AZ EN RU

“Şərq qapısı” qəzetinin əməkdaşları Füzuli-Cəbrayıl-Zəngilan marşrutu üzrə səfər çərçivəsində Horadiz-Ağbənd dəmir yolu xəttində aparılan tikintisi işləri ilə tanış olublar

Zəngəzur dəhlizi istiqamətində dəmir yolu xəttinin tikintisi ilə bağlı görülən işlərin işıqlandırılması, yerindən xüsusi reportajların hazırlanmasına şərait yaradılması üçün fevralın 20-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xətti ilə Füzuli-Cəbrayıl-Zəngilan marşrutu üzrə səfər təşkil olunub. Səfərdə “Şərq qapısı” qəzetinin şöbə müdiri Səbuhi Həsənov və foto-müxbir Əsədulla Səfərov da iştirak edir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən əməkdaşlarımıza verilən məlumata görə  Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə ölkə Prezidentinin 2021-ci il 13 mart tarixli Sərəncamına əsasən başlanılıb. Dəmir yolu xətti tək xətlidir və ox üzrə uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə 140,6 kilometrdir. Layihə üzrə 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 469 ədəd mühəndis qurğusu, (41 ədəd körpü, 22 ədəd avtomobil keçidi, 3 ədəd tunel, 2 ədəd qalereya, 4 ədəd heyvan keçidi, 253 ədəd suötürücü boru və 144 ədəd ehtiyat keçidi), 70 ədəd yoldəyişən, 110.4 kilometr rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub. Ox üzrə uzunluğu 110,4 kilometr olan dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə minatəmizləmə işləri davam edir.

Məlumatda qeyd olunur ki, tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilir.

Nail ƏSGƏROV

Nəşr edilib : 20.02.2023 16:35