AZ EN RU

Şiksin Çen: “Naxçıvanda həyata keçirilən işlər iqtisadi inkişaf üçün çox önəmli, insanların güzəranını, dolanışığını yaxşılaşdıran amillərdir”

    Sentyabrın 13-də Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çenin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. 

    Səfər çərçivəsində qonaqlar əvvəlcə Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olublar. Məlumat verilib ki, bu kompleks 2014-cü il aprelin 7-də istifadəyə verilib. Nanofiltrli membran tipli sutəmizləyici qurğu əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsində böyük rol oynayır. Kompleksdə suyun təmizlənməsi üçün ən müasir qurğu və avadanlıqlardan istifadə olunur. 

    Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinə baş çəkən nümayəndə heyətinə bildirilib ki, kanalizasiya sularının təmizlənməsi üçün Araz çayının kənarında tikilən bu kompleks 2018-ci il mayın 16-da istismara verilib. Təmizləyici qurğu 3 mərhələli təmizləmə sistemindən ibarətdir. Kompleksdə təmizləmə prosesi fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Həmin qurğu gün ərzində 32 min kubmetr və ya saniyədə 370 litr çirkab sutəmizləmə gücünə malikdir. Burada su 0,03 mikrona qədər təmizlənir və ozon vurularaq tutumu 1800 kubmetr olan suvarma hovuzuna ötürülür. Membrandan çıxan təmiz su ilə suvarma mövsümündə öz axımı ilə 170 hektar sahəni, nasoslar vasitəsilə 330 hektar sahəni suvarma suyu ilə təmin etmək olur.

    Qonaqlar “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sisteminin İnkişafı” layihəsinin çərçivəsində reallaşdırılacaq Qaraçuq magistral beton kanalına və Əlincə çayından qidalanan Culfa rayonundakı Bənəniyar Su Anbarına sugətirici beton kanalına baxıb, layihənin icra vəziyyəti ilə yerində maraqlanıblar. 

   “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyindəki eksponatlarla tanışlıqdan sonra “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Stansiyasına gələn qonaqlara muxtar respublikamızda dəmir yollarının inkişaf tarixi barədə geniş məlumat verilib. Bildirilib ki, son illər Naxçıvan, Şərur, Şahtaxtı, Culfa, Ordubad sərnişin vağzalı binalarında, 12 stansiyanın idarəetmə mərkəzlərində, cəmiyyət aparatının, eləcə də İnfrastruktur İdarəsinin inzibati binalarında əlavə olaraq 20-yə yaxın inzibati və yardımçı binada yüksək səviyyədə əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilib, dəmir yollarının əsaslı təmiri, yenidən qurulması və gələcək perspektivlər nəzərə alınaraq silsilə tədbirlər həyata keçirilib. 
    Səfər müddətində nümayəndə heyəti Duzdağ Fizioterapiya Mərkəzi və Möminə xatın türbəsi ilə də əyani tanış olub. 
    Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çen səfərinin məqsədi, həyata keçiriləcək layihələr və təəssüratları barədə fikirlərini “Şərq qapısı” qəzetinin oxucuları ilə bölüşüb:
    – Bu mənim Azərbaycana və onun Naxçıvan Muxtar Respublikasına ilk gəlişimdir. Səfərim olduqca maraqlı keçdi, xoş təəssürat bağışladı. İlk növbədə, insanların qonaqpərvərliyi, səmimi münasibəti, təbiətin gözəlliyi və iqtisadi inkişafın perspektivləri diqqətimi çəkdi. Gördüm ki, burada, həqiqətən, böyük inkişaf imkanları vardır. Təəssüratlarım, öyrəndiklərim belə deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasında son 10 illikdə çox böyük inkişaf prosesləri gedib, müasir infrastruktur yaradılıb, abad yollar çəkilib, elektrik və qaz təchizatı sistemi qurulub, yeni texnologiyalar tətbiq edilib. İndi buranın hər kəndində internet şəbəkəsindən rahat şəkildə istifadə etmək olar. Bütün bunlar əlbəttə ki, iqtisadi inkişaf üçün çox önəmli amillər, insanların güzəranını, dolanışığını yaxşılaşdıran faktorlardır. 
    Qeyd edim ki, bu gün səhər biz Naxçıvan şəhərinə su təchiz edən sutəmizləyici qurğular, eləcə də, çirkab suların təmizlənməsi qurğularının komplekslərinə baş çəkdik. Bunlar Asiya İnkişaf Bankı tərəfindən maaliyyələşdirilən çox önəmli layihələrdir. Fürsətdən istifadə edərək deyim ki, bu layihələr, həqiqətən, çox təqdirəlayiqdir, insanları su ilə təchiz edən həmin lahiyələrin dəyərini təbii ki, naxçıvanlılar da görür, bilirlər. Asiya İnkişaf Bankının gələcək layihəsi də vardır. Səfərimiz zamanı biz “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sisteminin İnkişafı” layihəsi çərçivəsində reallaşdırılacaq Qaraçuq magistral beton kanalına və Əlincə çayından qidalanan Bənəniyar Su Anbarına sugətirici beton kanala baxdıq, yerlərdəki vəziyyətlə əyani şəkildə tanış olduq. Gələcəkdə reallaşacaq həmin layihələr kənd təsərrüfatının inkişafı üçün çox önəmlidir. Yeni kanallar tikilsə, köhnələri bərpa olunsa və beləliklə, suvarma suyunun həcmi artsa, həmin sular kəndlilər tərəfindən istifadə oluna bilsə, sözsüz ki, məhsuldarlıq da xeyli artacaq. Sözügedən layihələri Naxçıvan hökuməti ilə sıx əməkdaşlıq şəraitində birgə icra edəcəyik. Layihədə suvarma, drenaj və meliorasiya fəaliyyəti, sudan istifadənin səmərəliliyi nəzərdə tutulub. Hamısı çox faydalı məsələlərdir. Bütün bunlar icra olunsa, layihənin faydası daha da artacaq. Düşünürəm ki, biz insanlara da yatırım etməliyik, potensialın artırılması, təlimləndirmə də gələcək inkişafın bünövrəsini təmin edən çox önəmli amillərdəndir. 

Nail ƏSGƏROV

Nəşr edilib : 13.09.2022 20:56