AZ EN RU

“Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqilliyin ilk illərində yaradılmış istehsal müəssisəsidir

“Sənaye ili” – 2022

    Muxtar respublikamızda gərgin zəhmət hesabına nail olunmuş və bu gün özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş sosial-iqtisadi inkişafda quruluşun tələblərinə uyğun yeni bazar münasibətlərinin formalaşması da uzun bir prosesdən keçib.

    Müstəqillik qazandığımız ilk illərdə ölkəmizdə baş verən bəzi hadisələr muxtar respublikamızda da belə münasibətlərin düzgün formalaşdırılmasına öz mənfi təsirini göstərirdi. Sovet dönəmində mövcud olan istehsal müəssisələrinin dağıdılması bir sıra sahələrdə ciddi durğunluq yaratmış, məşğulluq problemi ifrat həddə çatmış, gündəlik tələbat malları belə, qıta çıxmışdı.
    Elə o vaxtlar yağışdan sonra çıxan göbələklər kimi ən ucqar dağ və sərhəd yaşayış məntəqələrində belə, açılan şəxsi dükanlarda satılan məhsulların qiyməti ilə alıcı cibi tərs mütənasib idi. Düzdür, belə obyektlərin fəaliyyəti uzun sürmədi.         Kənar yerlərdən məhsul gətirilməsi daha böyük çətinliklər yaradırdı. Üstəgəl ki, belə məhsulların keyfiyyəti də xeyli aşağı idi, sanitar-gigiyenik qaydalardan danışmağa dəyməzdi. Bütün bunlar o dövrün real mənzərəsi kimi bu sətirlərin müəllifinin gözləri önündədir.

    ... Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə gəlməsi, sözün həqiqi mənasında, naxçıvanlıların ürəyində bir ümid işığı yaratdı. Qısa müddət ərzində ərzaq təhlükəsizliyinin təmin edilməsi, elə digər sahələrdə də olan ciddi çatışmazlıqların aradan qaldırılması prioritet vəzifəyə çevrildi. Yolları bağlanaraq blokada şəraitində yaşayan bir məmləkətdə həmin işlərin görülməsinin çətinliklərini o dövrü yaşayanlar yaxşı xatırlayırlar...
     – Həmin çətinliklərin aradan qaldırılması üçün ulu öndərin müəyyənləşdirdiyi düzgün iqtisadi siyasət strategiyası öz bəhrələrini verməyə başladı – bu sözləri “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri, elə həmin illərdə sahibkarlıq fəaliyyətinə başlamış, bu sahədə yüksək təcrübə qazanmış Zakir Məmmədov deyir. Onunla həmin illərə ekskurs edir, keçilən yola nəzər salırıq. Müsahibim deyir ki, o dövrdə ulu öndər Heydər Əliyevin məqsədi muxtar respublikanın iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsindən, iqtisadi resursların dövriyyəyə cəlb olunmasından ibarət idi. Bu illər ərzində Naxçıvanın sosial-iqtisadi inkişafına nail olmaq üçün ümummilli lider çox qətiyyətli addımlar atdı, bütün sahələrdə olan mövcud potensial fəal surətdə dövriyyəyə cəlb edildi. Bunun məntiqi nəticəsi olaraq iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanıldı. Əsas hədəflər yeni meyarlara cavab verən müəssisələrin yaradılması, yeni müəssisələrdə tətbiq olunan texnologiyanın əhatə dairəsinin daha da genişləndirilməsindən ibarət idi.
    Zakir Məmmədov hazırda rəhbəri olduğu istehsal müəssisəsinin də o vaxtlar fəaliyyətə başladığını diqqətimizə çatdırır:
    – “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni bina tikilib, ən müasir istehsal avadanlıqları quraşdırılıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən ayrılan kredit və şəxsi vəsait hesabına yaradılan müəssisədə emal bölməsi, istehsal, qablaşdırma, meyvə və bitki cövhərlərinin saxlanılması sahələri, laboratoriya, iş otaqları, hazır məhsul və xammal anbarları vardır. İstehsal prosesi tamamilə avtomatlaşdırılıb. İstifadə olunan avadanlıqlar Türkiyə, Rusiya və İtaliyadan alınıb. Hər biri müasir standartlara cavab verən avadanlıqlar yüksəkkeyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsalına imkan verib.
    Öyrənirik ki, 27 nəfərin məşğulluğunun təmin edildiyi müəssisədə işçilərə gün ərzində bir dəfə yemək verilir. Onlar xüsusi geyim dəstləri ilə təmin olunublar. Bayram və əlamətdar günlərdə mükafatlandırılan işçilərin hər birinə tibbi kartlar açılıb: hər ay onlar tibbi müayinədən keçirilirlər. 
    İstehsal gücü saatda 2 min butulka olan müəssisədə ərik, albalı, qarağat olmaqla, 3 çeşiddə likör, kəklikotu, şaftalı, zirinc və başqa bu kimi xammaldan ibarət 8 çeşiddə xüsusi araqlar, 13 çeşiddə araq istehsal edilir. Məhsul gümüş filtrdən keçirilərək standartlara uyğun süzülür. Müxtəlifölçülü şüşə butulkalarda qablaşdırılan içkilər lazımi laboratoriya analizlərindən keçirildikdən və keyfiyyətinə müvafiq qaydada zəmanət verildikdən sonra satışa buraxılır. 
    “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyəti öz məhsulları ilə Rusiya Federasiyasında, Çin Xalq Respublikasında, Türkiyədə və Bakıda keçirilən beynəlxalq sərgilərdə iştirak edib, mükafatlara layiq görülüb. Gəncə şəhərində keçirilən şərab festivalında fəxri fərmanla mükafatlandırılıb.
    Məhsulun ticarət obyektlərinə daşınması üçün müəssisədə iki avtomobildən istifadə olunur. Qeyd edək ki, “Şərur-3” MMC-nin məhsulları paytaxt Bakıya və ölkənin digər bölgələrinə də göndərilir. 
    Zakir Məmmədov deyir ki, 2015-ci il dekabr ayının 14-də Naxçıvan Muxtar Respublikası Ali         Məclisi Sədrinin istehsal prosesinin ardıcıl texnoloji tələblər əsasında aparılması, keyfiyyətə daim nəzarət edilməsi, daxili bazarın tələbatının ödənilməsi və ixrac imkanlarının yaradılması barədə verdiyi tapşırıqların yerinə yetirilməsi müəssisədə yeni uğurlar qazanılmasına stimul olub.  
    Onun 2022-ci ilin muxtar respublikada “Sənaye ili” elan edilməsi ilə bağlı fikirləri də maraqlıdır:
     – Əbəs yerə demirlər ki, sənaye inkişafın lokomotividir. Buna görə də muxtar respublikamızda sənayenin inkişafı istiqamətində həyata keçirilən tədbirlər hesabına bu gün təkcə paytaxt şəhərimiz Naxçıvanda deyil, muxtar respublikanın ən ucqar yaşayış məntəqələrində belə, müxtəlif istehsal sahələri fəaliyyət göstərir. Bu, daxili bazarda yerli məhsulların xüsusi çəkisinin artmasına öz töhfəsini verməklə, həm də insanların məşğulluq probleminin həllinə müsbət təsirini göstərir, kənar yerlərdən gətirilən məhsulların qarşısını alır və beləliklə də, min manatlarla pul vəsaiti muxtar respublikada qalır. Həmin vəsait yeni sənaye istehsalı sahələrinin yaradılmasına, muxtar respublikanın sosial-iqtisadi inkişafına sərf olunur. Fevral ayının 4-də Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə keçirilən görüşdə də muxtar respublika rəhbəri bildirdi ki, yaşayış məntəqələrində iri ticarət mərkəzlərinin və bazarların fəaliyyət göstərməsi, mövsüm ərzində yarmarkaların təşkili, yerli məhsullara üstünlük verilməsi və istehsaldan birbaşa satışa prinsipinin dəstəklənməsi məhsul istehsalçılarının marağını artırmışdır. Bu, bir həqiqətdir ki, sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına və sosial rifaha birbaşa təsir edir. Muxtar respublikada dövlətin sahibkarlar üçün yaratdığı şərait, görülən işlər və əldə olunan nəticələr bunu bir daha təsdiq edir. Müstəqillik illərində muxtar respublikada özəl sektor üzrə 70 minə yaxın yeni iş yeri açılmışdır. Hazırda diyarımızda məşğul əhalinin 85 faizi özəl sektorda çalışır. Sənayenin uğurlu inkişafı da birbaşa sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Məhz bu səbəbdəndir ki, muxtar respublikada istehsal edilən sənaye məhsulunun 93 faizi özəl bölmənin payına düşür.
    Müəssisə rəhbərinin yeni istehsal sahəsi yaratmaq üçün biznes-plata hazırlamasından xəbərim var idi. Ona görə də bu barədə bir qədər məlumat verməsini xahiş edirəm. Deyir ki, muxtar respublikada və ölkənin digər bölgələrində karton taraya və kağız paketə olan tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə fəaliyyət göstərəcək yeni istehsal sahəsi muxtar respublikada sahibkarlığın inkişafına göstərilən daha bir qayğının ifadəsidir. “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində, Şərur Sənaye Məhəlləsində fəaliyyət göstərəcək müəssisənin günlük istehsal gücü birnövbəli iş rejimi ilə 52 min karton tara, 240 min ədəd kağız paketdir. Sahibkarlığın İnkişafı Fondunun güzəştli krediti ilə Türkiyə Respublikasından avadanlıq və Rusiya Federasiyasından xammal alınacaq. Bu istehsal sahəsinin yaradılmasında məqsəd daxili bazarın qorunması, yeni iş yerlərinin açılmasıdır. İlkin olaraq yeni istehsal sahəsində 6 işçinin çalışması nəzərdə tutulub. Sonrakı mərhələlərdə müəssisənin fəaliyyətinin genişləndirilməsi məqsədilə yerli mütəxəssis potensialından istifadə olunacaq. İstehsal zamanı ekoloji təhlükəsizlik tədbirləri diqqətdə saxlanılacaq. 
    Zakir Məmmədovla söhbətimiz bir daha əminlik yaratdı ki, bu gün muxtar respublika sənayesi hərtərəfli dövlət qayğısı hesabına özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ona görə də “Sənaye ili”ndə daha böyük uğurlar qazanılacağı şəksizdir.

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 20.05.2022 19:25