AZ EN RU

“Şərq qapısı” qəzetinin əməkdaşları Cəbrayıl və Zəngilanda olublar

Zəngilanda Oxçuçay üzərində quraşdırılmış avtomat hidroloji və radioekoloji stansiyalarla tanışlıq, Cəbrayıl şəhəri yaxınlığında “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq meşəsi” kompleksinin inşa edildiyi ərazidə görülən işlərin işıqlandırılması, yerindən xüsusi reportajların hazırlanmasına şərait yaradılması üçün fevralın 22-də Cəbrayıl və Zəngilana səfər təşkil edilib. Səfərdə “Şərq qapısı” qəzetinin şöbə müdiri Səbuhi Həsənov və foto-müxbir Əsədulla Səfərov da iştirak edir.

Əməkdaşlarımızla əlaqə saxladığımız zaman məlumat verdilər ki, Oxçuçayın Zəngilan rayonunun Şayıflı kəndi ərazisindən axan hissəsində avtomat hidroloji və radioekoloji stansiyalar quraşdırılıb və hazırda həmin stansiyalardan çayın su sərfi, suyun səviyyəsi, temperaturu, çirkləndiricilərin ümumi təyini (bulanıqlıq, duzluluq, pH), eləcə də radiasiya fonu üzrə məlumatlar hər 10 dəqiqədən bir mərkəzi serverə ötürülərək təhlil olunur. Həmçinin Zəngilan rayonunda inşa edilən “Ağıllı kənd” ərazisində quraşdırılan avtomat aqrometeoroji stansiya havanın rütubətini və temperaturunu, küləyin surətini, torpağın temperaturunu və rütubətini təyin edərək mərkəzi serverə ötürür.

Məlumatda qeyd olunur ki, Cəbrayıl şəhəri yaxınlığında “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” kompleksinin yaradılması və “Dostluq meşəsi”nin salınması layihəsinin icrasına uyğun olaraq 73 hektar “Dostluq meşəsi” və ona bitişik olan ərazidə 63 mindən çox yerli və Türkiyədən gətirilmiş ağac cinslərindən (çinar, eldar şamı, göyrüş, qızılı şam, dağdağan, yalançı akasiya, kipr akasiyası, fıstıq şamı) istifadə olunmaqla əkin işləri aparılıb.

“Dostluq meşəsi” layihəsi çərçivəsində ərazidə 150-yə yaxın ağac əkilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 22.02.2023 12:19