AZ EN RU

Şərqin qapısından ucalan mötəbər qayıdış sədası...

    35 il bundan öncə, daha dəqiq desək, 1988-ci ildə Qərbi Azərbaycandan, Vedibasardan, Dərələyəzdən deportasiya olunan sonuncu həmyerlilərimizin də üzünə ümid, inam qapısı açan Naxçıvan ötən həftə onların əzəli yurda qayıdışına xeyir-dua qapısı açdı. Bəli, noyabrın 23-24-də haqqın, ədalətin bərpa səsi ucaldı Şərqin qapısından bütün dünyaya. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi siyasi-ictimai əhəmiyyəti, elmi-mədəni çəkisi ilə öz möhürünü vurdu Qayıdış Konsepsiyasının icrası prosesinə...

    “Qərbi Azərbaycana qayıdış” festival-konqresi “qızıl alma”, “Günəş və yollar”, “istiqamət oxları” simvollarını özündə birləşdirən, əzəli yurd yerlərimizin tarixi kimliyindən, azərbaycanlılara məxsusluğundan xəbər verən loqosu ilə buraya təşrif buyuran onlarla ziyalı alimin elə ilk baxışdan diqqətini çəkdi, tədbirə böyük maraq oyatdı. Naxçıvan Dövlət Milli Dram Teatrında “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresinin açılış tədbirində çıxış edənlər faktlarla zəngin əhatəli nitqlərində soydaşlarımıza qarşı həyata keçirilən mənfur deportasiya siyasətinin bütün qaranlıq məqamlarına aydınlıq gətirdilər. Ölkə Prezidenti cənab İlham Əliyevin qərbi azərbaycanlılar məsələsində daim nümayiş etdirdiyi prinsipial mövqe, onların hüquqlarının bərpa olunmasına və öz doğma torpaqlarına qayıtmasına qəti və birmənalı dəstəyi, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrası ilə bağlı tapşırıqları bütün mahiyyəti ilə izah olundu, haqq-ədalətin bərpasının vacibliyi barədə dünya ictimaiyyətinə elmi əsaslara söykənən mesajlar verildi. Dövlət başçımızın “Biz torpağımıza tankla, topla deyil, dinc şəkildə qayıtmaq istəyirik” ideyası festival-konqresin işinin əsas qayəsinə, devizinə çevrilməklə iştirakçı ziyalı və alimlərin məruzələrində, müsahibələrdə diqqətə çəkilən əsas məqamlardan oldu... 
    Festival-konqres çərçivəsində nümayiş olunan bədii kompozisiyalar, folklor nümunələri ən incə məqamlarının dərin mənası ilə yaddaşlarda silinməz izlər buraxdı, unudulmaz nostalji anlar yaşatdı. Xüsusilə Naxçıvan Dövlət Universitetinin Tələbə teatr studiyasının üzvlərinin ifasında “Azərbaycanı sevin” tamaşa-kompozisiyası tədbirin möhtəşəmliyinə bir az da möhtəşəmlik gətirdi. Azərbaycanı vahid dövlət halında birləşdirməyə çalışan xanlıqların buna müyəssər ola bilməməsi və 200-300 ildən sonra Müzəffər Liderin rəhbərliyi ilə ərazi-bütövlüyümüzün, suverenliyimizin bərpası ilə üçrəngli bayrağımızın Qarabağda, Şuşada, Xankəndidə dalğalanmasını bədii formada mükəmməl şəkildə ifadə edən səhnə əsəri bu zəfərin, qələbənin əbədiliyi naminə daim həmrəy olmağı, Azərbaycanı sevməyi ən üstün məziyyət kimi təlqin etdi. Tamaşanın süjet xətti, obrazlar həm də böyük yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin “Anamın kitabı” dramını, əsərdəki Gülbaharın qardaşlarını vahid ölkə, dil, əqidə, amal ətrafında birliyə-bərabərliyə çağırışlarını xatırlatdı. Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələrinin iştirakı ilə Qərbi Azərbaycana məxsus “Qazı-qazı” yallısı, Qərbi Azərbaycan ənənələri əsasında hazırlanan səhnəciklər, eləcə də “Araz” Dövlət Qəbul Evində təqdimatı keçirilən, İrəvan mətbəxinə aid 40 adda yemək, 50-yə yaxın şirniyyat və mürəbbə, 30-a yaxın şərbət, doşab, xoşab, 100-ə yaxın meyvə, quru meyvə və tərəvəz, 50-dən çox müalicəvi bitki, 20 adda qış tədarükü qidası, 13 növdə müxtəlif çay nümunələrindən ibarət Qərbi Azərbaycan kulinariyası festival-konqresin praktiki önəmini artırmaqla hazırlığın ciddiyyətindən xəbər verdi.  
    “Qərbi Azərbaycana qayıdış” festival-konqresin ikinci günü Qərbi Azərbaycan İcmasının üzvlərinin, iştirakçıların Ordubad və Kəngərli rayonlarına səfərləri ilə əlamətdar oldu. Ordubad rayonunun Parağa və Kəngərli rayonunun Çalxanqala kəndlərində deportasiya olunan soydaşlarımızla görüş onlarda tezliklə doğma yurdlarına qayıdacaqlarına dair inam, əminlik hissləri yaratdı. Görüşlərdə sərgilənən Qərbi Azərbaycana məxsus folklor nümunələri, mədəniyyət və mətbəx nümunələri, müxtəlif məişət əşyaları genetik yaddaşın bərpasına xidmət etməklə həm qonaqlara, həm də bütün dünyaya əzəli yurdumuzun tarixindən, mədəniyyətindən söhbət açdı. Bölmə iclaslarında “Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar”, “Qərbi Azərbaycanın mədəni sərvətləri”, “Qərbi Azərbaycan dil faktları və toponimikası”, “Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri” və digər mövzuları əhatə edən məruzələrdə tarixi yerlərin tədqiqi, onların ədəbi, bədii, mədəni, dəyişdirilən adları ilə bağlı məsələlərə toxunuldu, yeni yanaşmalar, tezislər irəli sürüldü. Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində nümayiş olunan “Yada Daşı” və “Nəsil ağacı”  sənədli filmləri Qərbi Azərbaycanın, Zəngəzurun dağıdılmış  tarixi abidələri, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və vətənsiz qalmış soydaşlarımızın acı taleyini gözlər önünə sərməklə hafizələri yenidən təzələdi, qan yaddaşımızı, keçmişimizi, mənəvi irsimizi unutmamağın önəmini aşıladı gənc nəslə...
    Qərbi Azərbaycana qayıdışa həsr olunmuş festival-konqres bədnam qonşularımızın gündəmini silkələdi, soydaşlarımızda isə Vətənə, el-obaya dönüşə inam, ümid qığılcımlarını daha da alovlandırdı. Bu barədə pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov qeyd etdi: “Peşəkarlıqla hazırlanan,  zərgər dəqiqliyi ilə həyata keçirilən bu festival-konqres ermənilərə və havadarlarına ciddi bir mesajın ifadəsi olmaqla yanaşı, həm də doğma yurd-yuvasından didərgin düşən soydaşlarımızın Qərbi Azərbaycana qayıdışına mühüm bir töhfə oldu, millətin sarsılmaz birliyini, 30 il qarabağlı olan  xalqımızın ürəyinin indi Qərbi  Azərbaycanla döyündüyünü təsdiq etdi”. Festival-konqres iştirakçılarından AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin dedikləri: “...konqresin açılış mərasimindən, keçirilən tədbirlərdən sonra biz erməni kütləvi informasiya vasitələrini çox yaxından izlədik və böyük bir narahatçılıq gördük. Bu konqres bu gün erməni mətbuatında, kütləvi informasiya vasitələrində Ermənistandakı Azərbaycanşünaslar tərəfindən çox ciddi şəkildə müzakirə olunur. Bu o deməkdir ki, artıq bu konqres-festival özünün ilkin məqsədlərinə, ilkin hədəflərinə nail olub. Amma ermənilərin atdığı iftiralardan fərqli olaraq bizim məqsədimiz tarixi dədə-baba torpaqlarımıza sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində qayıtmaqdır”. Ümumiyyətlə, iştirakçılar, ziyalı alimlər müsahibələrində festival-konqresin önəmi barədə bir sıra vacib nüanslara toxundular. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Naxçıvanda keçirilən bu möhtəşəm tədbiri Qərbi Azərbaycana Qaydış konsepsiyası yolunda çox mühüm bir addım kimi dəyərləndirdi. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev dedi: “Konqresdə səslənən elmi iddialar, təqdiqatlar, Qərbi Azərbaycanla bağlı hazırlanmış yeni tədqiqat mövzuları bizim ümumi ölkəmizin qayıdış konsepsiyasına uyğun olacaq. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdışdan sonra Qərbi Azərbaycan İcmasıyla görüşü və Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzərində strateji proqram xarakterli çıxışları bizim üçün əsas sənəddir. Bu sənədin işığında ali təhsil müəssisəsi olaraq gələcəkdə elmi-tədqiqat yolu ilə yeni əsərlər, kitablar ərsəyə gətirib, qədim el-obanın sakinlərinin öz doğma torpaqlarına qayıdılmasını elm yolu ilə ədalətlə təmin olunmasını hədəfləyirik”.  Xalq artisti Nurəddin Mehdixanlı isə qeyd etdi: Azərbaycanın hədəfləri, Azərbaycan xalqının hədəfləri burada – Naxçıvanda çox açıq şəkildə ortaya qoyuldu. Hələ Azərbaycanın üçrəngli bayrağının dalğalanacağı çox zirvələr var. Naxçıvanda bu tədbirin baş tutması, əslində, çox ciddi mesajdır. Biz varıq və biz gəlirik, Vətənimizə qayıdırıq”. Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü Abel Məhərrəmov isə əminliklə vurğuladı: “Naxçıvanda keçirilən festival-konqres insanlarda yeni düşüncə, yeni fəaliyyət formalaşdıracaq. Fəaliyyətin nəticəsində isə Qərbi Azərbaycana qayıtmaq arzumuz gerçəkləşəcək”.
    Ümumilikdə, noyabrın 23-24-də ölkəmizdə ilk dəfə Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi dövlət başçısının Qayıdış Konsepsiyasında qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində mühüm addımlardan biri kimi təqvimə qızıl hərflərlə həkk olundu. Şərqin qapısından ucalan mötəbər qayıdış sədalarında ölkə Prezidenti cənab İlham Əliyevin fikirlərinin əminliyi bir daha bəyan olundu: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”. 

Nail ƏSGƏROV

Nəşr edilib : 30.11.2023 17:18