AZ EN RU

Şərurun müasirlik xəritəsini tamamlayan yaşayış məntəqəsi: Çərçiboğan və ya soyuq bir qış gününün isti təəssüratları

Müasirləşən kəndlərimiz

    Qədim Naxçıvanın, neçə illərdir ki, bərqərar olmuş qaynar həyat ritminin, sabitlik, güclü iqtisadiyyat və inkişaf strategiyasının tərkib hissəsinə çevrilmiş quruculuq, abadlıq, yeniləşmə tədbirləri 2021-ci ildə də davam etdirildi. Muxtar respublikanın bütün rayonlarının ayrı-ayrı yaşayış məntəqələrində müxtəlif istiqamətli obyektlər inşa olundu, yollar salındı, körpülər tikildi, insan amilinə xidmət edəcək digər məqsədyönlü quruculuq tədbirləri həyata keçirildi. Açılış mərasimləri el bayramına çevrilən həmin ünvanların sakinləri bir daha arxalarında güclü dövlətin dayandığını gördülər, güclü dövlətin vətəndaşı olmaq qürurunu yaşadılar...

    Şərur rayonunun Çərçiboğan kəndində həyata keçirilmiş kompleks quruculuq tədbirləri başa çatdırıldıqdan sonra – yanvar ayının 14-də istifadəyə verilən obyektlər barədə qəzetimizdə gedən yazı və Naxçıvan televiziyasında yayımlanan veriliş ilə bu yaşayış məntəqəsinin müasir mənzərəsini hamı görüb. Yeri gəlmişkən, xatırlatmaq istərdim ki, Çərçiboğan bu rayonda müasirliyə  qovuşmuş sonuncu kənddir. Biz də öz ənənəmizə sadiq qalaraq Çərçiboğana getmək, kənd sakinlərinin sevincinə şərik olmaq, göstərilən qayğıya onların münasibətini öyrənmək üçün üz tutduq həmin yaşayış məntəqəsinə. Yeri gəlmişkən, oxucular üçün bu kəndin adının etimologiyası ilə bağlı bəzi məlumatların maraqlı olacağı qənaətindəyəm.

    Bununla bağlı el arasında yayılmış bir neçə versiya var. Yaşlı kənd sakinlərinin də bəziləri bu versiyalarla tanışdır. AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırovun fikrincə, “Çərçiboğan” adının “çərçi” komponenti qədim türk dillərində “qoşun, ordu” mənasında işlənən çəri sözünün fonetik variantıdır. Bu söz “Kitabi-Dədə Qorqud” dastanında da eyni mənada işlənir: “Alp Uruz çadırların açdırdı, cəbhəxanasın yüklətdi: Qaragünə çəribaşı oldu”.
    Adil Bağırova görə, dilimizdə “çəri” sözünün “qorçü” və “qurçi” variantları da mövcuddur. Qurçi “qoşun, ordu” qurçibaşı isə “qurçilərin rəisi” deməkdir. 1387-ci ildə Əlincəqalanı müdafiə edənlərə və 1501-ci ildə Şərur düzündə Ağqoyunlu hökmdarı Əlvənd Mirzəyə qarşı vuruşan Şah İsmayıl Xətainin döyüşçülərinə də “qurçi” deyilirmiş. Səfəvilər dövründə qurçibaşı hərbi nazir səlahiyyətləri daşıyırdı və qurçibaşların əksəriyyəti qızılbaş Əfşar tayfasından çıxmışdı.

