AZ EN RU

“Şərq qapısı”ndan mətbuata boylanan esse

    “Şərq qapısı” dövlət siyasəti ilə, milli-mənəvi dəyərləri özündə əxz edən, Cənubi Azərbaycan məsələlərini daim bağrına basan, Türkiyə mətbuatına isti nəfəs olan, elm adamlarımıza güzgü, şəhidlərimizə and yeri,  qazilərimizə açıq qapı, ictimaiyyətə körpü, qələm əhlinə tablo olan bir əsrdən çox yaşı olan nəhəng mətbuat orqanıdır. İstər şifahi xalq ədəbiyyatının, istərsə də yazılı ədəbiyyatın, ədəbi əlaqələrin, tədqiqini, publisistikasını özündə ehtiva edən “Şərq qapısı”, Nuhun diyarında öz şanlı tarixi ilə fəxr edir.

    Bu qəzet ona görə öz şanlı tarixi ilə fəxr edir ki, Ümummilli Lider Heydər Əliyevin xalq üçün, millət üçün, Vətən üçün apardığı mübarizədə planladığı mühüm tədbirlər, etdiyi mütəvazi çıxışlar məhz bu qəzetin səhifələrindən Azərbaycan xalqına çatdırılmışdır. “Mətbuat cəmiyyətin güzgüsüdür”, – deyən Ulu Öndərin jurnalistlərdən əsas tələbi o idi ki, heç vaxt, heç bir ləkə bu güzgünün təmizliyinə, saflığına ləkə gətirməsin. Ulu Öndər deyirdi: “Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir”. 
    22 iyul 1990-cı ildə ilk tarixi çıxışını Naxçıvan şəhərinin Azadlıq meydanında böyük izdiham qarşısında edən Ümummilli Lider Heydər Əliyev daha sonra “Şərq qapısı” qəzetinin müxbirinə verdiyi müsahibədə – “Daha susa bilməzdim...” adlı həmin yazıda qəzetə olan fikrini belə açıqlamışdı: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”. 
    Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasını təsis etməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təsis edilməsi, Medianın İnkişafı Agentliyinin yaradılması “Əməkdar jurnalist” adının bərpa olunması, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, peşəkar jurnalistlərin Prezident təqaüdünə layiq görülməsi, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün atdığı addımlar mətbuatın inkişafına xidmət edən siyasətin uğurlu davamıdır.
    Azərbaycan Respublikası Prezidentinin verdiyi bütün fərman və sərəncamların, publisistik məqalələrin dərcinin, dövlət və özəl sektor tərəfindən həyata keçirilən tədbirlərin işıqlandırılmasında “Şərq qapısı” qəzeti mühüm əhəmiyyətə malikdir.
    Vaxtilə milli dəyərlər yaradanlar indi xalqın, millətin milli dəyərinə çevrilib. “Şərq qapısı”nı xatırlayarkən səni də unutmadıq Azərbaycan milli mətbuatının ilk qaranquşu olan “Əkinçi”nin təsisçisi, Azərbaycan ziyalılarının böyük ordusunu görmək sevincini yaşamağa nail olmuş, dili söz, əli qələm tutmayan anlarında belə millətin maariflənməsi işini öz şəxsi həyatından üstün tutan Həsən bəy Zərdabi! Zaman keçdikcə belə böyük şəxsiyyətlərin əzəməti daha aydın görünür, qəlbimizin incə bağlarında qırılmaz, sınmaz qalaraq ovuc içimizdə duaya dönüşür. 
    Mətn müqəddəsdir, mətn and yerimizdir, mətn ruhumuzun dərinliklərindən süzülüb gələn məhrəm hisslərimizdir.  Mən də ruhumun dərinliklərindən süzülüb gələn mətnlərimi əbədi, sınmaz, qırılmaz etmək üçün qələmimin əlindən tutaraq üz tutdum hər tezdən ilk alıb sevgiylə oxuduğum “Şərq qapısı” qəzetinə. Artıq qərar verdim ki, mən bu mətbuat orqanında jurnalist kimi çalışmaq istəyirəm. Çalışma səbəblərimdən ən başlıcası isə o idi ki, baş redaktoru tələbə dönəmindən tanıyırdım. Kitabxanadan, mətbuatdan, televiziyadan, Naxçıvan Dövlət Universitetində eyni amala xidmət etdiyimiz müəllimlik peşəsindən... Və budur,  nə bilmək olardı ki, illər keçəcək, məhz qəzetdə qələm yoldaşı olacağıq. Qələm yoldaşı, söz sirdaşı olaraq ürəkdən gələn sözün ürəyə xoş gələcəyini götür-qoy edərək bir də baxıram ki, 100 yaşını haqlamış “Şərq qapısı” qəzetinin astanasındayam. Hələ içəri daxil olmamış çox ağır bir yük zehnimdən sallanır, fikrimi bir irəli, bir geriyə aparır. Zərdabinin sipər olduğu yola davamçı olmaq, Mirzə Cəlilə silahdaş olmaq, Cavidə yeni fikir, Müşfiqə yeni səs olmağın ağır məsuliyyət olduğunu düşünür, içimdəki ziddiyyətlə can çəkişərək qədəm qoyduğum bu yolda qələmə pənah aparıram. Pillələrlə yuxarı qalxarkən dəhlizdə, iş otaqlarında və şöbələrdə əməkdaşlar deyə-gülə öz işləri ilə məşğuldurlar. Qapıda xoş nəvazişlə qarşılanıb otağa dəvət olunuram. Düşünürəm ki, illərin münasibəti və baş redaktorun səmimiyyətidir. “Şərq qapısı” qəzetinin son illərdə, xüsusilə də cari ildə bir-birindən rəngarəng, maraqlı yazıları ilə müstəsna uğur qazanması təkcə baş redaktorun deyil,  ömrü qaçhaqaçlarda keçən jurnalistlərin, yazıları hərf-hərf oxuyan korrektorların, redaktorların, tərtibatçıların, eləcə də mətbəə işçilərinin uğurudur. Mən də istədim bu şərəfli yola uğur olum, yol alım, qələm yoldaşlarımdan geri qalmayım. 22 iyul – Mətbuat Günündə Həsən bəy Zərdabiyə sipər olan, çıraq olan, ürəyi qələm tutan bütün mətbuat işçilərini ürəkdən təbrik edirəm.

Fariz Əhmədov

Nəşr edilib : 21.07.2023 21:19