AZ EN RU

Şimali kiprli incəsənət nümayəndələri Naxçıvanda

Naxçıvanın muxtariyyətinin 100 illiyi münasibəti ilə Azərbaycan Kipr Dostluq Cəmiyyəti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Şimali Kipr Türk Cümhuriyyəti müasir musiqi dərnəyi xor kollektivinin “Tək səs, tək ürək” adlı konsert proqramı keçirilib. Universitetin Konservatoriya binasının akt zalında təşkil olunan konsert proqramı tamaşaçıların alqış sədaları ilə yekunlaşıb. Biz də “Şərq qapısı” olaraq tədbirin təşkilatçısı Azərbaycan Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu ilə görüşdük. Naxçıvan muxtariyyətinin 100 illiyi ilə bağlı onun fikirlərini öyrənmək istədik. Orxan Həsənoğlu bildirdi ki, bu il Naxçıvan Muxtar Respublikasının muxtariyyətinin 100 illiyinin qeyd olunması xaricdə yaşayan biz azərbaycanlıları da ürəkdən sevindirir. Biz də Vətən sevgisi ilə yaşayan çoxsaylı soydaşımızla birgə Prezident cənab İlham Əliyevin muxtar respublikanın 100-cü illiyi ilə bağlı imzaladığı Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək üçün bir sıra tədbirlər nəzərdə tutmuşuq. Çünki Azərbaycan xalqının tarixində Naxçıvan Muxtar Respublikasının varlığı, yaşamağı, bu gün sürətlə inkişaf etməsi çox mühüm strateji əhəmiyyət daşıyır. Xüsusi ilə nəzərə alsaq ki, Böyük İpək yolunun tam mərkəzində yerləşən Naxçıvan günümüzdə aktual olan lojistik məsələlərdə də yerini almaqdadır. Strateji və tarixi əhəmiyyətə malik olan muxtar respublikamızın tanıdılmasını hər birimiz vətəndaşlıq borcu sayırıq. Ona görə də 2024-cü ildə Naxçıvan muxtariyyətinin 100-cü ili ilə bağlı keçirilən tədbirlərdə Şimali Kiprdə hər bir azərbaycanlı qürurla iştirak edir. Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə həyata keçirilən bu tədbiri 2024-cü ildə muxtar respublikanın tanıdılması ilə bağlı həyata keçirəcəyimiz layihələrin başlanğıcı hesab edirik.

Digər bir müsahibimiz isə Şimali Kipr Türk Cümhuriyyəti müasir musiqi dərnəyi xor kollektivinin bədii rəhbəri Ersin Tunay oldu. Naxçıvana ilk dəfə gəldiyini bildirən Ersin bəy burada onlara böyük ehtiram göstərdiklərini dilə gətirdi: – Naxçıvan bizə səmimi bir qucaq açdı. Bilirik ki, Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr Türk Respublikasının taleyi bənzərdir. Hər zaman da bunu dilə gətiririk. Sözsüz ki, çox böyük mücadilələr sonunda bu günlərə gəlib çatmışdır. Burda olmaqdan, qardaşlarımızla birgə eyni havanı qəbul etməkdən qürur duyuruq. Proqramımızda türk musiqisinə aid əsərlərdən başqa Kipr musiqilərinə də yer verdik və sonda da gördünüz ki, “Azərbaycan” mahnısı ilə konsertimizi yekunlaşdırdıq. Bu gün bu səhnədə möhtəşəm anlardan biri də bu oldu ki,  bayraqlarımızı dalğalandırdıq. Azərbaycan Respublikası, Şimali Kipr Türk Respublikası və Türkiyə Cümhuriyyəti dövləti daim birgə addımlarla, əl-ələ davam edir. Təbii ki, bu çox yaxşı bir haldır. Ümid edirik ki, bundan sonra da ortaq layihələrimiz davam edəcəkdir. Hər birinizə ürəkdən təşəkkür edirəm və qardaşlarımıza minnətdalığımı bildirirəm. Yaxşı ki varsınız! Yaxşı ki varıq! yaxşı ki Türk dünyası var!

 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 12.02.2024 12:28