AZ EN RU

“Şərq qapısı”qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı nəşr olunub

    1921-ci ildən günümüzədək məsuliyyətli və əzmkar inkişaf yolu keçmiş “Şərq qapısı” qəzetinin 100 yaşı muxtar respublikada geniş qeyd olunmuşdur.
    Muxtar respublikada həyatın bütün sahələrində müşahidə edilən qayğıdan yerli mətbuat da öz nəsibini almışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamının icrası istiqamətində görülən tədbirlər çərçivəsində  AMEA Naxçıvan Bölməsində muxtar respublikanın ali təhsil müəssisələri, Naxçıvan Mətbuat Şurası və qəzetin redaksiya heyətinin iştirakı ilə “Şərq qapısı” qəzeti və Naxçıvanda mətbuatın inkişafı” mövzusunda elmi konfrans keçirilmiş, bölmənin əməkdaşları ölkə və muxtar respublika mətbuatında qəzetin birəsrlik fəaliyyəti dövründə həyata keçirdiyi səmərəli fəaliyyəti, ictimai fikrin formalaşmasında oynadığı mühüm rolla bağlı müxtəlif mövzulu məqalələr dərc etdirmişlər.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabının “Şərq qapısı” ilə AMEA Naxçıvan Bölməsinin birlikdə nəşrə hazırlanması da bu silsilə tədbirlərin davamıdır.
    Kitabın ilk səhifələrində ümummilli lider Heydər Əliyevin qəzet haqqında fikirləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” Sərəncamı və təsdiq olunmuş “Tədbirlər Planı”nın mətnləri verilmişdir. Ulu öndərin: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb” dəyərli fikri 100 yaşlı söz məbədinin daşıdığı tarixi missiyadan, gənc nəslin vətənpərvər ruhda tərbiyəsindəki mühüm rolundan xəbər verir. Məramına daim sadiq qalan “Şərq qapısı” bu şərəfli missiyanı hələ sovet dönəmindən məsuliyyətlə yerinə yetirmiş, göstərilən təzyiqlərə baxmayaraq, uğurla fəaliyyətinə davam etmişdir.
    AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin kitaba yazdığı “Ön söz” qəzetin daşıdığı tarixi önəmi daha dərindən dərk etməyə imkan verir. Burada Naxçıvan mətbuatının, maarifçilərin fəaliyyətinə nəzər salınmış, qəzetin 100 illik fəaliyyəti əhatəli şərh olunmuşdur. Vurğulanır ki, Qanlı Yanvar faciəsinə etiraz əlaməti olaraq Naxçıvanın SSRİ-nin tərkibindən çıxması ilə bağlı tarixi qərarın “Şərq qapısı”nda dərc olunması, onun 8 nömrəsinin “Birlik və demokratiya uğrunda!” şüarı ilə müstəqil qəzet kimi çap olunması bu mətbu orqanın hələ sovet dövründə ölkə mətbuatında yerinə yetirdiyi tarixi missiyasının bir hissəsi və əsl vətənpərvərlik nümunəsidir.
    Yeni kitab AMEA Naxçıvan Bölməsinin və “Şərq qapısı” qəzeti redaksiyası əməkdaşlarının qəzetin 100 illik fəaliyyəti, bu mətbu orqanda tariximiz, milli ordu quruculuğu, tarix-mədəniyyət abidələri haqqında, ana dili məsələlərinin, Naxçıvan ədəbi mühiti, folklor, xalq sənətinin təbliğinin, media siyasətinin, mədəniyyət, elm və təhsil sahələrində baş verən yeniliklərin, eləcə də muxtar respublikanın sosial-iqtisadi inkişafının əksi məsələləri ilə bağlı araşdırmalarının yer aldığı dəyərli mənbədir. Burada “Şərq qapısı”nın Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına verdiyi töhfələrdən, muxtar respublikada jurnalistikanın inkişafındakı, cəmiyyətin informasiyaya olan tələbatının dolğun ödənilməsindəki mühüm rolundan bəhs edən məqalələr toplanıb. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən 416 səhifəlik kitab muxtar respublikanın keçdiyi tarixi inkişaf yolunun öyrənilməsi, mətbuat tariximizin araşdırılması baxımından olduqca mühüm elmi əhəmiyyətə malikdir.
    Kitabda yer alan məqalələrin hər biri qəzetin ölkə mətbuatındakı mühüm funksiyasını öyrənməklə yanaşı, müxtəlif illərdə dərc olunmuş nömrələrinin tədqiqi və təhlili baxımından da əhəmiyyətlidir. “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı dəyərli elmi-tədqiqat nəşri olmaqla yanaşı, həm də qəzetin 100 illik yubileyinə qiymətli töhfədir.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 27.01.2022 19:57