AZ EN RU

Səyyari xidmət fəaliyyətini davam etdirir

    Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yaradılmış səyyari xidmət hər il olduğu kimi bu il də fəaliyyətini davam etdirir. Nazirliyin əməkdaşı Rəşad Seyiddən aldığımız məlumata görə səyyari xidmət üçün nazirliyə verilmiş “Hyundai” markalı avtomobil səyyari xidmətin göstərilməsi üçün kompüter, POS-terminal, fotoaparat və digər avadanlıqlarla təchiz edilib. Səyyari xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında arayışlarının verilməsi və digər sahələr üzrə hüquqi xidmətlər göstərilir. 
    Səyyari xidmət 2023-cü ildə fəaliyyətinə Babək rayonundan başlayıb. Rəşad Seyidin sözlərinə görə, xidmət tərəfindən yanvarın 5-dən 19-dək vətəndaşlara Babək şəhərində, rayonun Nehrəm və Cəhri qəsəbələrində, həmçinin Şəkərəbad, Yarımca, Kərimbəyli, Sirab, Məzrə, Naxışnərgiz və Xəlilli kəndlərində 491 şəxsiyyət vəsiqəsi, 64 sürücülük vəsiqəsi, 105 məhkumluq haqqında arayış, 19-20 yanvar tarixlərində Şahbuz şəhəri və rayonun Kolanı və Sələsüz kəndlərində 52 şəxsiyyət vəsiqəsi, 15 sürücülük vəsiqəsi, 6 məhkumluq haqqında arayış verilib.
    Yanvar ayının 25-dən səyyari xidmət fəaliyyətini Kəngərli rayonunun Qarabağlar kəndində davam etdirir. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 25.01.2023 19:51