    Alim bu fikirlərə əsaslanaraq belə qənaətə gəlir ki, Çərçiboğan adının mənşəyi qədim türk Əfşar tayfasına məxsus qoşun adı ilə bağlı yaranmışdır. Yəni Şah İsmayıl Xətainin qoşununun bir hissəsi bu ərazidə yerləşdiyinə görə buraya “qoşun tutan, qoşun boğan”, “qüdrətli qoşun yeri” mənası bildirən Çərçiboğan adı verilmişdir... 
    ...Artıq Şərur rayon mərkəzindəyik. Onu qeyd edim ki, muxtar respublikada yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlərin bu bölgəmizdə də uğurla reallaşdırılmasını hər addımda görmək olar. Elə rayon mərkəzindən bizi Çərçiboğana aparan yol da müasir standartlar səviyyəsindədir. Sürücü Natiq İsmayılov deyir ki, işimlə əlaqədar hər gün rayonun bir neçə kəndinə getməli oluram. Bütün yollarımız yenilənib, sürücülərin və sərnişinlərin rahatlığı təmin edilib, bir o qədər yanacaq işlətməyə də ehtiyac qalmayıb. Bu qayğıdan Çərçiboğan kəndinə, yaşayış məntəqəsinin kəndarası yollarına da pay düşüb. Statistik rəqəmlərə müraciət edək. Quruculuq tədbirləri çərçivəsində ümumi uzunluğu 15,8 kilometr olan yol asfaltlanıb. 5,8 kilometr kənddaxili yola qum-çınqıl qatı verilib. Təmir-bərpa çərçivəsində 3,4 kilometr beton su kanalı çəkilib, 53 metal borudan, 13 beton su keçidindən istifadə edilib.

