AZ EN RU

Şərurda kartof yığımına başlanılıb

    Şərur rayonunda kartofun əkilib-becərilməsi ənənəsinin tarixi qədimdir. Ailə təsərrüfatlarında bu istiqamətdə yetərincə təcrübə var. Torpaq-iqlim şəraiti də bu sərfəli bitkinin əkinlərinin genişləndirilməsinə və məhsuldarlığının çoxaldılmasına imkan verir. Ötən il 1374 hektar sahədə kartof əkib-becərən mülkiyyətçilər 24 min 297 ton məhsul istehsal ediblər. Bu il isə məhsuldarlığın yüksəldilməsi və əkin sahələrinin daha da artırılması istiqamətində müvafiq işlər görülür. İntensiv becərmələrə üstünlük verilməklə məhsuldarlıq artırılır. Artıq qədim əkinçilik ənənələrinə malik Şərur rayonunda erkən kartof əkini keçirilən sahələrdə məhsul yığımına  başlanılıb. Məhsul yığımında “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə gətirilən yeni, müasirtipli kartofçıxaran texnikalardan istifadə olunur.
    Torpaq mülkiyyətçilərinin kartof əkininə daha çox üstünlük verdikləri Kürçülü, Ələkli, Sərxanlı, Aralıq, Zeyvə, Cəlilkənd, Məmmədsabir, Düdəngə və digər kəndlərdə məhsul mütəşəkkilliklə toplanılır. Sahələrdə aqrotexniki qaydalara düzgün əməl edildiyindən məhsuldarlıq yüksəkdir. Əldə edilən faraş kartof həm Şərur, həm də Naxçıvan şəhərlərində yerli bazarı təmin edir.
    Uzun illər əkin-biçin işləri ilə məşğul olan təcrübəli təsərrüfatçı, Ailə Təsərrüfatları İctimai Birliyinin sədri Mübariz Şirəliyev faraş kartof məhsulunun əldə edilməsində erkən əkinlərin keçirilməsinin üstünlüklərindən bəhs edib. O, bir mütəxəssis kimi, torpağın hazırlanması, münbitləşdirilməsi, əkinlərin aqrotexniki qaydalar əsasında aparılması məsələlərindən danışıb. 

Heydər MƏMMƏDOV

Nəşr edilib : 03.06.2022 19:48