AZ EN RU

Şərurda yeni salınmış meyvə bağında görüş keçirilib

2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə məqsədilə Şərur rayon İcra Hakimiyyəti tərəfindən rayonun Qorçulu kəndində yeni salınmış meyvə bağında görüş keçirilib. Görüşdə rayonun təsərrüfatçıları və Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu məqsədlə rayonumuzun müxtəlif yerlərində minlərlə meyvə, üzüm bağları salınır, yaşıllıqların sayı artırılır.

Qeyd olunub ki, ölkəmizdə meyvəçiliyin inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılır. Bu sahədə xüsusilə intensiv bağçılıq geniş yayılıb. Bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı məhsullarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.

Kamal Cəfərov ətraf mühitə qarşı məsuliyyət daşımağın və tədbirlər görməyin əhəmiyyətindən danışıb. Bildirib ki, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə əsas hədəfimiz olmalıdır.

Görüşdə iştirakçıları maraqlandıran məsələlərə müvafiq qaydada aydınlıq gətirilib, təsərrüfatçılar tərəfindən verilən suallar geniş şəkildə cavablandırılıb və onlara lazımi tövsiyyələrin ətraflı şərhi verilib.

Sonda Qorçulu kəndində salınan yeni meyvə bağına baxış olub.

Qeyd edək ki, sahibkar Vasif Əliyev rayonun Qorçulu kəndində 13 hektar sahədə müasir tipli bağ salıb. Damcı üsulu ilə suvarılan bu bağlarda işlər tam mexanikləşdirilib. Plastik borulara vurulan su avtomatik olaraq ağaclara verilir. Yeni sistem bütün bağı bir günə suvarmaq imkanı yaradır. Bu isə öz növbəsində həm vaxt itkisinin, həm də su məsrəfinin qarşısını alır.

 

Nəşr edilib : 26.04.2024 14:41