolu tutublar. Artıq maşınla gedə bilməyəcəyimizi bilirdim. Ancaq bəzi şeylər götürdüm. Bütün kənd əhalisi kəndi piyada tərk etməyə çalışırdı. Kiminin qucağında, kiminin kürəyində körpəsi vardı. Evdən heç nə götürə bilməmişdik. Biz İnək dağından keçməli, sonra isə Gədəbəyə getməli idik. Yaşlı insanlar yeriyə bilmirdilər. Qar dizdən yuxarı çıxmışdı. Havanın kəskin soyuqluğu və qarın çoxluğundan tez -tez baş verən uçqunlara görə körpələr, qocalar, zəif insanlar həlak olurdular. Babanın 20 yaşlı əmisi nəvəsi də qarın altında qaldı, sonra nə qədər gəzdilər tapa bilmədilər, sadəcə, saatını tapdılar. Biz nə qədər tez-tez getməyə çalışsaq da, hava şəraiti buna imkan vermirdi. İnək dağını keçdik və Gədəbəyə çatmağa az qalmışdı ki, arxamızdan silahlı erməni dığalarının gəldiyini gördük. Qabaqdakı kəndə çatan adamlar Gədəbəy əhalisini səsləyir, köməyə çağırırdılar. Hər kəs uşaqları qorumaq üçün kənddəki evlərə tərəf qaçırdı. Elə onda kənd camaatının əllərində bel, yaba ilə  bizi qorumaq üçün köməyə gəldiyini gördük. Evlərə girirdik, kənd camaatı isə ermənilərlə vuruşurdular. Bizi gözəl qarşıladılar. Uşaqlara, qocalara, hər kəsə yemək, paltar verdilər, evlərində yerləşdirdilər. Bir gecəni orada qaldıq. 
    Biz yeni sığınacaq tapdığımız evə heç cür uyğunlaşa bilmirdik. Əminlə Göyçəyə əşyalarımızı və heyvanlarımızı gətirməyə gedən baban deyirdi ki, biz maşınla yolu keçməyə çalışsaq da, onlar icazə vermirdilər. Qayıdıb dağ yolu ilə evimizə getməyə tələsdik. Evimizdə erməni ailəsini gördükdə sanki içimdə fırtına qopdu. Bizə aid olan əşyaları götürmək istəsəm də, onlar icazə vermədi. Tək götürəcəyim şey isə ailə şəkilləri oldu. Mənə kömək edən ermənini soruşdum. Dedilər ki, onu bizə qaçmaq xəbərini verdiyi üçün işgəncə ilə öldürüblər. Biz gəldiyimiz yolla da geri qayıtdıq. Hava sakit olsa da, qəlbimiz, ruhumuz narahatlıqla dolu idi. 
    Nənəm yenə də əllərini göyə açıb dualarını əsirgəmir: – Şükür olsun, ay bala, artıq yurd-yuvasından didərgin düşənlər yavaş-yavaş geri qaytarılır. Evlərin neçə illərdir, yanmayan ocaqları yanır, gözlərdəki həsrət sona yetir.
    Nənəm ümidlidir... Hər qarışı candan əziz olan, doğulub boya-başa çatdığı torpağının qayıdacağı günü səbirsizliklə gözləyir. 
    Mən də nənəmin arzularının tezliklə gerçəkləşəcəyinə sonsuz ümid hissi ilə o torpaqlara qayıdacağımıza inanıram...

Şəfa Yazar (Səfərova) 
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə 
III kurs tələbəsi

Nəşr edilib : 17.01.2023 18:53