AZ EN RU

Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılmasının 40 illiyi qeyd olunub

    Aprelin 14-də Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illiyi münasibətilə tədbir keçirilmişdir.
    Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirmişdir ki, qədim diyarımızda muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində tarix-mədəniyyət abidələrinin qorunması, onların bərpası və konservasiyası son illər ərzində geniş vüsət almış, tariximizin və mədəniyyətimizin saxlanc yeri olan yeni muzeylər istifadəyə verilmiş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir. 
    Vurğulanmışdır ki, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1978-ci ildə rayon mədəniyyət şöbəsinin nəzdində ictimai əsaslarla təşkil edilmişdir. Ümummilli lider Heydər Əliyevin 1980-ci ildə rayonlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında imzaladığı qərara əsasən muzeyə dövlət statusu verilmiş, 1982-ci il fevral ayının 1-dən etibarən dövlət müəssisəsi kimi fəaliyyətə başlamışdır. Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binası müasir tələblər əsasında tikilərək 2018-ci ilin dekabr ayında istifadəyə verilmişdir. 350 eksponatla fəaliyyətə başlayan bu mədəniyyət müəssisəsinin fondunda hazırda 10 minə yaxın eksponat mühafizə olunmaqdadır. 
    Mədəniyyət naziri muzey işinin qurulması və təşkilinə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.
    Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova “Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi dünən və bu gün” mövzusunda çıxış edərək diqqətə çatdırmışdır ki, muzeylərin maddi-sosial bazasından istifadə etməklə gənclərə milli dəyərlərimizin aşılanması, ictimai-siyasi fəallıqların gücləndirilməsi əhəmiyyətli bir vəzifə kimi qarşıya qoyulur. Tədris və mədəniyyət müəssisələrində gənclərlə işləyərkən tarixin bizə ərməğan etdiyi qızıl xəzinəni düzgün təbliğ etmək isə gələcək cəmiyyətimizi formalaşdırmağa xidmət edir. Bu xəzinəni, milli ənənələrimizi özündə cəmləşdirən tarixi məkanlardan biri də Şərurun 40 illik yubileyini qeyd etdiyimiz bu zəngin mədəniyyət ocağıdır.
    “Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi qədim bölgənin keçmişini yaşadan mühüm saxlanc yeridir” mövzusunda çıxış edən muzeyin direktoru Həcər Əsgərova bildirmişdir ki, buradakı ekspozisiyada 700-ə yaxın eksponat sərgilənir. Muzeydə qədim insan yaşayış məskənlərindən aşkar olunan maddi mədəniyyət nümunələri, bölgənin tarixi, mədəniyyəti ilə bağlı və digər muzey əşyaları mühafizə və nümayiş olunur. Bu gün rayon  sakinlərinin təşəbbüsləri ilə evlərdə olan eksponatlar muzeylərimizə təqdim edilir. 
    Çıxışlardan sonra muzeyin ekspozisiyasına və yeni hədiyyə olunan eksponatların sərgisinə baxış olmuşdur. Məlumat üçün bildirək ki, muzeyə yeni təqdim olunan 50 eksponat qədim məişət əşyaları, arxeoloji materiallar  və dekorativ-tətbiqi sənət  nümunələrindən ibarət olmaqla zəngin tariximizin və milli mədəniyyətimizin tədqiqi və təbliğinə xidmət edəcək.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.04.2022 19:35