AZ EN RU

Sevgim də, ruhum da ancaq Vətəndir...

    Qarşımdakı bu kitab alimlər diyarının elm dəryasında bir Günəştək parlayan yüzlərlə, minlərlə ziyalımızdan birinin, muxtar respublika, eləcə də ölkə ictimaiyyətinin yaxşı tanıdığı qayğıkeş müəllim ömründən, əsl ziyalı-alim məqamından, professor Elbəyi Maqsudovun həyatından bəhs edir. Elbəyi müəllimi mən şəxsən tanımamışam, ali təhsil aldığım illərdə dərs də deməyib, lakin haqqında yazılan xatirələri, barəsində söylənən xoş sözləri oxuduqca, mənə elə gəlir ki, onu, əlimə qələm alıb ilk məqalə yazdığım illərdən, tələbə adını qazandığım o xoş günlərdən tanımışam. 63 il ömür yaşamasına baxmayaraq, bir çoxlarının xatirəsində munis hisslər, xoş duyğularla qalan Elbəyi Maqsudov həyatının böyük bir hissəsini elmə həsr edib. O bu gün aramızda olmasa da, geridə qoyduğu təmiz, pak ad-san, nümunəvi ustad-müəllim, ziyalı-alim ömrünün bütün çalarlarını əks etdirir bizlərə. Onun barəsində yazılan “Professor Elbəyi Maqsudov xatirələrdə” kitabında olduğu kimi...

    Əvvəla, onu diqqətə çatdıraq ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla, 200 nüsxə tirajla çap olunan bu kitab ömrünün 40 ilini Azərbaycan təhsilinə, elminə həsr edən professorun keşməkeşli və nailiyyətlərlə zəngin olan həyatına, elm aləmindəki uğurlu axtarışlarına həsr olunub. Ziyalı dostlarının, tələbələrinin, qohum və ailə üzvlərinin barəsində yazdığı xatirələrdən ibarət olan kitabda dilçi alim, şair, pedaqoq və ən əsası nümunəvi insan Elbəyi Maqsudovun həyat və yaradıcılığı tam, dolğun şəkildə canlandırılıb. 
    Kitabın tərtibçisi və redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudovanın “İnsanlıq nümunəsi olan alim ömrü” başlıqlı ön sözü professorun həm həyat və yaradıcılığını, həm də nümunəvi keyfiyyətlərini oxucu ilə tanış etmək baxımından həssaslıqla qələmə alınıb. Müəllif sanki Elbəyi Maqsudovu yenidən tanımaq fürsətini dəyərləndirirmiş kimi, alimin ömür yolundan ürək dolusu danışır. Məqaləni oxuduqca bizə də aydın olur ki, dəyərli ziyalı Elbəyi müəllim, həm də sinəsində bir elin yükünü daşıyacaq qədər böyük xeyirxahlığa, zəngin mənəviyyata malik insan olub. Yəni ki, qarabağlı olmasa da Qarabağın, Şuşanın, Zəngəzurun, o taylı-bu taylı Azərbaycanın yükünü sanki çiyinlərində gəzdirib. Bəlkə, elə buna görədir ki, hər dəfə söhbət otuz ilə yaxın düşmən tapdağı altında qalan Qarabağdan düşəndə dilindən özünün qələmə aldığı bu misralar süzülürdü: 

        Məni o torpaqlar yandırıb, yaxır,
        Alışan qəlbimdə şimşəklər çaxır.
        İçimdən şəhidlik qanları axır.
        Sevgisiz bir ürək ruhsuz bədəndir,
        Sevgim də, ruhum da ancaq Vətəndir. 

