AZ EN RU

Şərqi Zəngəzurda ucalan növbəti Böyük Qayıdış sədaları

Böyük Qələbədən sonra Qalib Liderimiz, cənab İlham Əliyev ölkəmizin yürütdüyü siyasi xəttin əsas hədəfləri sırasında Qarabağın, Şərqi Zəngəzurun bərpası, hərbi qüdrətin artırılmasını müəyyən etdi. Ötən qısa zaman kəsiyində regionda Azərbaycanın xeyrinə dəyişən geosiyasi mənzərə, qarşıya qoyulan həmin məqsədlərə heç bir güzəştə gedilmədən nail olunması bir daha göstərdi ki, Prezident cənab İlham Əliyev diplomatiyası, siyasi iradəsi dönməzdir, qətidir, alternativsizdir. Ötən həftə Şərqi Zəngəzurda, Zəngilanda, Cəbrayılda ucalan növbəti Böyük Qayıdış sədaları da bu iradənin, qətiyyətin davamlı təntənəsi kimi yaddaşlara yazıldı...
Mayın 18-də Prezident cənab İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kəndlərinin, Zəngilan rayonunun Mincivan qəsəbəsinin, Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu. Eyni zamanda həmin gün dövlət başçısı və birinci xanım Zəngilan rayonunda “Ağalı” hotelinin, Zəngilan məscidinin açılışında iştirak etdilər, “AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” su elektrik stansiyaları istifadəyə verildi. 
Ötən həftə atılan bu mühüm addımlardan yola çıxaraq Qarabağın, Şərqi Zəngəzurun bərpası barədə danışdıqda təbii olaraq Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icra əhəmiyyətini vurğulamalıyıq. Proqrama əsasən Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunan Böyük Qayıdış prosesləri göründüyü kimi artıq qısa zamanda reallığa çevrilir. Əgər bir neçə il öncə Zəngilanın Ağalı kəndi “Böyük Qayıdış”ın ilk müjdəsi idisə, artıq bu sıraya Füzulinin, Laçının, Şuşanın və digər işğaldan azad olunan yurd yerlərimizin qoşulması proqramın necə dəqiqliklə, müfəssəl hazırlandığını, sürətlə və ardıcıl şəkildə gerçəkləşdiyini göstərir...
Dövlət Proqramında təkcə soydaşlarımızın öz əzəli torpaqlarına, evlərinə qayıdışı nəzərdə tutulmur, eyni zamanda orada firavan yaşayışı, məşğulluğunun təminatı, eləcə də turistik, iqtisadi gəlirlik baxımından həmin yerlərin potensialından maksimum istifadə əsas hədəflər kimi müəyyənləşib. Ötən həftə istifadəyə verilən yeni obyektlər sırasında məxsusən “Ağalı” hotelini, “AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” su elektrik stansiyalarını bu baxımdan diqqətə çəkmək olar.  Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşən “Ağalı” hoteli həm coğrafi mövqeyi, həm də müasir şəraiti ilə istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar yaradacaq. Zəngilanda, Füzulidə tikilən, Laçında isə inşası davam etdirilən Beynəlxalq Hava limanlarının da azad ərazilərimizin turizm potensialının reallaşmasında və turistlərin cəlb olunması nöqteyi-nəzərindən mühüm rolunu vurğulamaq yerinə düşər. Rəqəmsal qaydada məlumatların axınının mərkəzə ötürülməklə yanaşı, məsafədən idarəedilməsinin təmin olunduğu “Zəngilan” və “Şayıflı” SES-lərdə isə “yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq ekoloji cəhətdən təmiz enerji istehsal ediləcək. Bunun üçün mikro SCADA sistemi yığılıb, 25 kilometr məsafədə yüksəkgərginlikli yeni elektrik verilişi xətləri və 24 damarlı optik kabel xətti çəkilib. SES-lərdə il ərzində hər birində 30 milyon kilovat-saat olmaqla, ümumilikdə, 60 milyon kilovat-saat “yaşıl enerji” istehsal ediləcək və bununla da 14 milyon kubmetr qaza qənaət edilməklə yanaşı, atmosferə atılan karbon qazının (CO2) həcmi 28 min ton azalacaq. Yeni stansiyalar Azərbaycanın Şərqi Zəngəzurun “yaşıl enerji zonası”na çevrilməsi prosesində növbəti uğurlu addımı ilə yanaşı, həm də ölkə Prezidentinin məskunlaşma və məşğulluq strategiyasına töhfə kimi böyük dəyərə malikdir...
Zəngilan məscidinin istifadəyə verilməsi mərasimi isə hər bir azərbaycanlını bir neçə il öncəyə, daha dəqiq desək, 44 günlük Vətən müharibəsi dövrünə apardı. Qandonduran həmin mənzərələr yenidən xatirələrdə canlandı. Zəngilan işğaldan azad olunandan sonra rayonda yerləşən tarixi Azərbaycan məscidində İslam dinində haram sayılan heyvanların saxlanması ilə bağlı yayılan videokadrlar və dövlət başçısının Zəngilan rayonuna səfəri zamanı erməni vandalizminin əyani təzahürü, insanlığa yaraşmayan, utancverici mənzərə barədə səsləndirdiyi qətiyyətli fikirlər: “...Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası, səssiz qalma, gəl gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub. Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər? Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün! O cümlədən dünya müsəlmanları görsünlər və müsəlman ölkələrinin xalqları görsünlər...” Bəli, 2021-ci il aprelin 26-dan cəmi 2 il sonra ölkə Prezidentinin də vəd etdiyi kimi, həmin ərazidə azan sədaları ucaldı. İşğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin yanında yeni məscid istifadəyə verildi, ərazisində isə açıq səma altında sərgi yaradıldı. Beləcə, dağıdılmış ibadət yeri 30 ildir, xalqımızın heysiyyatı ilə oynayan, dini-mənəvi dəyərlərini məhv etməyə çalışanlara, erməni vəhşiliyi qarşısında lal sükuta qərq olan, bu vandalizm hərəkətlərini görməzdən gələnlərə tutarlı cavab, fundamental mənbə, muzey rolunu oynayacaq.
Ümumilikdə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində ötən həftə Şərqi Zəngəzurda istifadəyə verilən obyektlər və təməli qoyulan kəndlər əhəmiyyətliliyi ilə qayıdış prosesinin daha sürətləndirilməsinə yol açdı. Zəngilanda, Cəbrayılda tarixi kəndin, qəsəbənin təməlinin qoyulması təkcə bir yaşayış məntəqəsinin bərpası deyil, eyni zamanda tarixi ədalətin, milli-mənəvi dəyərlərin bərpası, yurd yerlərinə qayıdış isə bu dəyərlərə, adət-ənənələrə, insanlığa qayıdışdır. Gün ötdükcə daha da reallaşan bərpa, qayıdış prosesləri hər bir azərbaycanlının qəlbini fəxarət, qürur hissi ilə doldurur. Mayın 10-da Şuşaya ilk köç edən ailələrlə görüş zamanı dövlət başçısının da dediyi kimi: “Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq – ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Bir daha demək istəyirəm, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik”.

Nail ƏSGƏROV

Nəşr edilib : 25.05.2024 17:25