AZ EN RU

Şərur rayonunda da şəhidlərimizin əziz xatirəsinə ehtiram ifadə olunub

Qanlı 20 Yanvar hadisələri zamanı şəhid olan igid eloğullarımız Azərbaycanın tarixinə parlaq səhifələr yazdılar, milli azadlığımız, müstəqilliyimiz üçün yol açdılar. 20 Yanvarın Azərbaycan tarixində xalqın qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti vardır. Məhz bu dönməz, mübariz xalqın birliyi sayəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də düşmənin növbəti cəhdinin qarşısının alınması üçün başlanan əks-hücumda 30 illik Qarabağ, Şuşa həsrətinə son qoyuldu. İgid oğullarımız Vətən müharibəsində “Qarabağ Azərbaycandır!” şüarı ilə qəhrəmanlıq tarixi yazdılar. Ötən il sentyabrın 19-20-də müzəffər Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu. Qazanılan Qələbə illərdir, torpaq həsrəti ilə yaşayan insanların həsrətinə son qoymaqla yanaşı, Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən igidlərimizin ruhunu sevindirdi. İkinci Qarabağ müharibəsində Naxçıvan Muxtar Respublikasının bütün bölgələri ilə yanaşı, Şərur rayonunun da qəhrəman oğulları böyük şücaət və əzmkarlıq göstərərək zəfər salnaməsinin yazılmasında pay sahibi oldular.
Hər il olduğu kimi, bu il də yanvar ayının 20-də Şərur rayonunun İcra Hakimiyyəti, idarə, müəssisə və təşkilatlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri Qanlı Yanvar hadisələri, torpaqlarımızın müdafiəsi və İkinci Qarabağ müharibəsi zamanı canından keçən Vətən övladlarının əziz xatirəsini anmaq üçün Şərur şəhərindəki Şəhidlər xiyabanına gəlib, şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, məzarları önünə tər qərənfillər düzüb, ehtiramlarını bildiriblər. Azərbaycanın Milli qəhrəmanları Məhərrəm Seyidovun Şərur şəhərindəki, Səyavuş Həsənovun Yengicə kəndindəki büstləri, Kərim Kərimovun Qarahəsənli kəndindəki məzarı da ziyarət edilib, önünə gül dəstələri qoyulub. Rayonun kəndlərində bütün şəhid məzarları ziyarət olunub, “Qurani-Kərim”dən ayələr oxunub, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 20.01.2024 14:34