AZ EN RU

Şərur rayonunda Yeni Azərbaycan Partiyasının gənc fəalları ilə görüş keçirilib

    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə Şərur rayonunda Yeni Azərbaycan Partiyasının gənc fəalları ilə görüş keçirilib.
    Tədbiri partiyanın Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 6-cı konfransının muxtar respublikamızın ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Qeyd edilib ki, konfransda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin proqram xarakterli məruzəsində partiya üzvləri qarşısında yeni vəzifələr müəyyənləşdirilib. Həmin vəzifələrin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılanılıb.
    Yeni Azərbaycan Partiyasının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, tarixi zərurət nəticəsində yaranan partiya çox qısa müddətdə Azərbaycanda hakimiyyət partiyasına çevrilib və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb. 
    Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib, artıq ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlayıb. Bu baxımdan Ali Məclis Sədrinin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı da qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini müasir tələblərə uyğun olaraq davam etdirir. Bu prosesdə partiyamızın gəncləri də fəal iştirak edirlər.
    Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini deyən Cəbi Quliyev muxtar respublikada gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb. 
     Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının yeni Əsasnaməsinə əsasən Gənclər Birliyinin üzvləri, sədri və sədr müavini təşkilat sədrinin təqdimatı əsasında İdarə Heyətinin qərarı ilə təsdiq edilir. Belə ki, Arzu Qasımov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri, Elvin Əliyev sədrin müavini təyin olunublar. Eyni zamanda 15 nəfər Gənclər Birliyinin üzvü seçilib.
    Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov çıxış edərək bildirib ki, partiyanın siyasi dinamizmini təmin edən amillərdən biri uğurlu gənclər siyasətinin reallaşdırılması, Azərbaycan gəncliyinin Heydər Əliyev ideyalarına və Prezident cənab İlham Əliyevin siyasətinə güclü ictimai dəstək nümayiş etdirməsidir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi də öz fəaliyyətində gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir, gəncliyin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirir. Görülən tədbirlərin nəticəsində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatına da gənclərin müntəzəm və sürətli axını müşahidə olunur. Belə ki, təşkilat üzvlərinin 23594 nəfərini gənclər təşkil edir. Həmin gənclər müxtəlif sahələrdə çalışır və öz fəaliyyətləri ilə daim fərqlənirlər.
    Arzu Qasımov Gənclər Birliyinin yeni formalaşmış heyəti, fəaliyyət istiqamətləri, o cümlədən həyata keçirəcəyi işlər, gənclərin könüllü çalışmaları üçün yaradılan şərait haqqında qarşıya qoyulan məqsədlərdən danışaraq bildirib ki, tapşırıqlara əsasən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi gənclərlə işi və onların sağlam vətəndaş kimi formalaşmasını, ulu öndərin siyasi xəttinə sədaqət ruhunda tərbiyəsini diqqətdə saxlamalı, bu istiqamətdə sistemli və nəticəli tədbirlər həyata keçirilməli, partiya sıralarına yeni üzvlərin qəbulu zamanı sağlam təfəkkürlü, dövlətçiliyə bağlı və vətənpərvər gənclərə üstünlük verilməlidir.
    Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sıralarında olan gənclər arasında əlaqələr daha da təkmilləşdirilərək yüksək səviyyədə qurulmalıdır. Eyni zamanda gənclərimiz öz əhatə dairələrini daha da genişləndirərək partiya fəaliyyətini Yeni Azərbaycan Partiyası üzvü olmayan gənclərədə çatdırmalıdır.
    Arzu Qasımov göstərilən yüksək etimada, gəncliyin inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə Naxçıvan Muxtar Respublikasının gəncləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
    Görüşdə Gənclər Birliyinin üzvü, Ali Məclisin deputatı Günel Vəliyeva, Gənclər Birliyi sədrinin müavini Elvin Əliyev və birliyin üzvü Əziz Qasımovun mövzu ətrafında fikirləri dinlənilib.
    Görüşdə gəncləri maraqlandıran suallar  cavablandırılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 18.02.2022 21:26