AZ EN RU

Şərurlu gənclər Naxçıvan şəhərində yerləşən abidələrə ekskursiya ediblər

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar olaraq fevralın 28-də Şərur Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şərur Rayon idarə, müəssisə və təşkilatlarında çalışan gənclər "Naxçıvanın tarixi abidələri gənclərin gözü ilə" başlığı altında gənclər arasında tarixi mədəni abidələrin təbliğ edilməsi və tarixi abidələrin qorunması, tanıdılması məqsədilə ”Möminə Xatun", Xan sarayı" və açıq səma altında Muzey kompleksini ziyarət ediblər.

Gənclər öncə Ümummilli Lider Heydər Əliyevin əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyaraq unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Möminə xatun türbəsi ilə tanışlıq zamanı qeyd olunub ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan bu türbə 1186-cı ildə tikilib. Nəinki Azərbaycan, bütövlükdə İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən olan Möminə xatun türbəsi yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.

Açıq Səma altında Muzeyin ziyarəti zamanı məlumat verilib ki, xalqımızın zəngin tarixi-mədəni irsi memarlıq abidələri ilə bərabər, həm də daş abidələrdə yaşayır. Əcdadlarımızın yaratdıqları daş abidələr, xüsusilə Gəmiqaya rəsmləri ümumilikdə bəşəriyyətin tarixindən xəbər verir. Burada muxtar respublikanın ərazisindən tapılan müxtəlif dövrlərə aid daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr nümayiş olunur. Ekspozisiyadakı 450 maddi-mədəniyyət nümunəsi ulu Naxçıvanın daş yaddaşıdır.

Xan sarayında məlumat verilib ki, saray Naxçıvan şəhərinin Xan dikində inşa olunub. Naxçıvan xanı I Kalbalı xan Kəngərliyə və onun varislərinə məxsus olan bu saray Azərbaycanın orta əsrlər memarlığının nadir incilərindən biridir. Xüsusi qaydada inşa edilən və xalq tətbiqi sənətinin bir çox növlərinin birləşdiyi Xan sarayı orijinal memarlıq üslubu ilə seçilir. Muzeydə Naxçıvan xanlığının və Kəngərli nəslinin tarixi ilə bağlı nəşr olunmuş kitablar, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi, məişət əşyaları - misgərlik nümunələri, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir. Muzeydə ilk vaxtlar 359 eksponat olduğu halda, hazırda onların sayı 2000-i ötür.

Nəşr edilib : 29.02.2024 22:37