AZ EN RU

Sətir-sətir qəhrəmanlıq salnaməsinin izi ilə

Yeni nəşrlər

    44 günlük şanlı Qarabağ müharibəsində ürəyi Vətən sevgisiylə zirehlənmiş mərd igidlərimizin, şəhidlərimizin, qazilərimizin döyüş meydanında əldə etdiyi tarixi qələbə hələ neçə-neçə şairlərə ilham qazandıracaq, şeirlər, poemalar mövzusuna çevriləcək, neçə-neçə tarixi əsərlər məhz bununla qələmə alınacaq, yazılıb, yaradılıb tarixin səhifələrinə qızıl hərflərlə həkk olunacaq. Onları oxuyub mütaliə etdikcə qazi və şəhid qəhrəmanlarımızın mənalı ömür yolundan özümüzə yol tapacaq, örnək tutacağıq. 

     Elə mövzumuzun əsasını da, sözün əsl mənasında, Vətən sevgisinin təsiri ilə ərsəyə gətirilmiş, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun qazi qəhrəmanlarının döyüş xatirələrinin yer aldığı, dəyərli qələm dostumuz Səfi Abdullanın yaradıcılıq nümunəsi olan “Mərmidən xatirələr” kitabı təşkil edir. Bir-birindən maraqlı döyüş xatirələrinin yer aldığı kitabın ilk səhifələri Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Asim Yadigarın “44 gün – qəhrəmanlıq salnaməsi yazdığımız günlər” başlıqlı məqaləsi ilə qarşılayır bizləri. Asim Yadigarın kitabla bağlı qənaəti də çox maraqlıdır: “Səfi Abdulla mənə gətirdiyi kitabını elə əlyazma şəklində oxudum. Sözün doğrusu, bu kitabda toplanan hər bir yazı bir döyüşçünün, bir qazinin ömür kitabıdır. Həcmindən asılı olmayaraq, bir insan taleyi, onun sevinc və iztirabları gözümüz önündə canlanır. Bu yazılarda biz mərd, mübariz, yağıdan çəkinməyən Azərbaycan oğullarını görürük. Vətən sevgisini hər bir şeydən üstün tutan qazilərimizin çoxu Qarabağa getdiklərini ailələrindən gizli saxlayıb, onları narahat etmək istəməyib. Övladlarının müharibəyə gedəcəyi xəbərini eşidən atalar, analar qürur hissi ilə övladlarına “Oğul, yolunuz açıq olsun”, “Dualarımız sizinlədir”, – deyib. 
    Kitabı vərəqləyib növbəti səhifələrə doğru yol aldıqca sanki qəribə, nostalji hisslərin halətini yaşayır insan. Heç görmədiyi, bir dəfə olsun saf havasını ciyərlərinə çəkmədiyi o yerlərin –  Qarabağın  ecazkar mənzərəsi canlanır gözləri qarşısında. Kitabın bir digər səhifəsində elə şair Asim Yadigarın “Bu yol Zəfər yoludur” şeiri bələdçilik edir bizə. Şair şeirində işlətdiyi bədii çalarlarla və özünəməxsus yaradıcılıq ruhu ilə həm kitabın poetik xüsusiyyətlərinin rəngarəngliyinə rəvac verir, həm də oxucunun maraq dünyasına xitab edərək onu müəllifin daxili aləminin bəhrəsi olan yaradıcılıq nümunəsi haqqında məlumatlandırır. Sanki hələ kitabı oxumamışdan yer alan mövzular haqqında bizi şeirin diliylə qısa səyahətə çıxarır.  

    Soldurub baharını, gətirdik sərt qışını,
    Axıdıb bu yerlərdə düşmənin göz yaşını,
    Dəmir yumruqla əzdik onun murdar başını.
    Bu yol qeyrət, cəsarət, bu yol hünər yoludur,
    Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur.

