AZ EN RU

"Şərqin qapısı-Naxçıvan kitablarda" adlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar olaraq 16 fevral 2024-cü il tarixdə Şərur Rayon İcra Hakimiyyətinin, Rayon Mədəniyyət İdarəsinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə "Şərqin qapısı-Naxçıvan kitablarda" adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Şərur Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Müşfiq Əsədov, Mədəniyyət İdarəsinin aparıcı məsləhətçi Sabir Cəfərov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Toğrul Abbasov və böyük kitabxanaçı Aysel Əliyeva çıxış edərək bildirmişlər ki, Prezident İlham Əliyev tərəfindən 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir.

Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və şərəfli bir yol qət edib. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb.

Naxçıvanın və onun muxtariyyətinin böyük hamisi, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini böyük iftixar hissi ilə yad edir, ruhu şad olsun-deyirik. Bu gün xalqımızın böyük oğlunun siyasi xəttinin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev Naxçıvanın tarixinə və müasir inkişafı ilə bağlı məsələlərə böyük həssaslıq, əsl dövlətçilik münasibəti göstərmiş və göstərməkdədir”.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dünyanın ən reytinqli təşkilatları həll edə bilmədikləri halda, Prezident İlham Əliyev rəşadətli Milli Ordumuzun gücü ilə cəmi 44 gün ərzində icra etdi. Bu gün 100 illik yubileyinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmuş şəkildə qeyd etməyimiz xüsusi qürurverici və sevindirici haldır.

Sonda “Naxçıvan Muxtar Respublikası 100 il” başlıqlı sərgiyə baxış olub.

Nəşr edilib : 16.02.2024 17:16