AZ EN RU

Şərur rayonunda poeziya axşamı keçirilib

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş poeziya axşamı təşkil edilib. 
Tədbir iştirakçıları əvvəlcə Şərur Rayon Mədəniyyət Sarayının foyesində nümayiş etdirilən naxçıvanlı şair və yazıçıların əsərlərindən ibarət sərgiyə baxıblar. 
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova giriş sözü ilə çıxış edib. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar “Naxçıvan ədəbi mühiti 100” mövzusunda çıxış edərək muxtar respublikanın 100 illiyi ilə bağlı silsilə tədbirlərin keçirildiyini qeyd edib. Bunların içərisində poeziya axşamının digər rayonlarda da təşkil ediləcəyini bildirib. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin keçdiyi yoldan danışıb. 
Sonra naxçıvanlı şairlər Elxan Yurdoğlu, Sürəyya Nəsib, Ümmülbanu Musayeva, Püstə Gülsevən və digərləri çıxış edib, muxtariyyətin 100 illiyinə həsr olunmuş şeirlərini səsləndiriblər. Məktəblilər mövzuya həsr olunmuş şeirlər bədii qiraət ediblər. 
Sonda Şərur Rayon İcra Hakimiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigara 70 illik yubileyi münasibətilə hədiyyə təqdim olunub.

Nəşr edilib : 22.04.2024 17:06