AZ EN RU

Sığortanın əhəmiyyətinə həsr olunmuş maarifləndirici tədbir

Naxçıvan MR Dövlət Miqrasiya Xidmətində 35 nəfərin iştirakı ilə “Fiziki şəxslərə məxsus olan əmlakların sığortası”, “Fiziki şəxslərə məxsus olan heyvanların sığortası”, “Fərdi Qəza sığortası”, “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” və “Daşınmaz əmlakın icbari sığortası” növlərinin icrası ilə bağlı “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi tərəfindən 2022-ci ildə görüləcək işlər üzrə Tədbirlər Planına uyğun olaraq maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Sığorta Xidmətinin əməkdaşları Amil Məmmədov, Mehdi Bağırov və Çinarə Mərcanova çıxış etmişlər.

İlk olaraq Dövlət Miqrasiya Xidmətinin rəis müavini, miqrasiya xidməti müşaviri Elnur Məmmədov tədbiri açıq elan etmiş və tədbirin gündəliyi barədə əməkdaşlara məlumat vermişdir. Daha sonra Dövlət Sığorta Xidmətinin müavini Musa Əliyev baş tutan tədbir barədə məlumat vermiş və tədbiri təşkil etdiyinə görə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə öz dərin  təşəkkürünü bildirmişdir. Direktor müavini vurğulamışdır ki, bugünkü tədbirin məqsədi vətəndaşlar arasında icbari və könüllü sığortaya olan maraq və inamın artırılması və sığorta növlərinin inkişaf etdirilməsidir.

Daha sonra Amil Məmmədov çıxış edərək bildirmişdir ki, Avtomobil nəqliyyat vasitələrindən rahatlıqla istifadə olunmasında sığortanın əhəmiyyəti böyükdür. Belə ki, sığorta olunmaq bu vasitələrdən istifadə zamanı bəzən qaçınılması mümkün olmayan bədbəxt hadisələrin vurduğu maddi zərərlərin əvəz olunmasında nəqliyyat sahibinin köməyinə gəlir. Çünki avtomobillərdən istifadə zamanı yaranan arzu­edilməyən hadisələr həm avtomobil sahiblərinə, həm də digər üçüncü şəxslərə maddi zərərlər vurur. Ölkəmizdə mövcud olan qanuna əsasən belə bədbəxt hadisələr zamanı üçüncü şəxslərə dəyə biləcək zərərləri ödəmək üçün icbari, zərərvuran avtonəqliyyat vasitəsinin sahibinə dəymiş zərəri ödəmək üçün isə avtonəqliyyat vasitəsinin tam sığorta müqaviləsi bağlanılır. Avtomobilin hərəkəti zamanı başqasının avtomobilinə və həyatına vura biləcəyi zərərlə əlaqədar avtomobil sahibinin çıxılmaz vəziyyətə düşə biləcəyini nəzərə alaraq mülki məsuliyyətin sığortası hər kəs üçün icbari qaydada tətbiq olunur. Sığorta hadisəsi baş verdiyi zaman zərərvuran avtomobil sahibinin öz nəqliyyat vasitəsinə dəymiş zərər isə bu hadisəyə qədər avtonəqliyyatı tam sığorta müqaviləsi olduğu halda ödənilir. Ona görə də avtonəqliyyat vasitələri sahibləri təkcə mülki məsuliyyətlərini deyil, həm də avtomobillərini sığortalamalıdırlar. Çünki mülki məsuliyyətin sığortası ola biləcək qəza halında digər şəxslərin həyatına, sağlamlığına, mal və əmlakına vurduğu zərərlərin onun özü tərəfindən deyil, sığorta agentliyi tərəfindən ödənilməsini təmin edir. Tam sığorta və ya başqa adı ilə kasko sığortası isə avtomobil sahibinin sərxoşluğu və hadisənin qəsdən törədildiyi hallar istina olmaqla dəyə biləcək bütün zərərlərin, hətta təbiət hadisələri və təsadüflər nəticəsində həmin avtomobilin sahibinə dəymiş zərərlərin ödənilməsinə təminat verir.