    Budur, kəndə çəkilmiş yeni yol bizi Çərçiboğana çatdırır. Yeni salınmış idman meydançasının qarşısında bizi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ceyhun Əsgərov qarşılayır. Doğulub boya-başa çatdığı kəndin bu gününün gözəlliyindən qürur duyan icra nümayəndəsinin yaşadığı hissləri başa düşmək çətin deyil. Neçə illərdir ki, bu günü gözləyiblər, rayonun böyüklüyü, ilk olaraq ucqar dağ və sərhəd kəndlərində quruculuq tədbirlərinin həyata keçirildiyini daha vacib hesab ediblər. Artıq onların da arzuları reallaşıb.
    Ceyhun Əsgərov əli ilə yeni tikililəri göstərərək onlar haqqında məlumat verir. 3 mərtəbədən ibarət olan 654 şagird yerlik məktəb ilk daxil olduğumuz ünvandır. Hazırda 410 şagirdin oxuduğu təhsil müəssisəsinin direktoru Elnarə Əliyeva müəllim və şagirdlərin istifadəsinə verilmiş məktəb binasını muxtar respublikada təhsilin inkişafına göstərilən yüksək qayğı kimi dəyərləndirərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə kollektiv adından minnətdarlığını bildirir, muxtar respublika rəhbərinin pedaqoji kollektivlə görüşündə verdiyi tövsiyələrin müəllimlərin fəaliyyət proqramına çevrildiyini diqqətimizə çatdırır:
    – Ulu öndər deyirdi ki, Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik  tarixidir. Məhz dövlətçiliyimizi, dövlətçilik tariximizi olduğu kimi öyrənmək, öyrətmək, təbliğ etmək, gələcək nəsillərə ötürmək biz müəllimlərin ana vəzifəsidir. Ona görə də bu vəzifəni yerinə yetirmək üçün muxtar respublikada təhsilin inkişafı illərdir ki, prioritet vəzifəyə çevrilib. Bu istiqamətdə başlıca vəzifə isə müasir standartlara cavab verən binaların tikintisi, onların güclü maddi-texniki baza və ixtisaslı, intellektual səviyyəli kadrlarla təminatıdır. Bu baxımdan muxtar respublikada pedaqoji fəaliyyətlə məşğul olanlar xoşbəxtdirlər. Ona görə ki, hər il qədim diyarımızda həyata keçirilən quruculuq tədbirlərinin böyük bir qismini məktəblərimiz üçün tikilən binalar təşkil edir. Bu qayğıdan onlara da pay düşdüyünü bildirən direktor deyir ki, son illərə qədər istismar müddəti başa çatmış, normal tədris prosesinə imkan verməyən məktəbdə çalışıblar. Ancaq muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlər onlarda böyük inam yaradıb ki, bir gün Çərçiboğanda da yeni məktəbin sevinci yaşanacaq, o gün kəndin tarixinə yazılacaq. Bu inamla da qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə çalışıblar. Bunun ifadəsidir ki, ötən il məktəbin məzunlarından 15-i ali, 3-ü orta ixtisas məktəblərinin tələbəsi adını qazanıblar. Etimadı doğruldan abituriyentlərin 4-ü 500-dən yuxarı bal toplayıb. Direktorun sözlərinə görə, ali məktəbdə təhsil alan keçmiş məzunlarla əlaqə saxlayır, onların qazandıqları uğurlara sevinirlər. Təbii ki, əldə olunan uğurlarda məktəbin müəllimlərinin böyük əməyi var. Onların zəhmətinin daim yüksək qiymətləndirildiyini bildirən Elnarə Əliyeva onu da diqqətimizə çatdırır ki, neçə illərdir, pedaqoji fəaliyyətlə məşğul olan, müəllim peşəsinin məsuliyyətini dərindən dərk edən Nahidə İbrahimova “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi”, Səadət Süleymanova isə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” kimi fəxri adlara layiq görülüblər. Onlar belə yüksək dövlət qayğısını, ümumilikdə, məktəbin kollektivinə göstərilən diqqət kimi dəyərləndirirlər. Nahidə İbrahimova deyir ki, Çərçiboğan böyük yaşayış məntəqəsidir. Burada təsərrüfatın müxtəlif sahələri inkişaf etdirilir. Şagirdlərimizi də əməyə, zəhmətə məhəbbət ruhunda tərbiyə etməyə səy göstəririk. Onları vətənpərvər, dövlətimizə layiq gənclər kimi yetişdirməyə çalışırıq.
    Maraqlı söhbət üçün müəllimlərə minnətdarlığımızı bildirir, 2021-2022-ci tədris ilində kollektivə uğurlar arzulayaraq məktəbdən çıxırıq. Yaxınlıqdakı yeni bina Çərçiboğan kənd Uşaq Musiqi Məktəbi üçün inşa olunub. Məktəblə yaxından tanışlığımız, müasir tədris şəraiti, müəllimlərlə söhbətlər bizdə binanın açılışında Ali Məclis Sədrinin 35 ildir, fəaliyyət göstərən məktəbin ənənələrini davam etdirən kollektiv qarşısında qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminlik yaradır. Məktəbin solfecio müəllimi Sevinc Ramazanova deyir ki, muxtar respublikamızda yeniyetmə və gənclərin fiziki və intellektual inkişafının düzgün formalaşdırılması, onların istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlər, müxtəlif Dövlət proqramlarının reallaşdırılması gələcəyimizə böyük qayğının ifadəsidir. Son illərdə görülən işlər bunu bir daha sübut edir. Bizim