AZ EN RU

Şərur şəhərində yeni yaşayış kompleksləri salınır

    “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramı”nda əhalinin təhlükəsiz və rahat yaşayışının təmin olunması, yaşayış sahələrinə tələbatının ödənilməsi və mənzil fondunun inkişaf etdirilməsi mühüm istiqamətlərdən biri kimi müəyyənləşirilib. Bu məqsədlə dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli və xarici investorlar cəlb olunmaqla əhalinin güzəştli şərtlərlə mənzilə əlçatanlığı təmin ediləcəkdir. Şərur şəhərində yeni yaşayış komplekslərinin inşası da bu məqsədə xidmət edir.
    Noyabrın 16-da səlahiyyətli nümayəndə Fuad Nəcəfli Şərur şəhərində tikiləcək və hazırda inşası davam etdirilən yeni yaşayış komplekslərinin layihələri və inşaat işləri ilə maraqlanıb.
    Məlumat verilib ki, “NN Residence” tikinti şirkəti tərəfindən şəhərin Səməd Vurğun və Nizami küçələrində geniş əraziləri əhatə edən yeni yaşayış kompleksləri inşa olunacaq. Hazırda hər iki istiqamətdə layihələndirmə işləri görülür. Layihəyə əsasən Səməd Vurğun küçəsində 16 mənzildən ibarət 3, Nizami küçəsində isə 44 mənzilli 5 yaşayış binası plana düşüb. Mövcud binalar və ətrafındakı yardımçı tikililər sökülməklə yerində bütün kommunal tələblərə cavab verən və rayon mərkəzinin ümumi görünüşünə müasir görkəm bəxş edəcək binalar inşa olunacaq. 
    Fuad Nəcəfli mənzilləri plana düşən sakinlərlə görüşüb, problemləri ilə maraqlanıb, növbəti illərdə yeni və müasir mənzillərlə təmin olunacaqlarını bildirib. Şəhər sakini Fatma Mehdiyeva göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. 
    Səlahiyyətli nümayəndə Heydər Əliyev prospektində inşası davam etdirilən yaşayış kompleksi ilə də tanış olub. Məlumat verilib ki, ərazidə köhnə ikimərtəbəli binaların yerində salınan kompleksin ərazisi 20 min 80 kvadratmetrdir. Burada 6 mərtəbəli 6 yaşayış binası və 120 yerlik uşaq bağçası inşa olunur. Binalarda birotaqlı, ikiotaqlı, üçotaqlı və dördotaqlı olmaqla, ümumilikdə 240 mənzil istifadəyə veriləcək. Binaların birinci mərtəbəsi əsasən xidmət sahələri üçün nəzərdə tutulur. Hazırda ərazidə 2 yaşayış binasının inşası sürətlə və keyfiyyətlə davam etdirilir. Kompleksin ərazisində geniş abadlıq işləri də görüləcək. 

“Şərq qapısı”

Nəşr edilib : 16.11.2023 19:29