AZ EN RU

Şərur rayonunun Həmzəli kəndində kompleks quruculuq işləri görülür

    Şərur rayonununda son illər aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri müxtəlif sahələri əhatə edir, şəhər və kənd yaşayış məntəqələri müasirliyə qovuşur. İnşa olunan kənd və xidmət mərkəzləri, təhsil, mədəniyyət və səhiyyə ocaqları, çəkilən yollar kəndlərin simasını başdan-başa dəyişib.
    Quruculuq tədbirlərindən Şərur rayonunun Həmzəli kəndinə də pay düşüb. Kənddə kompleks quruculuq tədbirlərinə başlanmasını sakinlər kənd adamlarına göstərilən dövlət qayğısı kimi dəyərləndirirlər. Bu ilin mart ayından etibarən məktəb binasının yenidən qurulmasına başlanılıb. Müasir layihə əsasında tikilən bina iki mərtəbədən ibarət olacaq. Binanın hər iki mərtəbəsində istilik xətləri quraşdırılıb, hazırda suvaq işləri yekunlaşmaq üzrədir. Pəncərələrin blokları quraşdırılır, dam örtüyü isə tam hazır vəziyyətdədir. 198 yerlik məktəbdə 11 sinif otağı, kimya və fizika laboratoriyaları,    2 elektron lövhəli sinif, şahmat sinfi, kompüter otağı, psixoloq və müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, 2 qarderob və idman zalı yerləşəcək.
    Digər quruculuq obyekti məktəb binasının yaxınlığında olan kənd mərkəzidir. İkimərtəbəli kənd mərkəzində hər iki mərtəbənin dəmir-beton sütunları qaldırılıb, tikinti işləri davam edir. Burada 3 feldşer-mama məntəqəsi otağı, kənd icra nümayəndəliyi, bələdiyyə, kitabxana, Yeni Azərbaycan Partiyasının ərazi ilk təşkilatı, polis və baytarlıq məntəqələri, rabitə evi, arxiv, klub, zal və qazanxana fəaliyyət göstərəcəkdir.

    Kənd camaatının böyük sevincinə səbəb olan daha bir amil isə kənddə xidmət mərkəzinin tikintisidir. Artıq mərkəz üçün binanın dəmir-beton sütunları qaldırılıb, hörgü işləri davam edir. Qeyd edək ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları və 3 anbar kənd əhalisinin xidmətində dayanacaqdır.
    Hər üç obyektin inşası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinə həvalə olunubdur. İnşaat meydançalarına kifayət qədər texnika cəlb edilib. Vahid layihə əsasında inşa edilən obyektlərdə yerli tikinti materiallarından istifadəyə üstünlük verilir. İnşaatçılara normal iş şəraiti yaradılıb, onlar geyim, ayaqqabı və qoruyucu baş örtüyü ilə təmin olunub. Yeni quruculuq obyektləri kəndin simasını dəyişməklə bərabər, sakinlərin rahatlığına da öz təsirini göstərəcək.

Heydər MƏMMƏDOV

Nəşr edilib : 18.07.2022 19:15