AZ EN RU

“Şərq qapısı” qəzetində daha bir yenilik

Məlumat üçün diqqətə çatdıraq ki, avqustun 25-dən etibarən “Şərq qapısı” qəzeti oxucuları qəzetə yerləşdirilən QR kodu vasitəsilə operativ informasiya ala biləcəklər. Belə ki, qəzetin dördüncü səhifəsində, ən aşağı hissədə, elan lövhəsinin altında yerləşən koda qoşulmaqla həm qəzetin PDF sürətini mütaliə edə biləcək, həm də nəşr edilən məqalələrdən, xəbərlərdən məlumatlı olacaqlar. Bəs QR kodu nədir ? Üstünlükləri nədən ibarətdir? QR kod (quick response - çevik cavab) - iki ölçülü ştrixkod növüdür. Bu ştrixkod daxilində simvollardan (rəqəm və xüsusi simvollar) ibarət olan müxtəlif məlumat şifrələnir. QR kodlarına məhsullarda, kassa çeklərində, internet səhifələrində, bukletlərdə, reklam məlumatlarında, vizit kartlarında, qəzetlərdə, hətta jurnal və büroşuralarda rast gəlmək olar. Bu kod vasitəsilə məlumatları şifrələnmiş halda yerləşdirmək olur. QR kod ilk dəfə 1994-cü ildə Yaponiyanın "Denso-Wave" şirkəti tərəfindən yaradılıb.

QR kodunun üstünlükləri ondan ibarətdir ki, bu kod ənənəvi ştrix kodlardan fərqli olaraq məlumat bazasına girişi deyil, məlumatın özünü təqdim edir. Adi ştrix-kodlar şaquli istiqamətdə təsvir edilir. Ağ-qara, kvadrat formalı QR kod isə tək şaquli istiqamətdə deyil, üfuqi vəziyyətdə də oxunur və ştrix-kodları daha peşəkarlıqla əvəz edir. Bunun üçün mobil telefonunuzu QR koda yaxınlaşdırmaq kifayətdir. İnanırıq ki, bu yenilik qəzetimizin çoxkontengentli oxucularına operativ məlumat almaq, gündəlik qəzetin PDF versiyası ilə tanış olmaq baxımından əlçatan imkanlar açacaq. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 25.08.2023 12:11