AZ EN RU

Şərqin keçid qapısından – Naxçıvandan hər kəsə salamlar!

Gəlin Vətəni neçə əsrlər bundan əvvəl partlayış edərək sönən bir vulkana bənzədək. Bəzi daşları partlamış bir vulkanın qurumuş lavaları təsəvvür etsək, Naxçıvan da bu vulkanın həmin daşıdır. Kökü, tərkibi vulkana aid olan, özü isə vulkandan, yəni Vətəndən ayrı düşən, Şərqin keçid qapısından – Naxçıvandan hər kəsə salamlar! Zamanın mancanağından keçərək qədim daş dövründən, muxtariyyət zamanına qədər neçə minillikləri arxada qoymuş bir diyar! Olduğumuz yerdən üfüqlərə baxsaq, hər tərəfdə dağları görmək mümkündür. Dağdan çox qala desək, daha da düzgün olar. Əmir Teymur tək bir hökmdarın öhdəsindən bir neçə dəfə bu diyarın uca zirvələri gəlib.

Neçə ziyalı, neçə qəhrəman yetişdirən bu diyarda lazım gəldikdə qılıncda Atabəy Eldəniz tək məğrur, qələmdə isə Ordubadi tək səlis idik. Yeri gəldi kövrəldik Hüseyn Cavid tək romantik, İslam Səfərli, Məmməd Araz tək nəğməkar olduq. Yeri gəldikdə at belində Kəlbəli xan olaraq Vətəni qoruduq, yeri gəldikdə isə mətbuatda Mirzə Cəlil olduq. Baxmayın bu şəxsiyyətlər fərqli dövrlərin adamlarıdır. Hər biri eyni diyardan səslənib tarixə. Bu diyarın insanlarına məkan fərq etməz. Bizi bəzən Şuşadakı bir dağa qalxarkən də, hər hansı bir ağacın kölgəsində əldə qələm, dizdə vərəq düşünərkən də görə bilərsiniz. 

Adımızı tarixdə Naxçıvan xanlığı, Naxçıvan Muxtar Diyarı, Naxçıvan MSSR və başqa adlarla da görə bilərsiniz. Yüz il əvvələ qayıtsaq, görərik ki, tarix 1924-cü ilin keşməkeşli bir dövrünü göstərir. Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR adı altında muxtariyyət əldə etməyimizdən 100 il keçir. Ən yaxın tariximiz belə 100 ildirsə, bu Vətənin kökləri qoca bir çinar tək çox dərinlərə enir deməkdir. 

Naxçıvan lavalardan olan bir daşdır. Lakin o daş çoxdandır ki, artıq bir üzük üzərində yerləşən yeddi daş-qaşı, yəni yeddi regionunu öz üzərində birləşdirən yeddi daşdan ibarətdir. Naxçıvanın yaşlısından gəncinə hər bir kəs bu Vətənin bir daş-qaşıdır. Sizsiz nə Vətən, nə də vətəndaş olar. Məncə, bu yüzilliklər və bu təbriklər bizə azdır.

Ey qəhrəman diyarın, qəhrəman övladı, quru Vətəni təbrik etmək boşdur. Biz və sizlər bu Vətəni Vətən etdik. Mən Naxçıvanı yox,  Naxçıvanı Naxçıvan edən sizləri təbrik edirəm!

Rafiq TƏHMƏZOV

Nəşr edilib : 01.02.2024 19:25