AZ EN RU

Şeyx Miranşah piri və məscidi haqqında nə bilirik?

    Şanlı tarixi, yeraltı və yerüstü sərvətləri, abidələri, yetirdiyi görkəmli şəxsiyyətləri ilə qürur duyduğumuz qədim diyarımız Naxçıvan əsrlərboyu elm və mədəniyyətin inkişaf etdiyi məkanlardan olmuşdur. Sirlərlə dolu Naxçıvan həm də müqəddəs məkanları – ibadətgahları, türbələri, xanəgahları və pirləri ilə seçilmişdir. Həm tarixin xəbərçisi, həm də dini-mədəni abidələrimiz olan pirlər diyarımızda kifayət qədərdir və bu gün də insanların ziyarət yerləridir. Onlardan biri də Babək rayonunun Qaraqala kəndinin şərqində yerləşən Miranşah piridir. 

    Hündür təpənin ətəyində yer alan, tarixi, kim tərəfindən inşa edilməsi hələlik bilinməyən bu ziyarətgahda 3 qəbir mövcuddur və baş daşlarında heç bir yazı yoxdur. Dördbucaqlı formada və içərisi sütunlarla olub, iki hissəyə bölünmüş, iki qapı, iki silindrik formalı minarə və iki günbəzdən ibarətdir. Eyni zamanda günbəzlərdə aypara təsvirləri var. Pir və məscid kimi fəaliyyət göstərən bu ziyarətgah kənardan məscid görüntüsü təsiri bağışlayır. Bu günlərdə  Miranşah piri ilə daha yaxından tanış olmaq və bu müqəddəs yer haqqında ətraflı məlumat almaq üçün kəndə üz tutduq. Sakinlərlə görüşüb həmsöhbət olduq. Kənd sakini Musa Həziyev bildirdi ki, eramızdan əvvəl III-II minilliklərə aid edilən Miranşah piri qayanın təbii oyuğunda yer almış və daş inancları ilə bağlı olmuşdur.  Yayılmış rəvayətlər insanlarda bu müqəddəs ocağa böyük inam yaratmışdır. Bu abidədə şam yandırmaq, zəvvarların qara daşa toxunaraq dualar etməsi, niyyət tutub daş yapışdırmaq kimi inanclar həyata keçirilir. Bura həm də bir çox insanların çətinliyə düşdükləri zaman bədnəzəri özlərindən uzaqlaşdırmaq, qorxularını aradan götürmək və ya ibadət etmək üçün üz tutduqları məkandır. 2004-cü ilə kimi, sadəcə, pir kimi fəaliyyət göstərib. Müsahibimiz deyir ki, 2004-cü ildə Məmmədrza Dizə kənd sakini, xeyriyyəçi Sərmasib Bağırovun təşəbbüsu və şəxsi vəsaiti hesabına pir yenidən qurulub. Bu, məscidə daxil olarkən qapının üzərində yerləşən yazıdan da məlum olur. Pirin bərpası və məscidin tikintisi 7 ay çəkib. Məscidin daxilində bərpa və tikintidə iştirak edənlərin adları yazılıb. Onu da qeyd etmək lazımdır ki, bərpa zamanı dini ocaqlar üçün vacib sayılan tələblərə əməl edilib.  Bu da onu göstərir ki, muxtar respublikamızda bu tipli abidələrin təmirində əsaslı təcrübə qazanılıb. Oxucuların diqqətinə onu da çatdıraq ki, pirdə bu müqəddəs ünvana üz tutanların ziyarətinə  də xeyriyyəçi tərəfindən hərtərəfli şərait yaradılıb.
    Qısaca bəhs etdiyimiz bu müqəddəs ocaq bizim tarixi-dini memarlıq abidəmizdir.  Şeyx Miranşah pirinin araşdırılıb öyrənilməsi bu sahə üzrə məşğul olan tədqiqatçı alimlərin üzərinə düşür. Aparılacaq araşdırmalar, yəqin ki, bu inanc yerinin kimə məxsusluğunu, Şeyx Miranşahın şəxsiyyəti, pirin tikildiyi dövr haqqında məlumatlara yol aça bilər və bununla da muxtar respublikamızda bu tipli abidələrin sırası daha da zənginləşər.

 Sürəyya QƏDİMƏLİYEVA 

Nəşr edilib : 20.04.2023 20:31