AZ EN RU

Şərur rayonunun Vərməziyar kəndindən olan itkin şəhid leytenant, Murovdağ qartalı İbrahim Vəlizadənin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Baş leytenant İbrahim Vəlizadəyə həsr edilən videoçarx izləndikdən sonra ailə üzvləri onun haqqında xatirələrini bölüşüblər. Qeyd edilib ki, Şərur rayonunun Vərməziyar kəndindən olan şəhid leytenant İbrahim Vəlizadə 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək itkin düşüb. Şəhidin anası Xurşud Vəlizadə qeyd edib ki, İbrahim Vəlizadə müharibədən əvvəl Şəmkirdə “N”  hərbi hissədə xidmət edib. Sentyabrın 26-da sonuncu  danışığından sonra bir daha xəbər tutmayıblar. Ana bildirib ki, digər övladları və şəhidin yoldaşları ilə təskinlik tapmağa çalışır, amma onun geri qayıdacağına hər zaman ümid bəsləyir. Dövlətimizin oğlunun xatirəsinə göstərdiyi ehtiram və diqqət, təşkil olunan bu cür tədbirlər bütün şəhidlərə verilən dəyərin sübutudur. 
İbrahim Vəlizadənin atası çıxış edərək övladının anım tədbirində iştirak edənlərə təşəkkürünü bildirib. Qeyd edilib ki, İbrahim üçün geniş axtarışlar aparılıb. Davam edən uzunmüddətli axtarışlar nəticə vermədiyindən ona şəhid statusu verilib. Şəhid statusu verildikdən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Bildirilib ki, bu, şəhidə və onun ailəsinə göstərilən qayğının nümunəsidir. 
Ali Məclisin deputatı Yeganə Məmmədova çıxışında 44 gün davam edən Zəfər yolundan bəhs edərək bu Qələbənin xalqımızın sıx birliyinin nəticəsi olmasını qeyd edib. Qəhrəmanlarımızın xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağını bildirib.
Tədbirdə iştirak edən şəhid valideynləri və qazilər də şəhidlər haqqında öz fikirlərini səsləndirib.
Tədbirin bədii hissəsində Naxçıvan şəhər 1 nömrəli  tam orta məktəbin şagirdləri şeir səsləndirib, hazırlanan kompozisiya təqdim edilib. 
Sonda şəhidlərə həsr olunan mahnı səsləndirilib, xatirə şəkli çəkilib.

Nəşr edilib : 28.01.2024 17:25