    Hələ mövzumuzun əvvəlində də qeyd etdiyimiz kimi kitab başdan-başa naxçıvanlı qəhrəman qazilərimizin 44 günlük Qarabağ döyüşləri barəsindəki bir-birindən maraqlı, yeri gələndə qürurlandıran, yeri gəldikdə qəmləndirən xatirələri ilə doludur. Həmin xatirələrin hər birində Vətən sevgisi var, el qeyrəti, torpaq yanğısı, yurda bağlılıq var. Onları oxuyub təhlil etdikcə anlayırsan ki, müharibənin ən şiddətli anında belə, ordumuzun qəhrəmanlarının qəlbində yalnız bir məqsəd var, o da torpaqlarımızın tezliklə düşmən işğalından azad olunaraq ərazi bütövlüyümüzün təmin olunması və Böyük Qələbə müjdəsilə öz evlərinə qayıtmalarıdır. Döyüşlərin aramsız olduğu məqamlarda belə, heç bir əsgər yaralanmaq istəmir. Qorxur ki, əgər yaralanarsa, məcburi surətdə onu geri təxliyə edəcəklər və o, döyüş yoldaşlarını tərk etməli olacaq. Yazımızın bu məqamına qazi Ceyhun Səfərov xatirələrə aydınlıq gətirir: “Ancaq yaralı-yaralı bizimlə birlikdə döyüşü davam etdirən qardaşlarımız da vardı. Yoldaşımızın biri belindən qəlpələrlə çox ağır yaralar aldı. Biz onu çox çətinliklə geri qayıtmağa razı sala bildik. Amma bir neçə gün sonra biz onun döyüşə, yanımıza qayıtdığını gördük. Bizimlə birlikdə yaralı vəziyyətdə döyüş yolu qət edərək Şuşaya qədər gəlib çatdı və Şuşa uğrunda gedən döyüşlərdə vuruşaraq şəhidlik zirvəsinə ucaldı”.
    Füzulinin, Cəbrayılın, Xocavəndin və Qubadlının alınmasında fəal iştirak edən qazi Rüstəm Allahverdiyev öz xatirələrində deyir: “Hadrutda başımıza maraqlı bir hadisə gəldi. Qəsəbə tamamilə azad olunandan sonra biz qruplar şəklində evləri gəzib arama-tarama edirdik. Bu zaman köhnə bir evin çardağından səs-küy eşidildi. Biz təhlükəsizlik tədbirlərini alıb həmin yerə getdik. Məlum oldu ki, Cəbrayıl rayonundan pərakəndə şəkildə qaçan erməni əsgərləri burada gizləniblər. Silahsız olan əsgərləri çardaqdan çıxardıq. Onların bir neçəsi yaralanmışdı. Bizi görən kimi ağlayıb yalvarmağa başladılar ki, onlara toxunmayaq. İçlərindən rus dilində danışan biri ağlaya-ağlaya dedi ki, bizim heç bir günahımız yoxdur. Bizi bura niyə gətiriblər, onu da bilmirik”.   
    Bir digər qazimiz, Ağdamın, Suqovuşanın işğaldan azad olunmasında şücaət göstərən Ceyhun Davudov xatirələrində həmin acılı günləri həm xatırlayır, həm də oxuculara bütün qəlbi ilə hiss etdirə bilir: “Yanımdakı qumbaralardan birini götürdüm və əsgərim Əli Seyidova dedim ki, düşmən bir azdan, çox güman ki, buraya gələcək, görsün sağ qalan varsa, onu da öldürsün. Əgər belə olsa, bu əlimdəki qumbara ilə özümüzü partlatmalıyam, sən razısan? Seyidov dedi ki, komutan, razısan nədir? Mən sizinlə ölümə də qürurla gedərəm”.
    Kitabın hər sətrində, hər bir qazi xatirələrində Vətən-xalq-ordu birliyinin ən gözəl nümunəsi, təcəssümü var. Yuxarıda xatirələrindən sitat gətirdiyimiz qazilərimiz kimi, onların timsalında olan onlarla qazilərimizin sətirlərə sığmayan döyüş qəhrəmanlığı, şücaəti, igidliyi var. Yeni nəşr sonda Vətən müharibəsinin tarixi xronikasını əks etdirən fotoları ilə də dəyərlidir.  Bunları bir araya gətirib tarixin yaddaşına köçürmək isə Vətənə xidmətin digər bir adıdır. Belə bir sanballı mənbəyə görə qələm dostumuz, gənc ziyalı Səfi Abdullanı təbrik edir, ona gələcək fəaliyyətində də yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 24.02.2022 22:56