AZ EN RU

Şərurda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Gəncliyimizin himayədarı Heydər Əliyev” mövzusunda yekun tədbir keçirilib

Şərurda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Gəncliyimizin himayədarı Heydər Əliyev” mövzusunda yekun tədbir keçirilib. Tədbirdə Şərur rayonunda keçirilən yaradıcılıq müsabiqəsinin qalibləri və şəhid övladları mükafatlandırılıb.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov müasir və müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin əsasının qoyulması və qorunması istiqamətində çoxşaxəli və fədakar fəaliyyətindən geniş bəhs edib. Bildirib ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü Şərur rayonunda müxtəlif tədbirlərlə yadda qalıb. Bu münasibətlə il ərzində rayonda 2000-ə yaxın tədbir keçirilib. Ümumilli liderin 100-illiyinə həsr olunmuş ağacəkmə aksiyaları, şahmat yarışları, müsabiqələr, bilik yarışları olub. 
Digər çıxış edənlər Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri Əmir Babayev və Şərur Rayon Təhsil Şöbəsinin müdiri Əli Mehdiyev Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib.
Rayon təhsilində ən yüksək nəticə göstərən İsa Cəfərov gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi.
Sonra şəhid övladlarının iştirakı ilə tort kəsmə mərasimi olub.
Şərurda keçirilən yaradıcılıq müsabiqəsinin qalibləri və şəhid övladları mükafatlandırılıb.
Tədbirin bədii hissəsində Arpaçay İnstrumental Ansamblının ifasında mahnı və rəqs nömrələri səsləndirilib.
Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş videoçarx izləyiblər.

Nəşr edilib : 29.12.2023 19:13