    “Ön sözü”n son hissəsində müəllifin yazdığı fikirlər düşünürəm ki, bizim kimi digər oxuculara da böyük təsir bağışlayır. Ən azından ömrü necə, nə cür yaşamalı olduğumuzun bələdçiliyini edir bizə. Həmin hissədə yazılıb: “Elbəyi Maqsudovun xoşbəxtliyi ondadır ki, zənginlərdən, milyonçulardan fərqli olaraq onun varidatı mübahisə və münaqişə mövzusu deyil, onun varidatı hamımızındır, bütün xalqındır. İllər, əsrlər keçəcək, amma gələcəyini elmə bağlayan hər bir azərbaycanlı kitabxana rəflərindən onun kitablarını götürərkən bu adı hörmətlə oxuyacaq: Elbəyi Maqsudov. Və əminəm ki, onun kitablarını əlinə alan hər kəsin dilində bu fikirlər səslənəcək: Allah sənə rəhmət eləsin, Elbəyi müəllim, xeyirxah insan, əsl ziyalı idi...”
    Kitabın növbəti hissəsində Elbəyi Maqsudovun yaradıcılığına, həyatına, müəllimlik və alimlik fəaliyyətinə yaxşı bələd olan, elm yolunda birgə irəliləyib bu müqəddəs fəaliyyətin məsuliyyət yükünü birgə çəkən dəyərli ziyalı, akademik İsa Həbibbəylinin “İntellektual düşüncəyə malik ziyalı” başlıqlı məqaləsi ilə qarşılaşır oxucular. Məqalədə mərhum alimin yaradıcılığı və şairliyi, poetik şeir nümunələri ayrı-ayrılıqda təhlil olunub. Akademik İsa Həbibbəyli bir faktı burada diqqətə çatdırır ki, Elbəyi Maqsudovun əksər şeirləri musiqi tutumlu, ecazkar təbiətli, təsir imkanlarına malik poetik nümunə gücündə olan şair düşüncəsinin məhsuludur. Təsadüfi deyildir ki, alimin “Naxçıvanlılar”, “Vətəndir”, “Ata”, “Zəfər marşı”, “Anacan”, “Elm məbədim” və digər şeirlərinə mahnılar bəstələnmişdir. 
    Elbəyi Maqsudov yaradıcılığını şaxələndirən və dəyərli edən mövzulardan biri də Azərbaycan dilinin saflığı və inkişafı yolunda göstərdiyi xüsusi xidmətlərdir. Kitabda yer alan bir çox məqalədə mərhum alimin dilçilik sahəsindəki fəaliyyəti ayrı-ayrılıqda təhlil olunub. Görkəmli akademikimiz İsa Həbibbəyli alim haqqında yazır: “Elbəyi Maqsudov bədii yaradıcılığında bədii istedadı ilə yanaşı, həm də intellektual təfəkkürə malik olması ilə seçilmişdir. Onun Azərbaycan dilinin qrammatik anlayışlarına həsr etdiyi şeirlər vəznli-qafiyəli dilçilik təlimidir. Elbəyi Maqsudov Azərbaycan dilinin intellektual ədəbi qrammatikasının müəllifidir”. 
    Yeni nəşrdən o da aydın olur ki, alim, ədəbiyyatımızda yer alan bir çox janrlara xüsusi yer verib. Hətta ədəbi nümunələr içərisində az-az istifadə olunan dodaqdəydilər Elbəyi müəllim yaradıcılığında öz əksini tapıb. Məlumdur ki, ədəbiyyatımızda çox az istifadə olunan bu janr yaradıcı insandan xüsusi savad və bilik tələb edir. Qafiyənin düzgün qoyuluşu, saitli, samitli sözlərin ahəngə uyğun verilməsi, orfoepik qaydaların düzgün mənimsənilməsi və digər zəruri nümunələr sözügedən janrı fərqləndirən ən əsas keyfiyyətlərdəndir. Kitabdakı bir nümunəyə diqqət yetirək: 

        Düşmən qəm ələyib könlüm bağına,
        Çəkilməz dumanlar çöküb bağıma,
        Boylanıb-boylanıb Qarabağıma, 
        Boynumu burmasan mən ölləm, ölləm. 