istifadəmizə verilən yeni məktəb binası da həyata keçirilən tədbirlərin davamıdır. Müasir arxitekturası həm tikildiyi əraziyə, həm də Çərçiboğana gözəllik bəxş etmiş məktəbdə kəndin musiqi istedadı olan uşaqların təhsili ilə bağlı hər bir iş görülüb. Zəngin maddi-texniki baza, işıqlı sinif otaqları, kitabxana, konsert zalı, alət təmiri otaqları, digər yardımçı tikililər musiqi tədrisinin səviyyəsini yüksəltməyə imkan verib. Kollektivimiz də bu imkanlardan səmərəli istifadə etməyə çalışır. Xalqımız zəngin musiqi mədəniyyətinə malikdir. Bu, milli sərvəti uşaqlara da öyrətmək həmin mədəniyyəti qorumaq və gələcəyə ötürmək deməkdir. Ona görə də xalq mahnılarımız, rəqslərimiz bu gün musiqi məktəbində təhsil alan şagirdlərə böyük həvəslə öyrədilir. 
    Söhbətə qoşulan məktəbin musiqi ədəbiyyatı müəllimi Aygül Həsənova sevincini ifadə edərək deyir ki, muxtar respublikanın bu bölgəsi həm də qədim yallıları ilə tanınır. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallını qoruyub saxlayın. Bu, Naxçıvanın tacıdır”. 
    Musiqi məktəbində bu istiqamətdə görülən işlər barədə danışan Aygül Həsənova onların üzərinə böyük məsuliyyət düşdüyünü dilə gətirir:
    – Çərçiboğanda bir nəsil digərini əvəz etdikcə yeni yallı kollektivləri yaranır. Kənddə hazırda həm yaşlılardan, həm də gənclərdən ibarət yallı ansamblları var. Biz də bu gözəl sənət incilərinin yaşadılmasına çalışırıq. Ona görə də məktəbdə yallı ansamblı yaratmışıq. Naxçıvanın brendi sayılan yallıları yaşatmaq üçün məktəbin hər bir müəllimi öz üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edir. Müsahibim deyir ki, 31 müəllimin çalışdığı, 140 şagirdin təhsil aldığı məktəbdə digər musiqi kollektivləri də yaradılıb. Kollektivlərə istedadlı şagirdlər cəlb olunub.
    Məktəbdə onu da öyrənirik ki, müxtəlif əlamətdar və tarixi günlərdə həmin kollektivlərin konsertləri təşkil olunur, məktəbdaxili müsabiqələr keçirilir. Yeni bina isə həmin tədbirlərin əhatə dairəsini bir qədər də genişləndirəcək. 
    Sağlam bədəndə sağlam ruh olur. Buna görə də muxtar respublikamızın hər bir yaşayış məntəqəsində kompleks quruculuq tədbirləri həyata keçirilərkən səhiyyə müəssisələri üçün də yeni binaların inşa edilməsi diqqətdə saxlanılır. Çərçiboğan kəndində istifadəyə verilmiş 14 otaqdan ibarət yeni ikimərtəbəli ambulatoriya binası yaşayış məntəqəsi sakinlərinin böyük sevincinə səbəb olub.
    Ambulatoriyada çalışan Familə Abdullayeva kollektiv adından onlara və kənd sakinlərinə göstərilən belə qayğını insan amilinə göstərilən böyük diqqət kimi dəyərləndirərək minnətdarlıq hisslərini bildirir:
    – Müstəqilliyimizin və muxtariyyətimizin bəhrələrinin ümumi mənzərəsi ilə tanış olmaq üçün diyarımızın təkcə paytaxtına üz tutmaqla kifayətlənmək olmaz. Bu bəhrələri muxtar diyarımızın ən ucqar dağ və sərhəd kəndlərində də görmək olar. Görülən işlər isə hər bir Naxçıvan sakinini öz el-obasına, doğma yurd yerinə qırılmaz tellərlə bağlayır, onları qurub-yaratmağa, doğma muxtar respublikamız, nəticə etibarilə, ölkəmiz üçün maddi nemətlər istehsalına, ərzaq təhlükəsizliyinə töhfə verməyə sövq edir. Təbii ki, onların sağlamlığının da qorunması başlıca vəzifədir və gördüyümüz kimi bu məsələ artıq muxtar respublikada öz həllini tapıb. Həkim ambulatoriyasının kollektivi yeni binada fəaliyyət göstərdikləri ilk günlərdən Hippokrat andına sadiq qalmağa çalışır, tibbi xidmətin səviyyəsini yüksəltmək üçün yaradılmış imkanlardan istifadə edir. Bu da kənd sakinləri tərəfindən minnətdarlıqla qarşılanır. Kənd sakini Rauf Məmmədov deyir ki, insan ona göstərilən qayğını görəndə özünün qədir-qiymətini bilir. Bizə bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində yaradılmış belə şərait kənd sakinlərinin ürəyincədir.

    Muxtar diyarımızda kompleks quruculuq tədbirlərinin tərkib hissəsinə çevrilmiş kənd və xidmət mərkəzlərinin də sayı getdikcə artmaqdadır. Bu ünvanlar inşa olunduqları ərazidə dövlət qurumlarının birgə işinə, ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların satışına, müxtəlif xidmət sahələrinin fəaliyyətinə geniş imkanlar açıb. Çərçiboğanda da inşa olunmuş həmin obyektlər qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə imkan verib.
    Şərur rayonunun Çərçiboğan kəndindən soyuq bir qış günü isti təəssüratlarla ayrılırıq. Qarşıdakı nömrələrimizdə kənddə istifadəyə verilmiş yeni obyektlər barədə ətraflı bəhs etmək arzusu ilə...

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 08.02.2022 18:37