AZ EN RU

Şərur rayonunda 700 hektara yaxın ərazidə kartof tədarük olunur

Naxçıvan Muxtar Respublikasının başlıca tərəvəz təchizatçısı olan Şərur rayonu üzrə cari ildə 696,4 hektar sahədə kartof əkini aparılıb.

Rayon İcra Hakimiyyətindən "Şərq qapısı"na bildirilib ki, hazırda yığım aparılan sahələrdə orta məhsuldarlıq 320 sentner təşkil edir. Təsərrüfatçılar əldə olunan məhsulun bir hissəsini gündəlik olaraq muxtar respublika bazarlarında satışa çıxarırlar. Məhsulun digər hissəsi isə il ərzində Naxçıvanı yerli kartof məhsulu ilə təmin etmək məqsədilə Şərur rayonu ərazisində yerləşən və ümumi tutumu 9030 ton olan 30 soyuducu anbara və digər saxlanclara yerləşdirilir.

Qeyd edək ki, rayon ərazisində məhsul yığımı aparılarkən, əsasən, müasir aqreqatlardan istifadə edilməklə yanaşı, kartofun çeşidlənməsi zamanı insan əməyindən də istifadə olunur. Bu da əhalinin məşğulluğunun təmin edilməsinə müsbət təsir göstərir.

Nəşr edilib : 13.07.2024 17:48