    Kitabın növbəti hissələrində, yenə də Elbəyi Maqsudovun yaşadığı ömür alim və ziyalı dostları, tələbələri tərəfindən vəsf edilir. Bu cümlələrdə sadə, ailəsinə bağlı, işini, peşəsini sevən alim ömrü bütün reallıqları ilə canlandırılıb. Gözlənilməz cismani ayrılıq sanki hər kəsə “eldən gedənlər” sözünün həqiqətini daddırır. Bu ayrılığa inanıb qələmə, kağıza sığınanlar da var, inanmayıb qəlbində saxladığını şeirlərə töküb, mərhum alimlə olan xatirələri yada salan da var...
     Akademik, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev “Şərəfli ömrün mənalı illəri” başlıqlı məqaləsində alimin şərəfli ömrünün ən zirvə məqamını alimliklə yanaşı, sadə kənd yerində, ona ehtiyacı olan şagirdlərə dərs dediyi müəllimlik dövrü ilə əlaqələndirir. Hətta Elbəyi Maqsudovun bir tövsiyəsini də diqqətimizə çatdırır: “Müəllim olmaq o deməkdir ki, ürəyinin odunu, gözünün nurunu, ömrünün ən qüdrətli çağlarını qətrə-qətrə, zərrə-zərrə uşaqlara paylayasan. Əgər bunu bacaracaqsansa, bu peşənin ardınca get”. 
    Qısa ömrünün böyük bir hissəsini elm yolunda şamtək əridən bu alim haqqında yazılan xatirələr o qədər şirin və maraqlıdır ki, kitabı vərəqlədikcə həm alimin həyatının saflığı, həm də heç bir qarşılıq güdmədən, hətta tərifdən belə uzaq gördüyü işlər, ələlxüsus da Vətənə olan qeyri-adi bağlılığı diqqətdən kənarda qalmır. Bu sıradan bağlılıq deyil. Çünki Vətən mövzusunda yazılan şeirlərindən də hiss olunur ki, şair yalnız doğulduğu torpağa sevgi bəsləmir, O həm də məmləkətimizi tam, bütöv görmək eşqi ilə alışıb yanır. Bu mənada, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Adil Məmmədovun “Dünya boyda bir ürəyin Vətən harayı” başlıqlı məqaləsində Elbəyi müəllimin poetik yaradıcılığından gətirdiyi bir nümunə diqqətimizi çəkir: 

        Ölüm ayağında, şir qəfəsində
        Sorsalar: “Ən əziz, ən doğma nədir?” 
        O vaxt iftixarla, son nəfəsimdə
        Deyərəm: bir Anam, bir də Vətəndir. 

    Kitabı mütaliə edərkən alimin yaradıcılığında xüsusi yer tutan bir məsələ diqqətimizdən yayınmır. Hətta alimin şəxsi yaradıcılığına bu cür həssaslıqla yanaşması onu ədəbiyyatımızın ölməz siması, görkəmli el aşığı Aşıq Ələsgərlə bir məqamda həmfikir edir. Bir zamanlar ustad aşığın “Adım Ələsgərdi, əslim Göyçəli”, “Adım Ələsgərdi, Göyçə mahalım” fikirləri necə onun doğulub boya-başa çatdığı torpağa bağlı olduğunu sübut edirdisə, mərhum alim-şair Elbəyi Maqsudovun şeirində söylədiyi “Ay Kərəm çatağı – Kərməçatağım” ifadələri də onun öz ata-baba yurduna qırılmaz tellərlə bağlı olduğunu göstərir. Kitabda bu mövzuya ayrıca toxunan tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Adil Məmmədov yazır: “Elbəyi Maqsudovun “Gərməçataq” toponiminə “Kərəm çatağı” – deyə müraciət etməsi çılğın vətənpərvərlik hissinin təcəssümüdür”:

        Ay Kərəm çatağı – Kərməçatağım
        Gəncliyim səninlə mətinləşibdir
        Ey mənim torpağım, suyum, ocağım,
        Sənsiz yaşamağım çətinləşibdir. 

    Yeni nəşrdə bir sıra ziyalıların, dosentlərin, jurnalistlərin doğmalarının, eləcə də alimin ömür-gün yoldaşı Səmayə Maqsudovanın xatirələri yer almaqdadır. Bu xatirələrin hər biri Elbəyi Maqsudovun həyatına, yaradıcılığına tuşlanan, gələcək nəsillərə örnək olan əsl ziyalı, əsl alim ömründən söz açan yaradıcılıq nümunəsidir. 
    İnanırıq ki, kitabı başdan sonadək oxuyan hər kəs, ömrü elmlə üz-üzə, göz-gözə keçən alim ömrünün incəliklərinə dalacaq, 63 illik ömrün ən ülvi çağlarından xəbərdar olacaq, xatirələrin ağuşunda gah Vətən həsrətli şeirləri dinləyəcək, gah parta arxasında şagirdlik yaşayacaq, gah da Elbəyi Maqsudovun dilindən qələmə alınmış əhvalatlara şahid olacaq. Hə, bir də cismani ayrılıqla əbədiyaşarlığa qovuşan elm adamının dilindən öz vəsiyyətini dinləyəcək...

            Minilliyin sonunacan
            Yoxmuş kimi anılaydım. 
            Heç olmazsa, yüz ildən bir    
            Bircə dəfə anılaydım.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 22.08.2023 20:00