AZ EN RU

Şərur məktəbinin məzunu muxtar respublika birincisi olub

    2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 348-i tələbə adını qazanmışdır. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. 
    Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov qeyd edib ki, bu gün muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, təhsilin keyfiyyət göstəriciləri yaxşılaşdırılır, muxtar respublika təhsili özünün uğurlu inkişaf dövrünü yaşayır. Ümumi təhsilin səmərəlilik və effektivliyinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyə olunması üçün müasir təhsil şəraiti yaradılmışdır.
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində 54 tam orta məktəb fəaliyyət göstərir. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayon ərazisində yerləşən ümumtəhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Noyabrın 10-da Şərur rayon Alışar kənd tam orta məktəbi yenidən qurularaq istifadəyə verilib. Hazırda Vərməziyar və Həmzəli kənd tam orta məktəblərində quruculuq işləri aparılır. 
    Qeyd olunub ki, Şərur rayonunun ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti şagirdlərin yaxşı təhsil almasına, buraxılış və qəbul imtahanlarında uğurlu nəticə əldə etməsinə öz müsbət təsirini göstərmişdir. Ötən tədris ili üzrə Şərur rayon ümumtəhsil məktəblərindən 520 şagird məzun olmuşdur ki, onlardan da 490-ı, yaxud 94 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmişdir. Sənəd verənlərin 348-i, yaxud 71 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Ali təhsil almaq hüququ qazananların sayı əvvəlki illərlə müqayisədə 18 nəfər, yaxud 8 faiz, orta ixtisas təhsili müəssisələrinə qəbul olanların sayı isə 40 nəfər, yaxud 74 faiz artmışdır. 2021-2022-ci tədris ilində muxtar respublika üzrə 47 məktəb ali və orta ixtisas təhsil müəssisələrinə qəbulla bağlı 100 faiz nəticə göstərmişdir ki, onlardan da 10-u Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdir. Məzunlardan 33-ü 500-700 arası nəticə göstərmişdir. 2 məzun “Qızıl”, 3 məzun “Gümüş” nişana, 7 məzun isə fərqlənmə attestatına layiq görülmüşdür. 13 şagird 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olmuşdur.
    Şərur rayonunda fəaliyyət göstərən məktəblərdən 23-ü ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda muxtar respublika orta göstəricisindən yüksək nəticə əldə etmişdir. Şərur şəhər 2 nömrəli tam orta məktəbin məzunu olmuş Nərmin Vəliyeva isə 692 bal toplayaraq muxtar respublika birincisi olmuş, Prezident təqaüdünə layiq görülmüşdür.
    Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin pedaqoji kollektivinə təşəkkürünü bildirib. 
    Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Şərur şəhər 2 nömrəli, Xələc, Tənənəm, Ərəbyengicə, Yuxarı Yaycı, Sərxanlı, Qaraburc, Havuş, Həmzəli, Muğancıq-Mehrab, Şahbulaq, Yengicə, Kürkənd, Qarahəsənli, Muğanlı, Tumaslı, Aşağı Daşarx, Cəlilkənd, Gümüşlü, Axaməd, Siyaqut, Çərçiboğan və Qarxunkənd tam orta məktəblərinə diplomlar təqdim edilib. 

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.11.2022 20:15