AZ EN RU

“Sirab aldım süd çıxdı”

 İkinci hekayə

Təkrarçılıq olmasın deyə, bu yazıya başqa bir başlıq da seçmək olardı. Amma bu gün gecikmiş həqiqətlə üz-üzə qalmış sadə insanların sualları, yaxud bildi-bilmədi bəzilərinin iddiaları bizi də tam 10 il geriyə, qəzetimizin 25 aprel 2012-ci il nömrəsinə bir də nəzər salmağa vadar etdi. O dönəmə ki sadə oxucunun indi haqlı olaraq yönəltdiyi “nədən?!” sualından öncə o vaxtlar qəzetdə Naxçıvanın həmin dövrdəki iqtisadi və sosial-mədəni həyatındakı inkişafı ilə bərabər problemlər də işıqlandırılır, həm yazılı, həm də görsəl mətbuat günün nəbzini tutmağa, çəkinmədən sözünü deməyə çalışırdı. Bu da təsadüfi deyildi, çünki konkret olaraq “Şərq qapısı” qəzeti hələ Ümummilli lider Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti dövründə bütün çətinliklərə baxmayraq, 100 illik tarixinin qızıl səhifələrini yazmış və bu ənənə həmin illərdə də davam etdirilmiş, jurnalist araşdırması və tənqidi fikir bir kirpi tikanı kimi dəqiq ünvanını sancmışdır. Ancaq daha sonralar birdən nə oldusa, kim nə dedisə, bu “kirpi” qınına girib, ətrafı görməz oldu. Və bu boşluğu dolduran keçəl məddahlar da az qala şəhərimizdəki Bazar gölündə üzən qazlara göstərilən qayğıdan dəm vurub, onlara yem atan bikar adamların fədakarlığından bəhs etdilər. Beləcə, zamanla havanın getdikcə daha da qaralması ilə çoxalan siçanları ovlayan “qara pişik”lərə də əsl meydan yarandı. Halbuki

Orxan Fikrətoğlunun sözü olmasın, halbuki Naxçıvan təkcə 1990-ların deyil, bütün tarixmiz boyu AZƏRBAYCANLILARAN düşüncə, azad söz və demokratik fikir mərkəzi olub, məhz bu torpaqdan ilk azadlıq şüarları səslənib. Naxçıvanlılar nə qədər çətin şərtlərdə olsalar da, həmişə doğma Bakı ilə qucaqlaşaraq bütün təhlükələrə birgə sinə gərib, Vətənimizin torpaq bütünlüyü üçün bərabər mübarizə aparıblar. İqtisadiyyat inkişaf etdirilb, insanlar yurd yerlərində məskunlaşmağa, ata ocağında qurub-yaratmağa çalışıblar. Eləcə də ədəbi mühit, azad söz, yaradıcılıq axtarışları  da insanları düşünməyə, düşündükcə hər şeyin ən doğrusunu, ən faydalısını etməyə səsləyib.  

Bəli, təxminən, həmin dövrlərdə zamanın diktəsi ilə insanları xoşbəxt edən müsbət hadisələrlə yanaşı, “nəyə görə Naxçıvanda südün hələ də Sirab butulkasında satıldığı” qələmə alınmış, südsatan Pəriş nənənin müştərilərini necə razı salması çox da  kəskin olmayan satirik bir dildə tənqid mövzusu olmuşdu. Çünki, Naxçıvanda süd emalı müəssisələrinin yaradılmadığını ozamankı şərtlərdə birbaşa söyləmək “xoşagəlməz” olduğundan, dolayısı ilə bunun günahını boş “Sirab” butulkalarında axtarmışdıq.  O zamanlar bu və bunun kimi digər replikalarımızın əsl mahiyyətini tutan sadə naxçıvanlılar marketlərdən standartlara uyğun qablaşdırılmış yerli istehsal məhsulu olan süd, qaymaq,   kərə yağını tapmayıb, mənşəyi bilinməyən Yeni Zelandiya və İran istehsalı olanları alanda bizimlə bərabər təəssüflənsələr də, tənqidin birbaşa hədəfi olan zırpı məmurlar isə əksinə, kiçik sahibkarlığa şərait yaradıb əsl regional inkişafa çalışmaq əvəzinə kəndlinin acığına onunla sanki “sosializm yarışı”na girmiş kimi özləri yüz hektarlarla torpaq sahəsində taxıl əkir, minlərlə baş mal-qara saxlayıb  bağ-bağat, mülk sahibi olurdular. Puluna minnət!

 Halbuki bu gün üstü açılıb yüz milyonlarla ölçülən həmin pullar Azərbaycan hökuməti tərəfindən hər yerdə, hər kəsin yaxşı yaşaması, iqtisadiyyatın şaxələndirilməsi, ixracın təşviq olunması, ən ucqar kənddə mümkün olduğu qədər çox istehsal və xidmət sahəsi təşkil olunması, torpaq mülkiyyətçilərinə üstünə şapka qoyulmadan texnika verilməsi, əhalinin ucqarlardan köçünün qarşısının alınması, yerli xammalla işləyən emal müəssisələrinin yaradılması üçün verilmişdi. Bunlar olmadıqca Naxçıvanın onsuz da quraqlıqdan az olan suvarma suyu ehtiyatlarının qolu zorbalara   verilməsi, Şahbuzun, Ordubadın yay  otlaqlarının arandan gələn nazir-fermerlərin qoyun-quzularına  peşkəş edilməsi, bu rayonların dağ kəndlərinin səfalı guşələrində “Kiçik Cin səddi” ilə əhatələnmiş başçı, nazir, keçmiş nazir və  daha kimlərəsə aid villaların ucaldılması, nəticədə şəhərlə kəndin yaxınlaşmasından çox kəndlərin gedərək boşalması, evlərin qıfıllanması, kənd məktəblərində müəllimlərin şagirdlərdən sayca çox, şəhər məktəblərində isə əksinə,  25-30 nəfər  şagirdin bir  sinfə sıxışdırılması qaçınılmaz oldu.  Nəticədə, öz dözümlüyü, doğma torpağa, qohuma, dosta bağlılığı və dürüstlüyü ilə seçilən naxçıvanlıların  bir çoxu  ölkəmizin digər yerləri  ilə müqayisədə həyat səviyyəsi fərqlərinin daha da artıq artmasına səbir edə bilməyib  Bakıya, qardaş Türkiyəyə  köç etdilər. Köç  edə bilməyən Pəriş nənə kimi ahıllar isə bu gün də “Sirab butulkalarındakı yarıturşumuş südü həftəsonu yarmarkasında  günortaya qədər dəyər-dəyməzinə şəhər camaatına  sata bilmək üçün müştəri cağırırlar. Çünki yubansalar adambaşı taksiyə 5 manat ödəyib Şərura getməli olacaqlar. Bilirlər ki, günorta saat 2-dən sonra Şərur-Sədərək istiqamətində  bir dənə də olsun  avtobus tapılmayacaq.  Halbuki…

Bəli, halbuki bu bölgələr Naxçıvan Muxtar Respublikasının əhali  ehtiyatları baxımından ən böyük rayonlarıdır.

Əli CABBAROV

Nəşr edilib : 18.01.2023 12:18