AZ EN RU

Şərur rayonunun Həmzəli və Axura kəndlərində sosial obyektlər istifadəyə verilib

Fevralın 23-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunun Həmzəli və Axura kəndlərində aparılan kompleks quruculuq işləri ilə tanış olub.

Əvvəlcə yenidən qurulan Həmzəli kənd tam orta məktəbi ilə tanışlıq zamanı məlumat verilib ki, ikimərtəbəli, 198 şagird yerlik məktəbdə 11 sinif otağı, fizika, kimya - biologiya laboratoriyaları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, idman zalı, şahmat sinfi, kompüter, müəllimlər və digər otaqlar yerləşir. Burada internetə çıxışı olan 14 kompüter və 4 elektron lövhə quraşdırılıb. Məktəbin pedoqoji kollektivi ilə görüşdən sonra Həmzəli kənd yolunda görülən işlər barədə bildirilib ki, ümumi uzunluğu 9 kilometr olan yolun əsas və köməkçi hissələrinə birqat asfalt örtüyü, 800 metr kənddaxili yola isə qum-çınqıl qatı verilib.

Kənd və xidmət mərkəzlərində yaradılan şərait barədə məlumat verilib ki, 2 mərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, poçt, polis sahə məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, feldşer-mama məntəqəsi, arxiv, klub, 38 yerlik zal, qazanxana və digər otaqlar yerləşir. Xidmət mərkəzində isə ərzaq və təsərrüfat malları mağazaları, ət satışı yeri, bərbər, qadın gözəllik salonu və 1 anbar fəaliyyət göstərir.

Həmin gün Axura kəndində kənd mərkəzi, həkim ambulatoriyası və yenidən qurulan 7,1 kilometr kənd yolu ilə də tanışlıq olub.

“Şərq qapısı”

Nəşr edilib : 23.02.2023 18:18