AZ EN RU

Sığorta xidmətinin səviyyəsi yüksəldilir

    Sığorta   günümüzdə tələb olunan çox önəmli bir məfhuma çevirilib. Artıq hər kəs öz sağlamlığını, əmlakını, avtomobilini, əşyasını sığortaladaraq rahat şəkildə yaşamaq istəyir. Sığortalanmaq gözlənilməz bədbəxt hadisələrdən ən az zərərlə çıxmaq, özünü və yaxınlarını qorumağın ən birinci yolu və hər kəsin əsas arzusudur. Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti də insanların məhz bu arzularının reallaşması yolunda əmək sərf edib yeni yollar axtarır, öz xidmətlərini daha da genişləndirir.
    Məlumat üçün bildirək ki, xidmət 2022-ci ilin birinci yarısını istər həyat, istərsə də qeyri-həyat sığortası üzrə uğurla başa vurub. Belə ki, bəhs olunan dövrdə həyat və qeyri-həyat sığorta sinifləri üzrə 5-i icbari, 12-si könüllü olmaqla 17 sinif üzrə aktiv sığorta yığımı həyata keçirilib. Sığorta haqlarının yığılmasında səyyar xidmətin rolu əvəzedilməzdir. Səyyar sığorta xidməti muxtar respublikanın ucqar dağ kəndlərində belə vətəndaşlarla görüş keçirir, maarifləndirici söhbətlər aparır və yeni sığorta müqavilələri bağlayır. 2022-ci ilin ilk 6 ayı ərzində, ümumilikdə, muxtar respublikanın             7 rayon, 3 şəhər, 7 qəsəbə, 99 kəndində fəaliyyət göstərilib ki, bu da ötən illə müqayisədə səyyar xidmətin əhatə dairəsində 32 faiz, sığorta müqavilələrinin sayında 43 faiz, sığorta haqlarında isə 73 faiz artım deməkdir.
    Xidmət tərəfindən aparılan sığorta fəaliyyəti üzrə sığorta haqlarının yığımında ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 6, könüllü sığortalar üzrə fiziki şəxslərə məxsus əmlakın sığortasında 0,43, fərdi qəza sığortasında 13, sahibkarlara məxsus əmlakın yanğın və digər əlavə risklərdən sığortasında 11, girov sığortasında 34, ipoteka krediti üzrə borcalanın fərdi qəza və əmək qabiliyyətinin itirilməsi riskinin sığortasında 67, avtomobil nəqliyyatı vasitələrinin tam sığortasında 29, kənd təsərrüfatı bitkilərinin məhsullarının sığortasında 77, kənd təsərrüfatı məhsullarının sığortasında 12, kənd təsərrüfatı heyvanlarının sığortasında 0,1 faiz artım olub.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən Aqrar Sığorta Fondunun yaradılmasından sonra fondla bağlanılan müqaviləyə uyğun olaraq cari dövrdə güzəştli sığorta müqavilələri bağlanılmağa başlanılıb. Burada sığortahaqqının 50 faizini sığortalı, digər 50 faizini isə fond ödəyir. Bu da daha çox sığorta müqaviləsi bağlanılmasına və vətəndaşın marağına səbəb olur. Bunun bariz ifadəsidir ki, ilin ilk altı ayı ərzində heyvandarlıq üzrə 203, bitkiçilik üzrə 749 olmaqla cəmi 952 güzəştli şəkildə sığorta müqaviləsi bağlanılıb.
    Cari il fevral ayının 4-də Naxçıvan Biznes Mərkəzində sahibkarlarla keçirilən görüşdə muxtar respublika rəhbəri tərəfindən xidmətin qarşısına qoyulan tapşırıqların icrasına uyğun olaraq xidmətdə sahibkarlarla aparılan işlər gücləndirilib və bu sahəyə diqqət daha da artırılıb. Belə ki, iyun ayında muxtar respublikanın şəhər və rayonları üzrə sahibkarlıq fəaliyyətinin böyüdülməsi üçün sığorta olunmayan obyektlərin sığortalanmağa cəlb edilməsi məqsədilə daimi fəaliyyət göstərən komissiya yaradılıb. Məlumat üçün bildirək ki, bu sahə üzrə cari ilin ilk 6 ayı ərzində 592 ədəd yeni sığorta müqaviləsi bağlanılıb. Həmçinin sığorta müqavilələrinin sayında cari dövrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artım olub. 
    Diqqətə çatdıraq ki, birinci yarım ilin ən böyük uğuru sayılan əsas nailiyyəti iki yeni könüllü sığorta növünün yaradılmasıdır. Yeni sığorta növlərinin yaradılması uzun illər sonra sığorta tarixində atılmış ən böyük addımdır. Bu addımla könüllü sığorta növü 19-a yüksəlmişdir. Yüklərin sığortası və könüllü tibbi sığorta növləri digər sığorta növləri kimi birbaşa xalqın mənafeyinin qorunmasına, onlara dəyəcək zərərlərin qarşısının alınmasına xidmət edəcək. 
    Yüklərin sığortası daşınan yüklərin daha rahat və güvənli şəkildə ünvana çatdırılmasına, könüllü tibbi sığorta isə vətəndaşların, xüsusilə də respublikada yaşayan xarici tələbələrin, əcnəbi vətəndaşların sağlamlığının qorunmasına kömək edəcək. Yeni sığorta növləri ilə bağlı broşür və flayerlərin də hazırlanması nəzərdə tutulub. Həmçinin xidmət daha bir yeniliyə imza ataraq və 505 qısa nömrəli qaynar xətt xidmətini istifadəyə verib. Qaynar xəttin yaradılmasında əsas məqsəd sığorta hadisələri ilə bağlı məlumatları operativ şəkildə qəbul etmək və baş vermiş sığorta hadisələrinə dair sənədləşmə işləri üzrə sualları dərhal cavablandırmaqdır. 
    Bəhs olunan dövr  ərzində xidmətdə Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası da nəzarətdə saxlanılıb, bəndlərin icrasına uyğun olaraq 6 aylıq məlumatlar aidiyyəti üzrə təqdim olunub.
    Maarifləndirmə işlərinin artırılması məqsədilə xidmət tərəfindən ardıcıl şəkildə sosial şəbəkədə yeni postlar paylaşılıb, televiziya və radioda yeni sığorta növləri barədə reklam çarxları verilib, şəhər və rayon qəzetlərində maarifləndirmə xarakterli məqalələr dərc olunub.
    Onu da qeyd edək ki, muxtar respublikanın şəhər və rayonlarında artıq daimi xarakter alan tədbirlər keçirilir, vətəndaşların sualları cavablandırılır, sığortanın mahiyyəti, onun növləri barədə məlumatlar verilir. İlk yarım ildə, ümumilikdə, 45 təşkilatda 1 963 nəfərin iştirakı ilə maarifləndirici tədbir həyata keçirilib.
    Görülən işlərin nəticəsi olaraq onu deyə bilərik ki, xidmət 2022-ci ildə də uğurlu fəaliyyətini davam etdirir.

Zeynəb BABAYEVA
Naxçıvan Muxtar Respublikasının 
Dövlət Sığorta Xidmətinin əməkdaşı

Nəşr edilib : 02.11.2022 20:42