Avtomobil sahibinin istəyindən asılı olaraq avtonəqliyyat vasitəsinin tam sığortası tərəflər arasındakı razılaşma yolu ilə bağlanılmış müqavilə əsasında təmin edilir. Eyni zamanda tam sığorta avtomobil sahiblərini oğurluqdan, yol qəzalarından, yanğından, partlayışdan, təbii hadisələrdən, hətta avtomobil sahibinin təqsirli olub-olmamasından asılı olmayaraq əşyaların düşməsindən, atılmasından və sair risklərdən sığortalaya bilməyiniz üçün də tətbiq olunur. Ona görə də avtonəqliyyat vasitəsi sahibləri mülki məsuliyyətin icbari sığortası ilə yanaşı, həm də tam sığorta müqaviləsini bağlamaqla sığorta zəmanətlərindən faydalana bilərlər. Avtonəqliyyat vasitəsinin tam sığorta məbləğinə gəldikdə, bu, avtomobilin bazardakı dəyəri və sığortaçı ilə ­sığortaolunan arasındakı razılaşma əsasında həyata keçirilir. Avtonəqliyyat vasitəsinin tam sığortası üzrə qəza halları baş verdikdə sığorta­olunanın müraciəti əsasında qəza nəticəsində dəymiş zərərin tam məbləğdə, yəni müqavilə bağlanarkən müəyyənləşdirilmiş sığorta məbləği həddində ödənilir. Vətəndaşlar avtonəqliyyat vasitəsini tam sığorta etdirməklə bütün gözlənilməz hadisələrdən sığorta təminatı almış olurlar. Ona görə də avtonəqliyyat vasitələrinin tam sığortası hər bir avtonəqliyyat vasitəsi sahibi üçün zəruridir.

Daha sonra tədbirdə Xidmətin əməkdaşı Çinarə Mərcanova çıxış edərək bildirmişdir ki, Daşınmaz əmlakın icbari sığortası 24 iyun 2011-ci il tarixli “İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi” barədə Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli fərmanına əsasən daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Bununla yanaşı, qanuna əsasən sökülməsi barədə qərar qəbul edilmiş, tikintisi başa çatmayan qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.Yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə, qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri sığorta hadisəsi hesab olunur. Belə hallar sığorta müqaviləsi bağlanmamışdan əvvəl yaşayış evinə dəymiş zərərlər və qanunda nəzərdə tutulmuş sığorta hadisələrindən başqa, yəni, sığortalının faydalanan şəxsin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər, sığortalanmış əmlakın təmiri, qrunt sularının səviyyəsinin dəyişməsi, suyun borularda və ya rezervuarlarda aşınma, şaxtavurma, yeyilmə, tədricən xarab olma, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axının baş verməsi kimi hallar hesab olunur və belə hadisələr nəticəsində daşınmaz əmlak sahibinə sığorta ödənişi verilmir.

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləği Naxçıvan şəhərində 20 min, rayon və kəndlərdə 15 min manat məbləğində müəyyənləşdirilmişdir.

Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi qanuna əsasən tikililər və binalar üzrə - sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür tikilinin və binanın inşasının dəyəri – məbləğində, qeyri – yaşayış səhələri üzrə - sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür və həmin texniki vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində həyata keçirilir.

Daha sonra Çinarə Mərcanova Fiziki şəxslərə məxsus olan əmlakların sığortası, Amil Məmmədov Fiziki şəxslərə məxsus olan heyvanların sığortası və Mehdi Bağırov isə Fərdi qəza sığortası barədə məlumat vermişlər.

Sonda verilən suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, Xidmətin işçilərinə qeyd olunan sığorta növlərinə dair 280 ədəd buklet və broşür paylanılıb.

Nəşr edilib : 20.05.2022 10:55